Zaqatalada bir həftədə iki təbii FƏLAKƏT – Əvvəl dolu, indi də LEYSAN... – FOTO

Hazırda oxunan: Zaqatalada bir həftədə iki təbii FƏLAKƏT – Əvvəl dolu, indi də LEYSAN... – FOTO

154397

 Ardıcıl üçüncü gündür ki, Zaqatala rayonunda təbii fəlakət qeydə alınır.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, iki gün əvvəl rayonun Mazıx, Qəbzdərə, Car kəndlərinə dolu düşərək fəsadlar yaratmışdısa ötən gün güclük küləklə müşahidə olunan leysan yağışları Mazıx kəndi ilə yanaşı Yuxarı Tala kəndinə ciddi zərər vurub.

Doludan sonra leysan yağdı. Leysan yağışları səbəbindən bölgənin dağ çaylarında suyun səviyyəsi qalxıb. Kəndlərin yollarını, evləri, həyətləri sel suları basıb. Ən çox zərər çəkən kəndlərdən biri rayonun Mazıx kəndidir.



Mazıx kəndi ərazisinə yağan leysan yağışları səbəbindən kəndin mərkəzindən axan Dəli çay məcrasından çıxaraq sakinlərin həyətyanı sahəsini basıb. Güclü külək və leysan yağışları səbəbindən kəndin ərazisində bir neçə yerdə ağaclar elektrik naqillərinin və telekommunikasiya xətlərinin üstünə düşüb.
Mazıx kənd sakini Əli Dinayev deyir ki, kəndləri Katex çayın sahilindədir: “Yağışlar yağanda həmişə sel gəlir. Artıq iki gündür yağış yağıb və sel gəlib. Ağaclarda meyvə qalmayıb, arıxanam dağlıb, divarlar uçub, baxşa ətrafı bütün hasarları da sel-sular yuyub aparıb. Kəndə dünən axşam dolu da düşüb və böyük ziyan dəyib”.



Adı kimi Dəli çay. Dəli çayın daşması nəticəsində kənd sakininin hasarı aşıb, həyətyanı sahələr su altında qalıb. Sel suları altında qalan təsərrüfatlara, əkin sahələrinə, həyətyanı sahəsindəki bostan-tərəvəz və meyvə ağaclarına ciddi ziyan dəyib.Evlərə su dolması nəticəsində sakinlərin qış tədarükü üçün saxladıqları məhsullar məhv olub.

Mazıx kənd sakini Ayşa Çuxallayeva bildirir ki, doluyla birlikdə güclü yağış yağıb, sel gəlib. Daha sonra güclü külək müşahidə olunub:

Saltabın da barısını aşırıb və orda olan 500 kq fındığın hamısın sel aparıb. Toyuq-cücəmi aparıb, anbardakı unum, heyvanların yemi, qarğıdalının hamısı suyun içindədir. Evlərin də içini su basıb. Bizə çox ziyan dəyib”.

Yuxarı Talada onlarla evi, həyəti su basıb. Son təbii fəlakətdən ciddi zərər görən yaşayış məntəqələrindən biri də rayonun Yuxarı Tala kəndidir.
Burada da sakinlərin evlərinə ciddi zərər dəyib. Həyətyanı sahələrə dolan sel suların bir-neçə kənd sakinin arı pətəklərıni, toyuq-cücəsini və yardımçı tikililərdə olan fındıqları aparıb.

Yuxarı Tala kənd sakini Pirdast Əliyevanın sözlərinə görə, evlərini, həyətini lilli su basıb:

“Bütün məhəllə suyun, zibilin içindədir. Az qaldı evlərin içinə də dolsun. Uşaqlar çox qorxmuşdu, gecə biz uşaqları susdura bilmirdik. Gecə yarı kənd sovetinə zəng edəndən sonra traktor tapıb gətirəndən sonra çayın suyunun qarşısını kəsdilər.

O su kəsilməsəydi evlərin içi də zibillə dolacaqdı. Yollarımız da bərbad vəziyyətdədir” Müvafiq idarə və təşkilat nümayəndələri rayonda təbii fəlakətdən zərər görən sahələr üzrə təmir bərpa işləri aparır, dəymiş ziyanın miqyası dəqiqləşdirilir.
Yuxarı Tala kənd bələdiyyəsinin sədri Eldar Qanzayev deyir ki, güclü leysan və dolu bir neçə evin dam örtüyünü sıradan çıxarıb. Ardınca da yağan yağışlar nəticəsində həmin evlərə ciddi ziyan dəyib.

Kəndin ərazisindən keçən və iki çay var ki, bu çayların səviyyəsi son 40-50 ildə bu səviyyədə artmayıb:

“Artan sular vətəndaşların yüzlərlə həyatyanı sahəsinə ciddi ziyan vurub. Hər iki çayda baş verən sel nəticəsində kəndin ərazisindən keçən 7 km-dən artıq yollar dağlıb və bəlkə də keçilməz vəziyyətdədir”, - deyən bələdiyyə sədri hazırda kənd yollarının bərpası istiqamətində iş aparıldığını da sözlərinə əlavə edib.

Qeyd edək ki, son üç gündə Balakən rayonun Katex, Zaqatala rayonunun Qəbizdərə və Mazıx kəndləri ərazisinə düşən güclü və iri dolu səbəbindən 100-dən yuxarı evin dam örtüyü yararsız hala düşüb. Evlər yağış suları altında qalıb.



















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin