Qondarma rejimin SON GÜNLƏRİ – Separatçılar təslim olmağa HAZIRLAŞIRLAR?

Hazırda oxunan: Qondarma rejimin SON GÜNLƏRİ – Separatçılar təslim olmağa HAZIRLAŞIRLAR?

155795

Bu yaxınlarda Laçın keçid məntəqəsində lentə alınan görüntülərdən Ermənistan hərbçilərinin bölgəni tərk etdiyi görünür. Mətbuatın yazdığına görə, Ermənistanın Qarabağda olan qeyri-qanuni hərbi birləşmələrinin əsgərləri tələbə adı ilə kütləvi şəkildə Xankəndini tərk edirlər.
Laçın sərhəd-buraxılış postundan Qızıl Xaç Komitəsinin müşayiətçilərinin əhatəsində olan bu gənclər Azərbaycan sərhədçilərinin diqqətini çəkib. Onlar Azərbaycan sərhədçilərinə tələbə olduqlarını və İrəvan Dövlət Universitetinə dərsə tələsdiklərini iddia ediblər.

İlkin məlumata görə, Paşinyan hökuməti ilk növbədə Ermənistan liderinin həmyerlilərini – Dilican rayonundan olanları xilas etmək tapşırığını verib. Məlumatı Azərbaycan mənbələri də təsdiqləyirlər.

Eyni zamanda separatçıların ağır texnikalarını sülhməramlılara təhvil verdiyi xəbərləri də yayılıb. 

Separatçılar təslim olmağa hazırlaşır? 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov qeyd edir ki, bu hərəkətlər artıq separatçıların sonunun yaxınlaşdığından xəbər verir:

“Artıq ermənilər tələbə, Rusiya vətəndaşı və s. adlarla ərazimizi tərk edirlər. Onların quldur keşişi də dünən qaçaraq sərhədi keçdi. Ermənilərin bu köçü başlayıb. Bu da onların artıq Azərbaycan ərazisində yaşadıqlarını dərk etmələrinin nəticəsidir. Onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Etmək istəməyənlər üçün yol açıqdır. Ermənilər üçün o yol bir tərəfli, Azərbaycandan Ermənistana işləyir. Kim istəyirsə, rahatlıqla gedə bilər. Ermənilər bilir ki, bir-iki ay içərisində Azərbaycan hansı şərtləri qoyubsa, onu da həyata keçirəcək. Əcnəbi vətəndaşlar ərazilərimizi tərk etməlidirlər”.

Politoloq Abutalıb Səmədov isə bildirir ki, separatçılar vaxtilə başladıqları separatizm hərəkatının son günlərini yaşadığını anlayırlar: 

“Laçın sərhəd keçid məntəqisində çəkilən görüntülərdə erməni gənclərin Azərbaycan ərazisini tərk etdikləri görünür. Ermənilər iddia edir ki, həmin gənclər guya təhsil almaq üçün gedən tələbələrdir və onların arasında qeyri-qanuni silahlı dəstə üzvləri yoxdur. Ancaq bir məsələ aydındır ki,Qarabağda antiterror əməliyyatı yetişməkdədir. Oradakı silahlı tör-töküntülər tərk-silah olunmalıdır. Ermənistan hərbçiləri ərazimizdən çıxarılmalıdır. 

Ermənilər özləri də yaxşı anlayır ki, o qədər çox vaxtları qalmayıb.

Şübhə yoxdur ki, Azərbaycanı tərk edənlər içərisində hardasa təhsil alanlarla yanaşı, Ermənistan ordusu və Qarabağdakı qanunsuz silahlı dəstələrdə iştirak edənlər də var. Onlar vəziyyətlərinin ümidsizliyini anladıqlarından mümkün qədər tez müddətdə Qarabağdan getmək istəyirlər. 

Ermənistan hərbçilərini müəyyənləşdirməksə bir qədər çətindir. Çünki Qarabağdakı erməni əhalisinin hamısına Ermənistan pasportu verilib. Amma əsas odur ki, onlar Qarabağı tərk edir. Onların içərisində şübhəsiz ki, Ermənistan hərbçiləri, Qarabağdakı antiterror əməliyyatından qorxuya düşərək, təcili tərk etməyi qərara alan gənclər də var.

Bu da şübhəsiz ki, Azərbaycanın maraqlarına cavab verir, Qarabağda ölkəmizin suverenliyinin tam təmin olunacağı günü yaxınlaşdırmağa xidmət edir. 

Separatçılar günü-gündən inamlarını daha çox itirirlər. Onlar anlayır ki, vaxtilə başladıqları separatizm hərəkatının artıq son günləridir”.

Rüfət Sultan, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin