Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi qanunazidd qərarlar QƏBUL EDİR? – İki nazirlik ÜZ-ÜZƏ  

Hazırda oxunan: Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi qanunazidd qərarlar QƏBUL EDİR? – İki nazirlik ÜZ-ÜZƏ  

155806

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin vəzifəsindən sui-istifadə edərək qanunazidd qərarlar qəbul etdiyi iddia olunur. İddialara görə, İbrahim Əliyev təhsilsiz şəxsləri rəhbərlik etdiyi Baş İdarənin tərkibindəki mədəniyyət ocaqlarında işə götürür. İşə götürülən şəxslərin təqdimatını isə onun kuratoru, mədəniyyət üzrə sektor müdiri Səbinə Məmmədovanın yazdığı bildirilir.

Halbuki İdman haqqında qanunun 48-ci maddəsinə əsasən idman üzrə ali və orta ixtisas təhsili olmayan insanlar bu sahə üzrə pedoqoji dərs verə bilməzlər.

Lakin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevin 14.12.2022-ci il tarixində imzaladığı 164 nömrəli əmrinə əsasən idarənin hazırladığı qanunlara görə sadəcə  sertifikatı olan və ya heç bir sənədi olmayan adamlar da idarənin balansına daxil olan müəsisələrdə ödənişli və ödənişsiz formada idman dərsləri verə bilərlər.  

Elə bu əmr əsasında Baş idarənin tərkibinə daxil olan Əmirov adına Mədəniyyət sarayı, Mərdəkan Mədəniyyət Sarayı, Binə Mədəniyyət Mərkəzi, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzi və Binəqədi Mədəniyyət evinin fines klublarına təhsili olmayanların rəhbərlik etdiyi deyilir.  

Məsələ ilə bağlı Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin direktoru tərəfindən fəaliyyətinə məhdudiyyət qoyulan fitnes klubun rəhbəri Eyvaz Hüseynov Bizim.Media-ya danışıb.

O, 3 ilə yaxındır ki, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində fəaliyyət göstərdiyini təsdiqləyib:  

“Həmin klubda boks üzrə fərdi idman dərsləri vermək üçün Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilk gündən mənə dəstək və icazə verib. Fəaliyyətimizi isə Baş İdarə öz rəsmi səhifəsində hər zaman işıqlandırıb. Amma Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə yeni təyin olunan direktor fəaliyyətimizə imkan vermir. Əsası olmayan bəhanələr gətirir.

Necə olur ki, Əmirov adına Mədəniyyət Sarayının idman klubu gecədən səhərədək işləyir, mənim isə ümumiyyətlə fəaliyyətimi əngəlləyirlər? Mədəniyyət Mərkəzinin rəhbəri qanunsuzluq edir və bizi işləməyə qoymur. 3 ayının tamamımda Baş İdarə ora yoxlama gömdərdi. Amma Mədəniyyət Mərkəzinin rəhbərini işdən çıxara bilmədi. Ölkənin bütün aidiyyəti qurumlarına məktubla müraciət etmişəm. Sonadək haqqımı tələb edəcəyəm”.  

Eyvaz Hüseynov əlavə edib ki, atası Fazil Hüseynov və qardaşı Akşin Hüseynov da Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində fiziki inkişaf kursuna ödənişli idman dərsləri vermək üçün müraciət ediblər: 

“Baş İdarə onların da təqdimatına müsbət cavab verib, amma mərkəz direktoru əmr vermir. Anladım həmin direktoru Mədəniyyət Nazirliyi işə götürüb. Amma bu, haqsızlıqdır. Digər mədəniyyət mərkəzlərindəki fitnes klublar fəaliyyət göstərdikləri halda, bizə niyə məhdudiyyət qoyulur?”, - deyə Eyvaz Hüseynov etiraz edib.  

Müsahibimizdən sözügedən qanuna əsaslanaraq klubda çalışması üçün müvafiq təhsili olub-olmadığını maraqlansaq da, o, məhudiyyətin əsas səbəbinin bu olmadığını deyib.  

Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevlə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, idarə rəhbəri zənglərimizə cavab verməyib.

Məsələ ilə bağlı Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinə müraciət etdik.  

Mərkəzdən saytımıza bildirilib ki, Gənclər və İdman Nazirliyi təhsili olmayan şəxslərin fitnes klublara rəhbərlik etməsini qanunsuz hesab edib: 

“Eyvaz Hüseynov qanunsuz fəaliyyət göstərdiyi üçün onunla bağlı məktubla Gənclər və İdman Nazirliyinə müraciət edilib. Nazirlikdən müraciətimizə bildirib ki, peşəkar pedaqoji idman fəaliyyətinə bədən tərbiyəsi, eləcə də idman sahəsində ali və orta ixtisas təhsili haqqında dövlət sənədlərinə malik şəxslər buraxılırlar”.  

Mədəniyyət Nazirliyindən isə Bizim.Media-nın sorğusuna belə cavab verilib: 

“Bildirək ki, “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda rəhbərlərin və müvafiq hallarda mütəxəssislərin əməyinin ödəniş dərəcələri həmin müəssisənin qrupundan asılı olaraq müəyyənləşdirilir.

Klublar, mədəniyyət evlərində (saraylar) sözügedən göstəricilər arasında müəssisələrdə ödənişli dərnəklərin olmasının zəruriliyi qeyd edilib.  

Məsələ ilə əlaqədar olaraq, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində fəaliyyət göstərən kurs və dərnəklərin fəaliyyətinin tənzimlənməsi, bu istiqamətdə səmərəliliyin artırılması və şəffaflığın təmin edilməsi məqsədilə “Kurs və dərnəklərin fəaliyyəti haqqında Qaydalar” yenidən hazırlanaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunub.

Nazirliyin 09 dekabr 2022-ci il tarixli, 07/04-3742/2022 nömrəli məktubuna əsasən təqdim olunmuş layihəyə razılıq verilib”. 

Nazirlikdən qeyd olunub ki, Mədəniyyət və Turizm Nazirliyinin (indiki Mədəniyyət Nazirliyi) 31.01.2007-ci il tarixli, 43 nömrəli əmri ilə təsdiq edilmiş müəssisə və təşkilatlarında tətbiq olunan pullu xidmətlərin siyahısının 4-cü bəndində idman-sağlamlıq (qaçış, şahmat-dama klubları, tennis, nərd və s.) sahəsində kursların və dərnəklərin yaradılması nəzərdə tutulub.
İdarənin 14 dekabr 2022-ci tarixli, 164 nömrəli əmrinə əsasən təsdiq edilmiş “Ödənişli kurs və dərnəklərin fəaliyyəti haqqında Qaydalar”ın 6.1. bəndinə müvafiq olaraq kurs və dərnəklərdə dərsləri (məşğələləri) tədris etmək üçün ali, orta ixtisas, peşə təhsili, xüsusi sertifikat və ya şəhadətnamə, əmək stajı, iş təcrübəsi, zəruri hallarda praktiki peşə-ixtisas hazırlığı olan şəxslər Baş İdarə ilə yazılı razılaşdırma yolu ilə müəssisə direktorunun əmri əsasında cəlb edilirlər.  

Məlumat üçün bildirək ki, Bakı şəhər Mədəniyyət Baş İarəsinin tabeliyində 66 mədəniyyət müəssisəsi və saysız musiqi məktəbləri fəaliyyət göstərir.  

Xatırladaq ki, bu il ölkədə fəaliyyət göstərən idman klublarında iki uşaq ölümü baş verib. Aprel ayında Sumqayıtda 7 yaşlı Fərid Bakarovun tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alaraq vəfat etməsi, Yasamal rayon Zahid Xəlilov küçəsində yerləşən “Megacity” Fitness və Spa mərkəzində isə 2020-ci il təvəllüdlü Gülay Məmmədlinin nəzarətsiz qalaraq hovuzda boğulması ölkə gündəmini zəbt etmişdi.

Hər iki bədbəxt hadisədən sonra ölkə başçısı Gənclər və İdman Nazirliyinə idman klublarının fəaliyyətinə ciddi nəzarət olunmasını tapşırıb. 

Mövzunu diqqətdə saxlayacağıq... 






Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin