Gecə saatlarında Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti höküm sürüb. Güclü leysan yağıb. Əsasən Zaqatala rayonundakı kəndlərdə sel basmalar müşahidə olunur.
Qeyri-sabit hava şəraiti və leysan yağışları ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Balakən Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, ciddi fəsadlar yoxdur.
Bəzi hallar olub və gecə qarşısı alınıb. Çaylarda suyun səviyyəsi xeyli artsa da, bu istiqamətdə qabaqlayıcı tədbirlər görülür.
Zaqatala Rayon Fövqəladə Hallar Komissiyasından verilən ilkin məlumata əsasən, leysan yağışları səbəbindən rayon ərazisində 100-dən çox evin həyətyanı sahəsinə, zirzəmi və birinci mərtəbəsinə sel suları dolub, dörd ədəd keçid körpülər yarasız hala düşüb. Sel-sular əsasən rayonun Yolayrıc kəndində sakinlərin həyətlərinə və evlərin birinci mərtəbəsinə ziyan vurub.
Gecə saatlarında rayonun Car və Yuxarı Tala kəndləri ərazisinə dolu düşüb. Daha sonra güclü külək əsərək bir neçə ağacı aşırıb. Səhər saatlarında isə rayonun dağlıq və dağətəyi ərazilərinə yağan leysan yağışları səbəbindən mənbəyini Böyük Qafqaz dağlarından götürən Tala, Zilban, Bəkməz və Muxax çaylarında su həddən artıq artıb. Bəkməz çayında yaranan sel səbəbindən Car kəndi və Qazangül qəsəbəsi ərazisindəki keçid körpülər yararsız hala düşüb.
Tala çay da sel-suların çoxalması nəticəsində məcrasından daşaraq Yolayrıc kəndinə zərər verib. Hazırda rayonun müvafiq idarə və təşkilatların maşın və texnikaları, eləcə də canlı qüvvələri ərazilərə ezam edilib. Sel-suların qarşısı alınmaqla yanaşı təmizlik və təmir işləri ilə aparılır, dəymiş ziyanın miqyası hesablanır.
Onu da qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti davam edir.
Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu