Gənc analar körpələrinə gün ərzində dəfələrlə şirin çay və şirin su verirlər. Bununla da onlar həm körpəni məşğul etməklə sakit saxlamağa çalışırlar, həm də müəyyən mənada qida təminatını ödədiklərini düşünürlər.
Amma həkimlər hesab edirlər ki, qara çay uşağın sağlamlığı üçün çox ziyanlıdır. Qara çayı uşağa yalnız 3 yaşdan sonra vermək tövsiyə edilir. Kiçik yaşlı uşaqlarda kofeinlə zəngin olan çay yuxusuzluğa, ağlağanlığa və əsəbiliyə səbəb ola bilər. Çayda olan kofeinin miqdarı böyüklər üçün normal olsa da, uşaq üçün bu çoxdur.
MÖVZU İLƏ BAĞLI:
Nazirlikdən uşaqlarda davamlı baş ağrıları ilə bağlı valideynlərə ÇAĞIRIŞ
Həmçinin çay qidadan dəmirin və zülalların mənimsənilməsini pisləşdirir. Nəzərə alsaq ki, balaca uşaqlara tez-tez dəmir defisitli anemiya diaqnozu qoyulur, bu xüsusilə təhlükəlidir.
Bundan əlavə sidikqovucu təsirə malik olan çay orqanizmdən kalium, kalsium və digər vacib mineralların duzlarını xaric edir ki, bu da uşağın sağlamlığı və inkişafı üçün ziyanlı ola bilər.
Çay büzücü maddələrlə zəngindir. Bu maddələr uşağın mədə və bağırsaqlarına ziyan vura bilər. Həmçinin büzücü maddələr iştahanı azaldır. Yatmazdan qabaq uşağa çay vermək olmaz.
Sidikqovucu və tonuslaşdırıcı təsirlərə malik olan çay əlavə problemlərə səbəb olacaq.
Mütəxəssislərin fikrinə görə, butulkada verilən şirin çay uşaqda kariesin inkişafına səbəb olur.Ümumiyyətlə pediatrlar uşaqlara çox şirin çay verməyi tövsiyə etmirlər.
Tanınmış pediatr Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında bildirib ki, körpələrə çay verilməməlidir:
“Şirin çay isə, ümumiyyətlə, olmaz. Ümumiyyətlə, uşaqları şirniyyatdan uzaq tutmaq lazımdır.
Hazırda təkcə uşaqlarda yox, elə böyüklərdə də aşkar edilən bəzi xəstəliklərin mənbəyi şirniyyatdır. Valideynlər uşaqlarını maksimum dərəcədə çaydan və şirin çaydan uzaq tutmalıdırlar”.
Surxay Atakişiyev, Bizim.Media