“Çin hazırda dünyanın ikinci böyük dövləti olduğu üçün Avropaya uzanan yeni dəmir yolu xəttinin əhəmiyyəti də çox böyükdür. Bu vaxta qədər Avropaya gediş-gəliş Rusiya üzərindən həyata keçirilirdi. Ancaq Rusiya-Ukrayna müharibəsi başlayandan sonra tətbiq edilən sanksiyalar səbəbindən bu yolla hərəkət çətinləşib”.
Bu fikirləri Bizim.Media açıqlamasında sabiq maliyyə naziri, iqtisad elmləri doktoru Saleh Məmmədov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Xəzər dənizi ilə bağlı vacib İCLAS OLACAQ
O, bildirib ki, sözügedən istiqamət üzrə ikinci yol İrandan keçirdi:
“Ancaq bu yol da Avropa və ABŞ-ın sanksiyaları səbəbindən demək olar ki, bağlanıb və təkcə Çinin deyil, Yaponiya, Cənubi Koreya və digərlərinin də bazara çıxması üçün yollar xeyli məhdudlaşıb. Onların yeganə çıxış yolu, Mərkəzi Asiyanın türkdilli dövlətlərinin ərazisindən keçməklə, Xəzər dənizinə çatmaqdır. Dəniz vasitəsilə də Azərbaycana, Türkiyəyə, oradan da Avropaya çıxmaq lazımdır”.
Onun sözlərinə görə, Azərbaycan da daxil olmaqla, bütün türkdilli dövlətlər Orta Dəhlizə çox ciddi əhəmiyyət verirlər:
“Çin də bu yola göz tikib və bu yolun keçdiyi türkdilli ölkələrlə danışıqlara başlayıb. Bir neçə il əvvəl belə bir fikir səsləndirmişdim ki, Orta Asiyadan Azərbaycan istiqamətində Xəzər dənizinin altından avtomobil və dəmiryolu çəkmək və Çini buna cəlb etmək olar. Ancaq hazırda gəmilər və tankerlər vasitəsilə yüklərin daşınması mümkündür. Həmin dövrdə bu məsələlər bir neçə dəfə müzakirə olunsa da, həllini tapmadı”.
Çinin bir çox ölkələrə böyük kapital yatırdığını söyləyən sabiq nazir qeyd edib ki, Azərbaycan da bundan istifadə edə bilərdi:
“Azərbaycan Pekin üçün çox əlverişli mövqeyə malikdir. Bir neçə il əvvəl Çin Kommunist Partiyası, həmin resursların 1 trilyon dollarını başqa ölkələrə yatırılması üçün belə bir qərar qəbul etdi və bir neçə ölkəyə böyük investisiyalar yatırıldı. Həmin vaxt bunun bir hissəsinin ölkəmizə cəlb olunması mümkün idi”.
Müsahibimiz, Zəngəzur dəhlizinin Çin-Avropa ticarət əlaqələri baxımından çox mühüm mövqeyə malik olduğunu da diqqətə çatdırıb:
“Bu yolun Orta xətdə yerləşməsi hər iki tərəf üçün daha əlverişlidir və hər iki tərəf bundan istifadə edərək əlaqələri genişləndirməkdə maraqlıdır. Bu baxımdan da Ermənistanı Azərbaycanla sülh sazişini imzalamağa məcbur edəcəklər. Hazırda çox əlverişli vəziyyət yaranıb və Çini Qarabağda davam edən böyük infrastruktur layihələrinə cəlb etmək olar”.
Onun sözlərinə görə, hazırda Çin 15 trilyon dollarlıq ticarət münasibətlərinə malikdir:
“Bu baxımdan da rəsmi Bakı da Çinlə münasibətlərini daha da inkişaf etdirməkdə, hətta Çin investisiyalarından istifadə etməkdə maraqlı olmalıdır. Bu ölkənin ilk yüzlüyə daxil olan 4 bankı və hərəsinin 4-5 trilyon dollarlıq aktivləri var. Bunların cəmi 1 faizini Azərbaycan gətirə bilsək, heç bir ölkə bizim qarşımızda dayana bilməyəcək.
Avropa İttifaqının ümumi daxili məhsulu təxminən 20 trilyon dollar, Çinin ÜDM-i 17-18 trilyon dollar, ümumi dünya ÜDM-nin həcmi isə 97 tirlyon dollar həcmindədir. Təkcə Çinin ÜDM səviyyəsi dünyanın 20 faizinə çatır. Bunun cəmi 2-3 faizi Azərbaycana cəlb edilərsə, ciddi sıçrayış baş verəcək. Bir sözlə, bu ölkə ilə təkcə trantiz-ticarət sahəsində deyil, iqtisadiyyatın bütün sahələrində tərəfdaşlıq qurulmalıdır”.
Eks nazir bir məqamı da diqqətə çatdırıb:
“Çindən başlayan, Orta Asiyanın türk dövlətləri və Xəzər dənizindən Azərbaycana, oradan da Avropaya keçəcək dəmir yolunun inşası başa çatdıqdan sonra bölgədə böyük inkişaf prosesləri başlayacaq. Əsasən də Azərbaycana yatırılan sərmayədən 2-3 dəfə çox gəlir əldə edəcək.
Ukrayna ilə müharibə başlamamışdan əvvəl Çin Rusiya üzərindən illik 25 milyard dollarlıq və 25 milyon tonluq tranzit həyata keçirirdi. Bunun 10 milyon tonu Azərbaycandan keçərsə, görün, nə qədər böyük gəlir əldə ediləcək?
Qeyd etdiyimi kimi, Xəzərin altı ilə avtomobil və dəmir yolu xətti çəkilərsə, Azərbaycanın qazancı dəfələrlə böyük olacaq”.
Rövşən Ziya, Bizim.Media