Şəhid qardaşı: “Murad atamın və mənim yüksələ bilmədiyimiz zirvəyə yüksəldi” -  FOTO/VİDEO

Hazırda oxunan: Şəhid qardaşı: “Murad atamın və mənim yüksələ bilmədiyimiz zirvəyə yüksəldi” -  FOTO/VİDEO

157357

Azərbaycan Ordusunun lokal antiterror tədbirləri zamanı şəhid olan 192 hərbçisindən biri də 19 yaşlı Murad idi...  

Bizim.Media-nın şimal bürosu xəbər verir ki, Qusarın Çiləgir kəndi sentyabrın 20-də şəhidini qarşıladı. Çiləgir kənd məzarlığında torpağa tapşırılan əsgər Murad İskəndərovu hər kəs son mənzilə ehtiramla yola salmağı özünə borc bilirdi.  

Cənazəsi bükülmüş Azərbaycan bayrağı atası Əlağaya təqdim ediləndə göz yaşları içində olsa da o oğlunun son yadigarını öpüb gözü üstünə qoymuşdu.  

Murad İskəndərovun hərbi xidmətini başa vurmasına sayılı günlər qalmışdı. O, oktyabr ayında evə dönəcəkdi.

Qardaşı Möhübəli deyir ki, Murad vətənpərvərliyi atası Əlağadan öyrənib, gözünü açandan atasını veteran kimi görüb:   

"Atam Əlağa Birinci Qarabağ Müharibəsi veteranıdır. 4 il Murovdağda xidmət edib. O, qaçıb gizlənmək yerinə, Vətəni qorumağı seçmişdi. Murad da bütün bunları bilirdi. Atam hər zaman “vətənin dar günündə qaçmaq yox, vuruşmaq lazımdır”, deyirdi bizə..."  

Möhübəli İskəndərov özünün də Vətən Müharibəsi veteranı olduğunu bildirir. Onun sözlərinə görə, Vətən Müharibəsi başlayanda əsgər olub.

Talış-Suqovuşan, Qubadlı və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib:  

"Murad məndən də çox nümunə götürmüşdü. Ailəmizdə gedən müharibə mövzusundə söhbətlər onun içinə dolmuşdu. Vətənpərvər hisslərlə yaşadı və vətən üçün canından keçdi.

Atamın və mənim yüksələ bilmədiyimiz şəhidlik zirvəsinə Murad yüksələ bildi. Necə deyərlər, Murad muradına çatdı".   

Qeyd edək ki, 19 yaşlı Murad İskəndərov Çiləgir kəndinin 7-ci şəhididir. Birinci Qarabağ Müharibəsində 4, Vətən Müharibəsində 2 oğlunu şəhid verən Çiləgir kəndi 7-ci oğlunu antiterror tədbilərindən sonra son mənzilə yola saldı.    
























Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin