İrandakı səfirliyimizə hücum edən terrorçu EDAM OLUNUR?

Hazırda oxunan: İrandakı səfirliyimizə hücum edən terrorçu EDAM OLUNUR?

157252

Bildiyiniz kimi, yanvarın 27-da Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı aparılan araşdırma artıq başa çatıb. Ən azından İran tərəfi bunu iddia edir. 
Bu günlərdə İran Ədliyyə Nazirliyinin sözçüsü elan edib ki, Tehran prokurorluğu səfirliyimizə hücum edən terrorçuya ən ağır, yəni edam cəzanın verilməsini istəyib. Cinayət işi də məhz bu ittihamnamə ilə məhkəməyə göndərilib.  

Qeyd edək ki, həmin terror aktı zamanı Azərbaycan səfirliyinin bir əməkdaşı, diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olub, iki mühafizəçi isə yaralanıb.

Hadisəni törədən İran vətəndaşı Yasin Hüseynzadə həbs olunaraq, istintaqa cəlb olunub. 

Onu da xatırladaq ki, bu ilin iyulun 5-də Azərbaycanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiani də jurnalistlərə açıqlamasında terror hadisəsi törədən şəxslə bağlı istintaqın yekunlaşdığını və ona ən ağır və şiddətli cəzalar veriləcəyini bildirib. 

Görəsən Tehrandakı Azərbaycan səfirliyinə hücum edən terrorçu edam cəzasına məhkum ediləcək?

Bizim.Media-ya açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirir ki, edam hökmünün verilməsi ehtimalı çoxdur: 

“İranda terror və narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olanlara qarşı bir qayda olaraq edam hökmü çıxarılır. Bu mənada səfirliyimizə hücum edən şəxsə münasibətdə də edam hökmünün çıxarılacağı ehtimalı böyükdür. 

Amma bununla belə qaranlıq məsələlər qalır. Həmin şəxsi edam etməklə Azərbaycanın qaldırdığı sualların bir çoxu cavabsız qalacaq. İran sadəcə olaraq, Azərbaycan tərəfinə cinayət işinin gedişilə bağlı özlərinin məsləhət bildikləri məlumatları verməklə kifayətlənib. Bundan başqa, həmin cinayət işi terror hücumu kimi qiymətləndirilmir. 
Tehran hakimiyyəti bu hadisəni məişət zəminində baş vermiş cinayət kimi qələmə verir. Ona görə də Azərbaycan cəmiyyəti üçün məsələ şübhəli olaraq qalır. Edam hökmü verilərsə, bu şübhələrin, bir çox sualların cavabını həmin şəxs özü ilə aparmaqla məhv edəcək”.

Rüfət Sultan, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin