Turistlərin ən çox üz tutduğu məkanlardan olan İsmayıllının Lahıc kəndindəki tarixi ev dağılır. Söhbət Lahıcın mərkəzində yerləşən təxminən 2 əsr yaşı olan 3 mərtəbəli və 72 otaqlı “Hacı Qurban” mülkündən gedir.
Tarixi tikili abidə kimi qorunsa da, son zamanlar baxımsızlıqdan çökmə və yox olma ehtimalı ilə üz-üzədir.
MÖVZU İLƏ BAĞLI:
Lahıcda 2 əsrlik tarixi abidə MƏHV OLUR - FOTO
Ciddi restavrasiyaya ehtiyacı olan abidə ilə bağlı məsələ bir neçə dəfə gündəmə gətirilib. O vaxtdan indiyədək tarixi tikili ilə bağlı heç bir restavrasiya işləri aparılmayıb.
Amma üzərindən 1 il keçsə də, qədimiliyi və tarixiliyi ilə seçilən abidəyə biganəlik davam edir. Qeyd edək ki, bəhs etdiyimiz tarixi tikili Lahıc Dövlət Memarlıq Qoruğunun, həmin qurum isə Turizm Agentliyinin balansındadır.
Dövlət Turizm Agentliyindən məsələ ilə bağlı Bizim.Media-ya bildirilib ki, dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə bölgüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilib:
“Qeyd olunan tikili xüsusi mülkiyyətdədir və mühafizə olunan tarixi abidələr siyahısına aid deyil. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsində bildirilir ki, xüsusi mülkiyyətdə olan abidələrlə əlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır. Bu tikilinin vəziyyətinin qəzalı olması, yaşayış üçün uyğun olub-olmaması, bərpa üçün uyğun olun-olmamasına dair rəy Fövqəladə Hallar Nazirliyi tərəfindən verilməlidir”.
Agentlikdən o da əlavə olunub ki, Dövlət Turizm Agentliyi tərəfindən tabeliyindəki qoruqların ərazisində yerləşən tarixi və mədəni, eləcə də turizm əhəmiyyətli abidələrin müəyyənləşdirilməsi, qorunması və bərpası üzrə mütəmadi olaraq işlər həyata keçirilir.
Qoruqların ərazisində bu cür abidələrin sayı çox olduğundan, zəruri restavrasiya işləri növbəli şəkildə həyata keçirilir.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən isə bildirilib ki, sözügedən tikilidəki vəziyyət onların səlahiyyətinə aid deyil.
İsmayıllı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmaq mümkün olmayıb.
Məlumat üçün bildirək ki, sözügedən mülkü İsmayıllının Lahıc qəsəbəsində 1823 -cü ildə Girdiman çayının sahilində o dövrün varlı şəxsləri olan Hacı Paşa və Hacı Qurban qardaşları inşa etdirib. Binaya giriş iki tərəfdən mümkündür: Girişin biri Bədəvan məscidi tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətindəndir.
Abidəni Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar. Bu binanın həyətində ibtidai siniflər üçün otaqlar ayrılıb, konsertlər, kütləvi tədbirlər, el şənlikləri də təşkil olunub. Binanın həyətində xalça sexləri də fəaliyyət göstərib.
Məlumatlara görə hazırda iri və tarixi evin bir hissəsi təmir olunub və binanı tikdirən şəxsin nəslindən olan ailə yaşayır. Digər hissəsinin isə restavrasiyaya ehtiyacı var.
Qeyd edək ki, Lahıc qəsəbəsi Azərbaycanın turizm baxımından öndə gedən məkanlardan biridir. Lahıca dünyanın hər yerindən turistlər təşrif buyurur.
Alçina Amilqızı, Bizim.Media