Naxçıvan Dövlət Universitetində nöqsanlar AŞKAR EDİLDİ

Hazırda oxunan: Naxçıvan Dövlət Universitetində nöqsanlar AŞKAR EDİLDİ

153902

Hesablama Palatası Naxçıvan Dövlət Universitetində audit aparıb.

Bu barədə Bizim.Media-ya Palatadan bildirilib.

Auditin nəticələrinə əsasən təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açıb.

Belə ki, universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub.

Eyni zamanda təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilmiş, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunub.

Bu il yanvarın 1-nə qədər universitetdə təhsilini başa vurmuş və ya müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmadan audit dövrünün sonuna debitor borc yaranaraq təhsil haqqı üzrə gəlirlər 11 milyon 241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6 milyon 985,1 min manat az icra edilib.

Əcnəbi təhsilalanlar üzrə göstərilən borcun tərkibində bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan 1 159 tələbə üzrə 6 milyon 069,1 min manat təhsil haqqı borcu uzun müddət təhsil haqqı borcunu ödəməyən və bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılan tələbələri əhatə edib.
Təhsilin müxtəlif forma və səviyyələri üzrə təhsil haqlarının Nazirlər Kabinetinin təsdiq etdiyi həddən aşağı müəyyən olunması, eləcə də müqavilələrin təsbit edilmiş haqlar çərçivəsində bağlanılmaması, akademik borcların ləğv edilməsi üzrə məbləğlərin düzgün müəyyənləşdirilməməsi ümumilikdə gəlirlərin 761,6 min manat məbləğində az icra edilməsi ilə nəticələnib.

Təhsilalanlar üzrə hesabatlılığın təmin edilməsində yol verilmiş nöqsanlar dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmaması ilə nəticələnib, eləcə də aidiyyəti məlumat bazalarının müqayisə edilməməsi, həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.

Auditlə əhatə edilən illərdə universitetdə müxtəlif xidmətlərin göstərilməsi üzrə bağlanmış icarə müqavilələrində icarəyə verilən sahənin ölçülərinin göstərilməməsi, eləcə də icarə məbləğinin düzgün müəyyənləşdirilməməsi və bəzi hallarda alınmaması hallarına yol verilib.

Auditin nəticələri üzrə Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə universitetin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi, o cümlədən doldurulmadan diplomların doldurulması və qeydə alınması üzrə işlərin görüldüyü, təkrar imtahan vermək üçün kredit haqqı məbləğinin fənlər üzrə müəyyən olunduğu, 1 yanvar 2023-cü il tarixinə təqdim edilmiş təhsil haqqı üzrə 1 milyon 701 min manat debitor və 35 min 688 manat kreditor məbləğinin uçota alındığı, ümumilikdə 469,5 min manat məbləğində vəsaitin müvafiq qaydada, maddi məsul şəxsin öhdəsində olan çatışmayan və dəyəri göstərilməyən 15 adda 145 ədəd maddi qiymətlinin natura formasında bərpa edildiyi, 70,4 min manat dəyərində artıq gəlmənin uçota götürüldüyü nəzərə alınıb.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin