Nəqliyyat “qoçular”ı hələ də meydan sulayır - BNA yanında İctimai Şura niyə yaradılıb?

Hazırda oxunan: Nəqliyyat “qoçular”ı hələ də meydan sulayır - BNA yanında İctimai Şura niyə yaradılıb?

15827

Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayətlərin ardı-arası kəsilmir. 6 ildir fəaliyyət göstərən qurum nəqliyyat sistemində hələ də səliqə-səhman, qayda-qanun yarada bilməyib.

İctimai nəqliyyatın inteval problemi, tıxac səbəbindən mənzilbaşına vaxtında çatmamaları, yararlılıq müddəti bitmiş avtobusların hələ də xəttə buraxılması, bəzi Bakıətrafı qəsəbələrə 1 saatdan bir marşurut işləməsi, həftəsonları işləməyən avtobus zolaqlarına daxil olan zaman cərimə tətbiq olunması, parklanma və s. kimi məsələlər hələ də həll olunmamış qalır.

İllər keçdikcə səlahiyyətləri artırılan Bakı Nəqliyyat Agentliyi nəinki sadalanan problemləri yoluna qoya bilir, üstəlik yarıtmaz fəaliyyəti ilə dillərdə dastan olub.
 

MÖVZU İLƏ BAĞLI:

Bu il Bakıya 320 yeni avtobus gətiriləcək Edit


Paytaxtın nəqliyyat sisteminin tənzimlənməsi və effektliyini artırmasından başqa vəzifələrə sahib olan qurum hələ də öhdəliklərini anlamazlıqdan gəlir.

Reallıq odur ki, Bakı Nəqliyyat Agentliyi illərdir yaratdığı əngəllərin öhdəsindən gələ bilmədiyi üçün bir ay əvvəl İctimai Şura yaratdı.

Nəqliyyat sahəsindəki neqativləri aradan qaldırmaq məqsədilə yaradılan İctimai Şuradan gözləntilər böyük olsa da, bu orqan da fəaliyyətinin ilk uğursuz işartılarını göstərməkdədir.

Təkcə avtobus zolağı ilə bağlı neqativləri gündəmə gətirmək kifayətdir ki, İctimai Şura bu problemi yoluna qoymaqda aciz qaldı.

İctimai Şura üzvü Elməddin Muradlının bu günlərdə Bizim.Media-ya verdiyi açıqlamaya görə Bakı Nəqliyyat Agentliyinə və Baş Dövlət Yol Polis İdarəsinə həftəsonları avtobus zolağına minik avtomobillərinin daxil olması üçün müraciət etsələr də, sözügedən qurumlardan səs-soraq belə çıxmadı.

Elməddin Muradlının dediyinə görə istirahət günlərində onsuz da boş olan avtobus zolaqlarına daxil olan minik avtomobillərinin cərimələnməsi məqsədəuyğun deyil və bu problem yoluna qoyulmalıdır. Təssüf ki, İctimai Şura üzvünün bu təklifi və müraciəti cavabsız qalmaqla yanaşı, müzakirə belə edilmədən gündəlikdən çıxdı.

Qeyd edək ki, İctimai Şuranın tərkibində yer alan 9 nəfər  nəqliyyat üzrə ekspert, Qeyri Hökumət Təşkilat (QHT), eləcə də ictimaiyyət nümayəndələri nəqliyyat sahəsindəki neqativləri yoluna qoymaq, bu sahədəki nəzarəti gücləndirmək rolunu tutacaqlarını bəyan ediblər.

İctimaiyyətlə körpü yaradacaqlarını vəd edən, şəhər nəqliyyatı sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Agentliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum hələki heç bir fəaliyyəti və səlahiyyəti ilə üzdə deyil. 

Maraqlıdır ki, Bakı Nəqliyyat Agentliyi yanında fəaliyyət göstərən İctimai Şura avtobusların bayram günlərində fəaliyyətinin dondurulmaması üçün də heç bir addım atmadı.

Halbuki Şura ictimaiyyətlə Agentlik və rəsmi qurumlar arasında körpü rolunu tənzimləyəcək, ictimaiyyətin maraqlarından çıxış edərək müəyyən təklif və müraciətlərin verilməsində səlahiyyətçi orqandır.

İctimai Şura avtobusların nəinki bayram günlərində, gündəlik sistemlilik nümayiş etdirməklə xidmət göstərməsinin əhəmiyyətini vurğulamaq əvəzinə bu məsələdən də rahatlıqla sıyrıldı.

Şuranın bir aylıq fəaliyyətinin anaizi onu göstərir ki, yaradılan bu qurumun da sadəcə adı olacaq. 

Bizim.Media-ya danışan Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyevin sözlərinə görə bütövlükdə nəqliyyat sahəsində neqativləri danmaq olmaz və İctimai Şura zaman-zaman bu problemləri yoluna qoymaq üçün səy göstərəcək:

“Heç bir ay deyil yaranmışıq. Hazırda təşkilati-texniki işləri görürük. Şuranın fəaliyyət planı hazırlanır. Əlbəttə ki, Agentlik kimi bizim də “qaynar xətt”imiz olacaq.  Bütövlükdə nəqliyyat sistemini yüksək səviyyəyə çatdırmaq üçün müəyyən işlər də davam etməlidir. Bu baxımdan İctimai Şura həm vətəndaşlarımızın məlumatlandırması, həm də Bakı Nəqliyyat Agentliyinin işinə dəstək verəcək”.

İctimai Şura sədri əlavə edib ki, nəqliyyat sahəsində nöqsanlar var və Bakı Nəqliyyat Agentliyi ilə birgə bu nöqsanları aradan qaldırmağa çalışırlar:

“Sürücülük mədəniyyətinin aşağı olduğu bir şəhərdə bütövlükdə nəqliyyatın tam sərbəst, vaxtında hərəkətini nizamlamaq o qədər də asan deyil. Hazırda Agentlik ən gərgin işləyən təsisatlardan biridir. Onu da deyim ki, növbəti ay Bakı Nəqliyyat Agentliyinin nəqliyyat sistemindəki problem və çatışmazlıqlarla bağlı böyük təqdimatı olacaq. Hər bir baş verən proseslərlə bağlı məlumat veriləcək”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin