Böyük güclərin Zəngəzurda toqquşan MARAQLARI – Kim savaşı başlatmaq İSTƏYİR? 

Hazırda oxunan: Böyük güclərin Zəngəzurda toqquşan MARAQLARI – Kim savaşı başlatmaq İSTƏYİR? 

155460

Artıq 3 ilə yaxındır ki, Zəngəzur dəhlizinin açılması məsələsi gündəmdədir. Lakin bu istiqamətdə müəyyən diplomatik səylər olsa da, hələ də real addımlar atılmayıb. Əksinə, bu dəhlizin açılması məsələsi artıq beynəlxalq qüvvələrin müzakirə mövzusuna çevrilib.  

Türkiyəli siyasi analitik Hüsamettin İnaç bu günlərdə verdiyi müsahibədə Zəngəzur dəhlizinin açılması üçün hərbi toqquşmanın qaçılmaz olduğunu deyib: 

“Qərb, xüsusilə amerikan-ingilis ittifaqı bölgədə son baş verənləri bir fürsət olaraq görür və burada öz mövcudluğunu təmin etməyə çalışır. Bunun üçün isə Zəngəzur dəhlizinin açılmaması və regiondakı gərginliyin azalmamasını istəyir.

Hazırda həm Ermənistan, həm də Azərbaycanın şərti sərhəddə möhkəmlənməyə çalışdığı bir zamanda, prosesin Zəngəzur uğrunda döyüşlə nəticələnmə ehtimalı var”. 

Bizim.Media-ya açıqlama verən politoloq İlqar Vəlizadə düşünür ki, Zəngəzur dəhlizi uğrunda hərbi toqquşmaların olması mümkünsüzdür: 

“Zəngəzur dəhlizi uğrunda məcazi mənada, yəni diplomatik, siyasi müstəvidə mübarizə gedə bilər. Bu hal baş verir də. Hətta siyasi mübarizə şiddətli fazaya gəlib çıxa bilər ki, bu da bir növ siyasi müharibə anlamına gələr. Amam silahlı toqquşmanın olması ehtimalı sıfıra bərabərdir.

Çünki onun baş verməsilə hadisələr regional müharibə fazasından çıxaraq, bir sıra digər dövlətlərin də prosesə müdaxiləsilə nəticələnəcək.  

Burada başqa kənar qüvvələr də var ki, dəhliz uğrunda hərbi toqquşmalar onların da bu münaqişədə iştirakını mümkün edə bilər. Nəticədə münaqişə miqyas baxımından genişlənər və fəsadları olduqca ağır olar. Belə olarsa, burada Ukraynada olduğu kimi yeni qlobal cəbhə açılacaq.  

Hətta Ermənistan belə bu müharibəni təsəvvür etmir. Azərbaycan da istəmir. Rusiya və İran da istəmir. Çünki bu müharibə birbaşa İrana da təsir göstərəcək, onun ərazisi də müharibə səhnəsinə çevriləcək.
Türkiyə də bunda maraqlı deyil. Zəngəzur dəhlizinin açılması məsələsini dinc yolla həll etmək potenasialı da hələ ki, tükənməyib. Dinc yolla bunu aça biləriksə, müharibəyə nə ehtiyac var?”. 

Rüfət Sultan, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin