Keçmişi öyrədən, gələcəyi qurandır -  Müəllim 

Hazırda oxunan: Keçmişi öyrədən, gələcəyi qurandır -  Müəllim 

158422

Valideynlərdən sonra hər birimizin ikinci ən böyük ustadı, yol göstərəni, bəzən də kumiri sayılır- O İnsanlar.  

Bizim.Media-nın yerli bürosu bu müqəddəs yolu seçən gənc müəllim haqda söhbət açacaq. Müəllim ailəsində göz açan, nənəsinin adını daşıyan gənc Rahilə Əhmədlinin bir gününü sizinlə bölüşəcəyik.  

Su aydınlıqdı. 

Su aydınlıq, su paklıq, su təmizlikdi. Rahilə müəllimə də adını verdiyi nəvəsini ilk dəfə dərsə gedəndə, tələbə olduğu illərdə eləcə də müəllim kimi işə başladığı gündən hər səhər beləcə arxasınca su ataraq yola salır. Fürsətdən yararlanıb ailə ilə tanış oluruq. Rahilə müəllimə Qaxın İbaxlı kəndinə təyinatla gəlib və burada müəlimlə ailə həyatı qurub.

Övladları da müəllimdi. Oğluna ömür-gün yoldaşı, özünə də gəlin seçərkən kənara çıxmayıb və elə müəllim alıb. Söhbət əsnasında Rahilə müəllimənin bir fikri diqqətimizi cəlb edir. O, evində böyüyən uşaqlara heç də nəvə kimi deyil daha çox gələcəyin vətəndaşı, vətəninə, xalqına yararalı ola biləcək bir insan kimi tərbiyə verib.

Uzaq yol bu peşəyə marağı heç də azaltmır. 

Gənc müəllimə Rahilə Əhmədliyə gəldikdə, o, həftədə bir neçə dəfə doğulduğu İbaxlı kəndindən Qıpçaq kəndinə dil-ədəbiyyatdan dərs deməyə gedir. Yolun üzərində marşrut xəttinin olmaması bir qədər çətinlik yaratsa da Rəhilə xanım öz müəllimlik peşəsini qəlbən sevdiyindən qəti usanmır. Bu gün də onun dərs saatı səhər tezdən başlayır. 

Şəhid Ziyad Mehdiyev adına Qıpçaq kənd tam orta məktəbin direktoru Nadir Ziyadlı onu həyətdə qarşılayır və bir neçə məsləhət verəndən sonra vaxt itirmədən onu dərsə yola salır.
Əlbəttə ki, təcrübə və müəllim ailəsində böyüməsi gənc müəllimin püxtələşməsində mühüm rol oynayıb. Bir ay keçməsinə baxmayaraq Rahilə müəllimə şagirdlərlə eləcə də müəllim kollektivi ilə yaxından ünsiyyət yarada bilib. Xüsusən ona həvalə edilən siniflərdə artıq şagirdlər xeyli fəallaşıb. Rahilə müəlimə deyir ki, şagirdləri ilə tək müəllim kimi deyil həm də yaxın dost kimi davranır, onların qayğıları ilə yaxından maraqlanır, dərslərə daha dərindən bağlanmaları üçün onlayn görüşlər keçirir. 

Ənənələri olan təhsil ocağı.  

Məktəbin direktoru Nadir müəllim deyir ki, kollektivin yarıdan çoxu gənc ya da orta nəslin nümayəndəsi sayılır. Onlarla gün ərzində bir neçə dəfə bir araya gəlir və hər sinfin qayğıları haqda ayrıca söhbət edirlər.

Məktəbdən ayrılarkən onu da öyrənirik ki, gənc müəlimə Rahilə Əhmədlinin təklifi ilə məktəb direktorluğu gələcəkdə yaşlı nəslin nümyəndələri, tanınmış ziyalılarla şagirdlərin görüşlərinin keçirilməsi layihəsi üzərində iş aparır.  














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin