İran Ermənistandan niyə imtina etdi? - DETALLAR

Hazırda oxunan: İran Ermənistandan niyə imtina etdi? - DETALLAR

154602

"İran trekində hadisələr multiplikasiya sürəti ilə inkişaf edir. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyan İran prezidenti İbrahim Rəisi ilə söhbətində Azərbaycana qarşı hərbi dəstək zəmanəti almayıb. Üstəlik, İran mediasının yaydığı informasiyaya görə, Rəisi Paşinyana birbaşa deyib ki, Tehran “3+3” formatından kənar ünsiyyəti, xarici tərəfdaşlarla təlimləri və “şübhəli” səfərləri bəyənmir".

Bizim.Media xəbər verir ki, bu fikirlər minval.az saytında yer alıb.

"Demək olar ki, eyni vaxtda iranlı general-mayor Əhədinin rəhbərlik etdiyi hərbi nümayəndə heyəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Hərbi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası üçün Bakıya gəlib.

Danışıqlar apardılar, nəticələri müzakirə etdilər. Səfər çərçivəsində İranın Baş Qərargahı Bakıdakı Qənimətlər Parkını ziyarət edib. Bu, həm siyasi mesajdır, həm də İranın 44 günlük müharibə zamanı Araz sahilindən görmədiklərinin bariz nümayişidir.
Təbii ki, belə səfərlər əvvəlcədən hazırlanır. İran isə həmişə Bakının gözü qarşısında gülümsəməyə, eyni zamanda Ermənistanla qucaqlaşmağa hazır olub. Amma bu dəfə Ermənistanın Qərblə “qucaqlaşma” prosesi digər səmtə yönəlib. 

Ermənistan ABŞ-dan, Almaniyadan və hətta onun xüsusilə sevimlisi olan Fransasından da dəqiq təminat almadı. Eyni zamanda həm Moskva, həm də Tehranla münasibətlərini ciddi şəkildə pozdu. İranda isə rəsmilər özlərinə belə suallar verirlər: Məsələ ABŞ Milli Qvardiyası ilə birgə təlimləri və avropalı müşahidəçilərin gəlişi ilə məhdudlaşacaqmı? Bəs Ermənistan öz ərazisini İrana qarşı Qərb kəşfiyyatı fəaliyyəti üçün istifadəyə verməyə başlasa? Əgər söhbət hərbi bazalardan gedirsə?

Üstəlik, Tehran Ermənistanın “İran qoşunlarını Azərbaycanla sərhəddə toplayır” kimi saxta xəbərlərindən nəticə çıxarmalı idi.

İran əslində Ermənistanın onu Azərbaycana qarşı qoyacağı vəziyyətə düşmək istəmir. İran artıq əmin olub ki, birincisi, Azərbaycana münasibətdə təhdid və şantaj taktikası işləmir. İkincisi, Bakı nə ilə cavab verəcəyini və kimə güvənəcəyini yaxşı bilir.

Üçüncüsü və ən əsası Azərbaycan ilk növbədə ən yaxın qonşuları ilə əməkdaşlığa yönələn, proqnozlaşdırıla bilən siyasət yürüdür, şübhəli qeyri-regional oyunçuları regiona sürükləmir və üzərinə götürdüyü öhdəlikləri aydın və qətiyyətlə yerinə yetirir, Ermənistan kimi dediklərini inkar etmir.
Və bunun nəticəsidir ki, general-mayor Məhəmməd Əhədi artıq bəyan edir ki, bəzi qüvvələr son vaxtlar əsassız, yalan məlumatlar yayır, İranla Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə çalışır. İran nümayəndələri sərhəddə hərbi təlimlərə hazırlıq barədə xəbərləri təkzib edirlər, Azərbaycanla dostluq münasibətlərinə zəmanət verirlər. Ermənistan üçün bunun diplomatik fəlakət olduğunu xatırlatmağın mənası yoxdur", deyə nəşr qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin