Aksiz dərəcələri ARTIRILIR – İçki və siqaret qiymətləri BAHALAŞACAQ?

Hazırda oxunan: Aksiz dərəcələri ARTIRILIR – İçki və siqaret qiymətləri BAHALAŞACAQ?

156508

Maliyyə nazirliyinin məlumatına görə, 2024-cü ildə tütün məmulatlarının və alkoqollu içkilərin aksiz dərəcələrinin artırılması nəzərdə tutulub.

Bəs, aksiz qiymətləri hansı səviyyəyə qaldırılacaq? Bu addıma səbəb nədir?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, aksiz dərəcələrinin artırılması ən çox istehlak olunan, alqı-satqısı çox olan məhsullar üzrə həyata keçiriləcək:

“Bu, həm də büdcə gəlirlərinin artırılması məqsədi daşıyır. Gələn ildən bir sıra vergi və rüsum güzəştləri nəzərdə tutulub. Bu da o deməkdir ki, büdcənin müəyyən istiqamətlər üzrə gəlirləri azalacaq. Bunun da yerini doldurmaq üçün belə addımlar atılır”. 

Onun sözlərinə görə, son illərdə tütün məmulatları və alkoqollu içkilər üzrə bir neçə dəfə artırılıb:

“Növbəti ildə də belə atılması nəzərdə tutulub. Bu da çox vacib amil olsa da davamlı xarakter daşımamalıdır. Alqı-satqı baxımından dövriyyəsi sürətli olan bir sıra məhsullar üzrə aksiz və vergi dərəcələrinin artırılması gələcəkdə büdcə daxilolmalarını azalda bilər”.

Digər iqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, dünyanın istənilən ölkəsində bu sahə həmişə vergilərin, rüsumların və aksizlərin ən rahat şəkildə qaldırılması üçün bir vasitə olub:

“Hökumətlər bunu sosial məsələ olmaması ilə əlaqələndirirlər. Digər məsələ isə odur ki, sağlam həyat tərzini təvşiq etmək üçün onların qiyməti bahalaşdırılır. Azərbaycan da eyni qaydada davranır. Burada olan mühüm məsələ odur ki, əgər aksiz dərəcələri həddindən çox artarsa və qiymətlərin yüksəlməsinə səbəb olarsa, bazarda saxta məhsullar, əsasən də alkoqollu içkilər özünə yer edəcək. Bu da insan sağlamlığına böyük zərər vuracaq, hətta ölüm hallarına gətirib çıxaracaq”. 

Onun sözlərinə görə, əgər ölkəmizdəki qiymət qonşu dövlətlərlə müqayisədə yüksək olarsa, bu, qaçaqmalçılıq hallarının artmasına da səbəb olacaq:

“Buna görə də “qızıl orta”nın tapılması çox vacibdir”.   

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin