Şəmkir su anbarında nə baş verir? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Şəmkir su anbarında nə baş verir? – RƏSMİ AÇIQLAMA

158958

Ötən həftə Şəmkir su anbarında suyun səviyyəsinin aşağı düşməsi və biomüxtəlifliyinin məhv olması ilə bağlı məlumatlar yayılıb. Eyni zamanda, qeyd olunub ki, əvvəllər su anbarında 20 növ balıq növü yaşadığı halda, hazırda su anbarındakı balıq növlərinin sayı 17-dək azalıb.  

Səbəb nədir?

Həvəskar balıqçılar və yerli əhali bildirir ki, problemin əsas səbəbi balıqların nəzarətsiz şəkildə və qadağan olunmuş üsullarla ovlanmasıdır. Bundan başqa, anbarın suyunun suvarma məqsədilə daşaraq ətrafa yayılması da balıqların su ilə axıb getməsinə və tələf olmasına səbəb olur.

Şəmkir su anbarındakı vəziyyətə aydınlıq gətirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov Bizim.Media-nın suallarını cavablandırıb.

O, nazirliyin Hidrometeorologiya Xidmətinin həmin ərazidə mütəmadi monitorinqlər apardığını diqqətə çatdırıb.

İctimai Şura sədrinin sözlərinə görə, Xidmətin əməkdaşları ayda bir dəfə Kür çayının Azərbaycana daxil olan hissəsindən başlayaraq, Neftçalaya, Araz çayına tökülən hissəsinə qədər monitorinqlər həyata keçirirlər: 

“Sonuncu dəfə 2022-ci ildə Nazir Muxtar Babayevin tapşırığı əsasında Xidmətin rəis müavini Rafiq Verdiyev bütün işçiləri ilə birlikdə su anbarında yoxlama aparıb. Yoxlama nəticəsində bəzi sakinlər tərəfindən su anbarının qanunsuz su borularının quraşdırıldığı aşkar olunmuş və onlara qarşı müvafiq tədbirlər görülmüşdü. 

İndi isə camaat hay-küy qaldırır ki, Kürün və su anbarının səviyyəsi aşağı düşür. Bunu ölçmək üçün həm təcrübə, həm də xüsusi avadanlıqlar və resurslar tələb olunur. Sadə kənd sakinin suyun səviyyəsi ilə bağlı hansısa fikir səsləndirməsi qeyri-ciddi görünür”. 

Qeyd edək ki, Şəmkir su anbarındakı 20-dən çox balıq növlərinin sayının brakonyerlərin fəaliyyəti nəticəsində azaldığı və sayının 17-yə çatdığı iddia olunur... 

Bunu təkzib etməyən müsahibimiz bildirdi ki, əvvəllər burada bir və ya iki balıqçı qayığı olub:

“Bununla bağlı əhali tərəfindən fotolar çəkilərək bizə təqdim edilib. Ancaq elektrik xətləri vasitəsilə enerjinin suya ötürülərək balıqların öldürülməsi, sonra torlarla kütləvi ovlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Çünki belə fakt yoxdur. Amma bioresursların tükənməsi ilə bağlı bu cür məlumatları yaymaq nə qədər doğru ola bilər?” 

Balıq növlərinin azalması ilə bağlı yayılan məlumatlara gəlincə, müsahibimiz bu variantı istisna etməyib:

“Ov mövsümlərində balıq növlərində azalma ola bilər. Hətta brokonyerlərin fəallaşması da mümkündür. Ancaq faktlar aşkarlananda, Biomüxtəliflik Departamenti də bunu rəsmi təsdiq edir. Hər il balıq resursları ilə bağlı moratorium tətbiq edilir və biomüxtəliflik tənzimlənir. İyul ayının ortalarına qədər kürütökmə və miqrasiya proseslərinə görə balıq ovu qadağandır. Hətta həvəskar balıqçılara da icazə verilmir”. 

Nazirlik rəsmisi, qanunsuz ov edənlərə qarşı Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən mübarizə aparıldığını bildirib:

“Hazırda ov müvsümüdür və bütün ovçulara ciddi nəzarət tətbiq olunur. Bu baxımdan da biomüxtəlifliyin tükənməsi ilə bağlı bu cür məlumat yaymaq məsuliyyətsizlikdir. Bunu dərk etmək lazımdır”.

A.Məmmədov su anbarının ətrafına zibil tullantılarının atılması iddialarına da münasibət bildirib:

“Kimsə gəlib orda yeyib-içib, sonra da zibilləri atıb. Belə neqativ hallar Xəzər dənizinin sahilində də çox müşahidə olunur. Su anbarına gedən yolların bərbad olmasına gəlincə, təkcə ora deyil, ümumilikdə rayon mərkəzindən başqa bütün yollarda eyni vəziyyət mövcuddur”.

Bəs Şəmkir su anbarı kimi strateji məntəqənin ətrafında əhalinin dincəlməsi və yeyib-içməsi nə dərəcədə doğrudur? Buna kim icazə verir? 

Sualımıza cavab olaraq müsahibimiz bu cür halların doğru olmadığını təsdiq edib:

“Çünki, belə məntəqələrin ətrafında mühafizə zolaqları olur. Buna görə sadə insanların ora daxil olması düzgün deyil. Ola bilsin ki, onun ətrafında iaşə obyektləri olsun və onların müştəriləri gələ bilər. Ancaq onlara da ETSN-nin müfaviq qurumları tərəfindən nəzarət edilir”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin