Bakıda övladından imtina edən qadın rəfiqəsi ilə birgə polis əməkdaşları tərəfindən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına gətirilib.
Bu barədə Bizim.Media-ya Birliyin rəhbəri Mehriban Zeynalova bildirib.
Onun sözlərinə görə, qadın övladını sığınacağa təhvil verərək rəfiqəsi ilə gedib:
“Ötən gün gecə saatlarında polis əməkdaşları bir qadın və azyaşlı körpəsini sığınacağımıza gətirdilər. Qadın övladından imtina etmək istədiyini bildirdi. Əməkdaşlarımız qadınla xeyli söhbət apararaq özünün də sığınacaqda qalmasını təklif etdilər, amma qətiyyən razı olmadı.
Qadının yanında başqa bir xanım da var idi. Xanım onu küçədə tapdığını və ona kömək etmək üçün sığınacağa gətirdiyini bildirdi. İsrarlarımıza baxmayaraq qadın və rəfiqəsi uşağı sığınacağa qoyaraq getdilər. Bu gün qadın sığınacağa gəldi və yanında olan rəfiqəsinin onu övladını atmağına məcbur etdiyini eləcə də müəyyən təkliflər etdiyini bildirdi. O bu təkliflərə razı olmadığını bildirdikdə isə bıçaqla ona hücum çəkdiyini söylədi. Hazırda qadın və övladı sığınacaqdadır”.
Mehriban Zeynalovanın sözlərinə görə, hadisənin araşdırılması üçün Daxili İşlər Nazirliyinə, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilib.
Alçina Amilqızı, Bizim.Media