Gəncədə Vətən müharibəsi zamanı şəhid olan mülki vətəndaşların xatirəsi anılıb - FOTO 

Hazırda oxunan: Gəncədə Vətən müharibəsi zamanı şəhid olan mülki vətəndaşların xatirəsi anılıb - FOTO 

158354

Bu gün Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri, QMİ-nin Qazılar Şurasının üzvü, ADAU-nun rektoru, Aparatın məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət ediblər.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, anım mərasimində Gəncə şəhərində səfərdə olan Azərbaycan Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.  

Əvvəlcə mərasim iştirakçıları Gəncə şəhərinə edilən raket hücumları nəticəsində şəhid olan mülki vətəndaşların adlarının əks olunduğu lövhənin önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna dərin ehtiramlarını ifadə ediblər.  

Onlara məlumat verilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində günün müxtəlif saatlarında “Toçka U”, “Smerç”, “Qrad” və digər raketlərdən atəşə tutulub.

Endirilmiş raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, 142 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirib, şəhərin 3900-dən çox yaşayış və qeyri-yaşayış sahələrinə, həmçinin 100-ə yaxın nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib. 

Bildirilib ki, Ermənistanın hərbi cinayətləri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən verilən tapşırıqlara əsasən Gəncə Memorial Kompleksi yaradılacaqdır.
Ələkbər Rəfibəyli küçəsində inşası nəzərdə tutulan Memorial Kompleksin təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2022-ci il tarixində Gəncə şəhərinə səfəri zamanı qoyulmuşdur.  

Daha sonra din xadimi tərəfindən Vətən müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirən mülki şəhidlərin ruhlarına dualar oxunub.

Sonda Vətən müharibəsi zamanı qətlə yetirilən mülki şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq, raket hücumları zamanı dağılan ərazi ziyarət olunub, ətrafına tər çiçəklər düzülüb. 














Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin