Maliyyə Nazirliyinin hazırladığı “2024-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədində bildirilib ki, yüksək inflyasiya şəraitində büdcə xərclərinin irihəcmli artımları inflyasiya təzyiqlərini daha da artıra bilər.
Sənəddə qeyd edilib ki, ölkədə inflyasiyanın azalmasına baxmayaraq, xarici mühitin yüksək volatilliyi (dünyada geosiyasi və geoiqtisadi vəziyyətin daha da gərginləşməsi, beynəlxalq logistika zəncirlərinin pozulması, bir çox ölkələrdə inflyasiyanın hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri, iqlim dəyişmələri səbəbindən temperaturun artması və digər mənfi xarici şoklar) qiymətlərin əlavə artımına səbəb ola bilər.
Qeyd edək ki, hesabatda, 2024-cü ildə dövlət büdcəsində ayrılacaq iriməbləğli vəsaitlərin əsas istiqamətləri diqqətə çatdırılıb.
Bunlar, minimum əməkhaqqı, minimum pensiya, 16 sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları, eləcə də müdafiə və təhlükəsizlik xərcləri, işğaldan azad edilmiş ərazilərdə həyat keçirilən iri miqyaslı tikinti və yenidənqurma layihələri və digərləridir.
İqtisadçı ekspert Fuad İbrahimov Bizim.Media-ya açıqlamasında bildirib ki, büdcə daxilolmalarının, eləcə də büdcə vasitəsilə dövriyyəyə buraxılan vəsaitlərin həcmi artarsa, bu, infilyasiyaya yol açan amilə çevrilir.
MÖVZU İLƏ BAĞLI:
Mərkəzi Bank uçot dərəcəsini DƏYİŞMƏDİ – İnflyasiya ARTACAQ?
Azərbaycanda anti-inflyasiya proqramlarının tətbiq edildiyini söyləyən ekspert qeyd edib ki, hazırda büdcə xərclərinin məhdudlaşdırılması və ya büdcənin artıq vəsaitdən azad olunması, əslində kapital qoyuluşlarının artması deməkdir:
“Belə ki, bəzi məsələlərdə onu təkmilləşdirmək və ya sıxmaq olar ki, bununla da inflyasiyanın qarşısını almaq olar. Bu heç bir halda sosial yönümlü layihələrə, yəni əmək haqlarının, müavinətlərin, pensiyaların artırılmasına və digərlərin aid deyil”.
Hazırda Azərbaycan iqtisadiyyatının dünyadakı iqtisadi proseslərdən kənarda qaldığını deyən F.İbrahimovun sözlərinə görə, buna görə də inflyasiyaya qarşı aparılan mübarizənin elə də ciddi təsiri yoxdur:
“Bu gün üzən məzənnəni formalaşdıran mühit olmadığı üçün, milli valyutamıza “drayver” kimi yapışmış dollara münasibətdə ölkə iqtisadiyyatı inzibati üsulla idarə edilir. Ölkədə inflyasiyanı minimuma endirmək üçün ilk növbədə inhisarçılıq aradan qaldırılmalı, eyni zamanda sağlam əsasları olan Rəqabət Məcəlləsi mütləq qəbul olunmalı, idxaldan asılılıq azaldılmalıdır”.
Müsahibimiz vurğulayıb ki, hazırda inflyasiya təkcə Azərbaycanda deyil, bütün dünyada artmaqdadır:
“Bu 2019-2021-ci illərdə dünyanı ağuşuna alan pandemiyanın törətdiyi bir haldır və bu günə qədər də davam edir. Azərbaycan isə bununla mübarizəni öz daxili imkanları hesabına aparmaqla yanaşı, dünyada baş verən bahalaşmanı özünə cəlb edib. Bir sözlə, bunu özümüz ixrac etdik”.
Onun sözlərinə görə, daha çox pul kütləsinin bazara daxil olmasının inflyasiyaya elə bir aidiyyəti yoxdur:
“Bu bu məsələyə inflyasiyaya qarşı mübarizə prizmasından yanaşmamalıyıq. Ona görə ki, bu elə də ciddi əhəmiyyət daşımır. Ölkədə əlavə iş yerlərinin yaradılmasını stimullaşdırmaq olar. Bundan başqa, Qarabağ İqtisadi Rayonunda və Şərqi Zəngəzurdakı zəngin təbii sərvətlərimizi sürətlə dövriyyəyə cəlb edə bilsək, yeni iş yerləri yarada bilərik. Hər yeni iş yeri onlarla insanın əməyə cəlb olunması, həm də yüzlərlə ailənin həyat şəraitinin yaxşılaşdırılması deməkdir. Bir sözlə, bu qəbildən olan kapital qoyuluşlarına yaxından dəstək vermək lazımdır”.
Rövşən Ziya, Bizim.Media