Taxılçılığın inkişafına mane olan ƏSAS SƏBƏB – Toxumların məhsuldarlığı niyə AŞAĞIDIR?

Hazırda oxunan: Taxılçılığın inkişafına mane olan ƏSAS SƏBƏB – Toxumların məhsuldarlığı niyə AŞAĞIDIR?

155331

Taxılçılar Assosiasiyasının İdarə heyətinin sədri Niyazi Əmirbəyov mətbuaya açıqlamasında, Azərbaycanda taxıl toxumuna olan tələbatın 100 min tona yaxın olduğunu bildirdi. Onun sözlərinə görə, bunun təxminən 70 faizdən çoxu yerli toxumçuların payına düşür.

“Xaricdən gətirilən toxumlardan yüksək məhsuldarlıq təmin olunmur”

Bununla bağlı fikirlərini Bizim.Media saytına açıqlayan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev, aqrar sahənin inkişafının yüksək keyfiyyətli və məhsuldar toxum sortlarının yetişdirilməsindən və istifadəsindən çox asılı olduğunu bildirdi.

Bu sahədə bir sıra tədbirlərin həyata keçirildiyi söyləyən komitə sədri qeyd edib ki, belə sortların yetişdirilməsi hökumətin qarşısında bir məqsəd kimi qoyulub:

“Etiraf edək ki, bu gün əksər toxum sortları xaricdən alınır. Əsasən də taxıl və pambıq toxumları ölkəyə idxal edilir. Ancaq bir çox hallarda onların keyfiyyəti çox aşağı olur, yüksək məhsuldarlıq təmin olunmur, aqrar sektora çox ciddi ziyan dəyir və sahibkarlar çıxılmaz vəziyyətdə qalırlar. Artıq respublikamızda bu sahənin inkişaf etdirilməsi çox vacibdir”. 

Müsahibimiz, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq dövlət orqanlarının qarşısına mühüm vəzifələr qoyulduğunu bildirib:

“Xüsusilə də toxumçuluq təsərrüfatının inkişaf etdirilməsi, yeni toxum sortlarının yetişdirilməsi və məhsuldar toxumların fermer təsərrüfatlarında tətbiq olunması kimi işlər gündən-günə sürətləndirilməkdədir. Kənd təsərrüfatı nazirliyi tərəfindən müəyyən tədbirlər keçirilir. Bəzi toxumçuluq təsərrüfatları yeni sortların araşdırılması ilə məşğul olurlar. Bu da gələcəkdə həmin sahənin yüksək səviyyədə inkişaf edəcəyinə ümid yaradır”. 

T.Rzayev toxumçuluğun çox çətin və zəhmət tələb edən bir sahə olduğunu diqqətə çatdırıb:

“Amma nə qədər çətin olsa da, ölkəmizin gələcək inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması üçün mühüm əhəmiyyətə malikdir. Əgər yüksək keyfiyyətli toxumlar əldə edə bilsək, taxılçılıqda daha yüksək məhsuldarlıq əldə etmək olar. Belə ki, 1 hektardan 45 -50 deyil, hətta 70-80 sentner məhsul toplamaq olar. 

Bu yaxınlarda Naxçıvan aqrar festival keçirildi və bir sahibkarın hər hektardan 95 sentner məhsul götürməsi təəccüblə qarşılandı. Hazırda Muxtar Respublikanın kənd təsərrüfatı nazirliyinin təşəbbüsü ilə həmin istiqamətdə yaxşı işlər gedir. Bu təcrübənin artıq ölkədə geniş yayılması vacibdir. Həmin toxumlar daha geniş sahələrdə tətbiq olunmalıdır”.   

“Azərbaycanda toxumların seleksiyası işləri aparılmır”

Aqrar sahə üzrə ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında, toxum sortlarının seleksiyası ilə bağlı məsələnin taxılçılıqda çox mühüm olduğunu diqqətə çatdırdı.

“Bu, bitkiçiliyin digər sahələrində də ciddi və həll olunması vacib olan məsələdir. Ancaq ölkəmizdə seleksiya işləri aparılmır. Aparılsa belə, bunun nəticələrini hələlik görmürük”. 

ATA-nın sədri Niyazi Əmirbəyovun sözlərində həqiqətin olduğunu deyən ekspertin sözlərinə görə, yerli toxuma olan tələbatın 70 faizini bu məhsulu istehsal edən sahibkarlar təmin edə bilərlər:

“Başqa iqlim qurşaqlarına malik ölkələrdə yüksək məhsuldarlıq verən toxumlar, əksər hallarda ölkəmizdə eyni nəticəni göstərə bilmir. Məsələn Rusiyada hər hektara görə 50-70 sentner taxıl toxumu 25-30 sentner verir. Yaxud ABŞ-da 60-65 sentnerdirsə, bu, ölkəmizdə daha aşağı olur. Buna görə də ölkəmizdə yüksək məhsuldarlığa malik toxumlar yetişdirilməlidir. Bunun üçün də toxumçuluq təsərrüfatlarından başqa, elmi şəkildə seleksiya işləri aparılmalıdır. Əldə edilən nəticələrə əsasən, ATA sədrinin dedikləri doğrudur. Bu gün respublikada taxılın məhsuldarlığı 25-26 sentnerə düşüb. Əvvəllər isə bu, 30-35 sentner təşkil edirdi”. 

Ölkədə ilbəil taxılın məhsuldarlığının aşağı düşdüyünü deyən müsahibimiz, yerli toxum təsərrüfatlarının yetişdirdiyi toxumların həm keyfiyyətinin, həm də məhsuldarlığının çox aşağı olduğunu vurğulayıb: 

“Dövlət Aqrar Universiteti, Elmi-Təhqiqat institutları, Dövlət Toxumçuluq İnstitutu və digərləri son 40 ildə normal keyfiyyətli və məhsuldar toxum yarada bilməyiblər. Bu gün dünyada taxıldan hektara ortalama 60-70 sentner məhsul əldə edilir. Taxıl istehsalı məşğul olan ölkələrdə bundan aşağı göstərici əldə etməsi o deməkdir ki, toxum yaratma prosesi ya yoxdur, ya da ləng gedir. Əgər bizdə məhsuldarlıq 25 sentnerdirsə, deməli bu sahədə vəziyyət çox acınacaqlıdır və seleksiya işləri aparılmır. 

Toxum təsərrüfatları da hər il əkdikləri eyni toxumu toplayır və növbəti ildə yenidən aqrotexniki qulluq göstərməklə və digər işlərlə yenidən əkirlər, yaxud fermerlərə toxum şəklində satırlar. Bu da düzgün proses deyil və taxıl toxumları hər il seleksiya olunmaqla məhsuldarlığı yüksəldilməli, daha əlverişli sortlar yetişdirilməlidir. Digər ölkələrdən də gətirilən toxumları yerli şəraitə uyğunlaşdırmaq  və fermerlərə vermək olar. Amma bunun üçün də seleksiya və hibritləşmə işləri aparılmalıdır”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin