Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında mövcud olan qarşılıqlı xoşməramlı münasibətlər çərçivəsində işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmək üçün Rusiya FHN-in növbəti pirotexniklər qrupu martın 24-də ölkəmizə gəlib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Rusiya FHN-in bir qrup əməkdaşını təltif etdi
Bizim.Media-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 25 nəfər təcrübəli mütəxəssisdən ibarət olan bu qrup artıq 3 aylıq fəaliyyətini başa vuraraq Rusiyaya geri dönən digər qrupu əvəz edəcək.
Gəncə Beynəlxalq Hava Limanında rusiyalı pirotexnikləri Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev qarşılayıb.
Qeyd edək ki, Rusiya FHN-in pirotexniklər qrupu işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını Azərbaycan FHN-in bu sahədə ixtisaslaşmış qüvvələri ilə birlikdə icra edir.
Bizim.Media