Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda keçirilən II Milli Şəhərsalma Forumu işini sessiyalarda davam etdirib.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə sentyabrın 29-dan oktyabrın 1-dək ölkəmizdə II Azərbaycan Milli Şəhərsalma Forumu keçirilir. Tədbir işğaldan azad edilmiş Zəngilanda və paytaxt Bakıda “Şəhərsalma həftəsi” çərçivəsində reallaşır.
Forumun açılışı Zəngilanda yeni inşa edilən Konqres Mərkəzində keçirilib.
Forum 50-dən çox ölkədən dövlət və hökumət nümayəndələrini, ekspertləri, siyasətçiləri, beynəlxalq təşkilatların təmsilçilərini, elm adamlarını, habelə Azərbaycanın müvafiq şəhər və rayonları ilə qardaşlaşma əlaqələri quran xarici tərəfdaşlar daxil olmaqla, 450-yə yaxın yerli və xarici nümayəndəni bir araya gətirib.
Üç gün davam edəcək forumda “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusuna dair inklüziv, ağıllı və dayanıqlı urbanizasiyaya əsaslanan təcrübə və yeni yanaşmalar, beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilir.
Forumun açılış mərasimindən sonra tədbir müxtəlif mövzularda panel sessiyalarla davam edib.
Əvvəlcə “Birgə yenidənqurma - regional dayanıqlıq və davamlı inkişaf üçün əməkdaşlıq imkanları” adlı xüsusi sessiya təşkil olunub.
Sonra “Dayanıqlı və davamlı inkişaf: strategiyalar, fəaliyyət istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları” adlı sessiyada azad edilmiş ərazilərin reabilitasiya strategiyaları, birgə hərəkət, əlaqələndirmə və regional iqtisadi inkişaf üçün nəqliyyatın imkanlarının gücləndirilməsi, rifah və sülh üçün körpülər qurmaq, münaqişələrin həllində və şəhərsalmanın inkişafında beynəlxalq əməkdaşlığın rolu kimi məsələlər müzakirə edilib.
“Viranlıqdan dayanıqlığa: parlaq gələcəyə aparan yol” adlı sessiyada isə minalarla çirklənmə və onun dayanıqlı inkişafa təsiri, regional mərkəzlərin dirçəlişi və Qarabağda əməkdaşlıq imkanlarından söhbət açılıb.
Daha sonra Zəngilan şəhərinin Baş planı ilə tanışlıq olub.
Bizim.Media