Xaçmazın Qusarçay kəndində Arif Məmmədov adına Qusarçay kənd tam orta məktəbinin bərpadan sonra açılışı baş tutub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, açılış mərasimini giriş sözü ilə açan Quba-Xaçmaz regional elm və təhsil idarəsinin rəisi Rüfət Hacıyev şagird və müəllim kolkektivini salamlayıb, onları və bütün valideynləri 3 gündən sonra başlayacaq yeni dərs ili münasibəti ilə təbrik edib
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli də çıxışında şagirdləri salamlayaraq onlara nümunəvi təhsil almağı tövsiyə edib:
"Təbiət də sizi salamlayır. Bu məktəb sizə dövlətin, Prezidentin adından bir hədiyyədir. Siz yaxşı oxumalısınız ki, şəhidlərin ruhu şad olsun. Siz yaxşı oxumalısınız ki, qazilər baxıb sevinsin".
Xaçmaz İH başçısı Elnur Rzayev isə çıxışında yeni məktəbin şagirdlərinə xitabən "belə məktəbdə əla oxumamaq mümkün deyil. Gələn ilki qəbul imtahanlarında bu məktəbin məzunlarının hamısı tələbə adını qazanmalıdır", - deyə qeyd edib və şagirdlərə uğurlar arzulayıb.
Sonra tədbir iştirakçıları yeni və bərpa edilən korpusun şəraiti ilə tanış olublar. 960 yerlik yeni məktəb binasındakı müasir fənn kabinələri, kitabxana, hərbi otaq, 2 idman zalına baxış keçirilib.
Qeyd edək ki, Qusarçay məktəbində bir korpus yeni tikilib, bir korpus isə əsaslı bərpa edilib.
Qeyd edək ki, Qusarçay kənd məktəbindən əvvəl Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Quba-Xaçmaz regional elm və təhsil idarəsinin təhsil işçiləri üçün sentyabr konfransında iştirak edib və təhsil sahəsində qarşıda duran vəzifələrdən danışıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu