“Bankların kredit şərtləri çox ağırdır, asanlaşdırmaq lazımdır” – Komitə sədri

Hazırda oxunan: “Bankların kredit şərtləri çox ağırdır, asanlaşdırmaq lazımdır” – Komitə sədri

153921

Bu gün bankların əksəriyyəti regionlarda yaşayan əhaliyə kredit vermək istəmirlər. Xüsusilə də aqrar və biznes sahələrinə vəsait ayırmaqdan imtina edirlər və ya ağırlaşdırıcı şərtlər qoyurlar. Bu səbəbdən də regionlarda iqtisadi inkişaf paytaxta nisbətən xeyli zəifdir. Bu gün elə rayonlar var ki, vəziyyət daha gərgindir, yəni biznes sahəsi yox dərəcəsindədir, aqrar sahə isə zəif inkişaf edir. 

Bəs bu vəziyyətdən necə çıxmaq olar? Bununla bağlı hansı işlər görülməlidir?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev məsələnin çox ciddi və aktual olduğunu diqqətə çatdırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Bankların sahibkarlıq kreditləri üzrə FAİZ DƏRƏCƏLƏRİ – Hansı daha sərfəlidir? – ARAŞDIRMA


Regionlarda aqrar və biznes sahələrinin inkişaf etdirilməsinə ciddi ehtiyacın olduğunu deyən komitə sədri qeyd edib ki, bura ən aşağı faizlərlə kreditlərin verilməsi çox vacibdir:

“Ancaq kommersiya bankları çox ağır şərtlər irəli sürürlər. Əsasən də şəhər yerində daşınar və daşınmaz əmlakın olması kimi digər şərtlər çox ağırdır və əməl etmək mümkün deyil. Əgər sahibkarın belə imkanları varsa, banklardan kredit götürməyə də ehtiyacı olmaz və əlində olan vəsaitləri həmin sahələrin inkişafına yönəldər. Biz də parlamanetin iclaslarında bu barədə dəfələrlə çıxış etmişik, fikirlər səsləndirmişik və bəzi təkliflər irəli sürmüşük.

Hətta banklar qarşısında tələblər qoymuşuq ki, regionlar üçün qoyduqları şərtləri asanlaşdırsınlar, kreditin əlçatanlılığını təmin etsinlər və girov məsələsini aradan qaldırsınlar. Ona görə ki, bir sahibkar kənddə yaşayırsa, deməli onun evi, torpaq sahəsi, mal-qarası və digər mülkiyyət növləri var ki, onlardan girov kimi istifadə edə bilər”.   

Bu halların ölkə iqtisadiyyatının inkişafına mane olduğunu söyləyən deputatın fikrincə, hökumət bu hallarla bağlı banklar qarşısında ya tələblər qoymalı, ya da dəstək verməlidir:

“Mərkəzi Bank və digər digər aidiyyatı qurumlar tərəfindən müvafiq tədbirlər görülərsə, həm regionlarda aqrar və biznes sektorlarının inkişafına nail olarıq, həm də işsizliyi müəyyən qədər aradan qaldıra bilər. Ona görə ki, bizneslə məşğul olan şəxs özünə bir və ya bir neçə işçi götürəcək. İstər, xidmət, istər, biznes, istərsə də aqrar sahə olsun, burada elə vəzifələr var ki, onları yetirən insanlar işlə təmin oluna bilərlər”. 

Bəs bankların regionlara vəsaitlər ayrımaqdan imtina etməsinin səbəbləri nədir? Bu, nə ilə bağlıdır?

Müsahibimiz vurğuladı ki, bu problemin yaranmasında təkcə banklar deyil, bəzi vətəndaşlar da günahkardır:

“Belə ki, bir qrup insan bankdan götürdüyü krediti aidiyyatı sahəyə deyil, başqa sahələrə yönəldirlər ki, bunun da heç bir nəticəsi olmur və banklara borclu qalırlar. Bir neçə dəfə özüm də şahidi olmuşam. Elələri var ki, kiçik və orta sahibkarlıq adı ilə 10, 20, hətta 40 min manata qədər kredit götürürlər, amma bununla ya avtomobil alır, ya özünə ev inşa etdirir, ya ailəsi ilə birlikdə hansısa ölkəyə istirahətə gedirlər. 

Bu və digər amillərə görə də ölkə əhalisinin yarısından çoxu banklara borcludur. Araşdırmalar da göstərir ki, götürülən vəsaitlərin 70 faizə qədəri təyinatı üzrə xərclənməyib. Bu baxımdan da kreditlər elə şəxslərə verilməlidir ki, onlar həqiqətən də öz sahəsinin inkişafında maraqlıdır və əlində layihəsi var”. 

Fermer təsərrüfatının inkişafı üçün dövlət tərəfindən kəndlilərə xırda və iri buynuzlu heyvanlar verildiyini xatırladan T. Rzayev vacib bir məqamı da diqqətə çatdırıb:

“Ancaq həmin şəxslər heyvanları bazara çıxararaq satır və əldə etdiyi pulu başqa məqsədlər üçün xərcləyir. Gərək insanlarda bu sahələr üçün maraq olsun və götürülən kreditlər təyinatı üzrə xərclənsin. Yatırım edilən sahə inkişaf etməlidir ki, bankdan götürülən borc da geri qaytarılsın. Amma bu hal olmadığı üçün banklar ya imtina edir, ya da ağır şərtlər qoyurlar. 

Şəhər yerlərində mülkün olması ona görə tələb olunur ki, kənd yerində mülkü satmaq çətindir, amma şəhərlərdə belə deyil. Əgər vətəndaş aldığı vəsaiti geri qaytara bilmirsə, o zaman şəhərdəki mülkü sataraq borcunu bağlaya bilir. Əgər bank rəhbərliyi bilsə ki, ondan alınan vəsaitlər təyinatı üzrə yönəldiləcək və əldə etdiyi qazancla krediti vaxtında qaytaracaq, o zaman da regionlara vəsait ayırmaqda maraqlı olacaq və sadaladığım problemlər yaşanmayacaq. 

Bu gün elə insanlar var ki, banka 100 min, hətta 200 və 300 min manat borcu var. Buna görə də evləri, daşınar və daşınmaz əmlkaları müsadirə olunur. Bir çoxlarının isə cinayət məsuliyyətinə cəlb olunması barəsində qərarlar verilir”. 

Deputat, parlamentin payız sessiyalarında bu məsələnin yenidən qaldırılacağını və müzakirələrin aparılacağını diqqətə çatdırıb:

“Əvvəlki sessiyalarda da həmkarlarım tərəfindən bu məsələ qaldırılıb. Bu barədə yenidən müraciətlər və təkliflər olarsa, müzakirələr davam etdiriləcək. Mən özüm də bu məsələdə maraqlıyam. Yəqin ki, payız sessiyalarında müəyyən fikirlər olacaq və təkliflər səsləndiriləcək”.

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin