Qəzalara YAŞIL İŞIQ - Silinən piyada zolaqlarına görə məsuliyyəti KİM DAŞIYIR?

Hazırda oxunan: Qəzalara YAŞIL İŞIQ - Silinən piyada zolaqlarına görə məsuliyyəti KİM DAŞIYIR?

153886

Son dövrlər piyada zolaqlarında baş verən qəzaların sayı kifayət qədər çoxdur. Səbəblər müxtəlif olsa da, əksərən işıqforların olmadığı piyada zolaqlarında xətlərin silinməsi nəticəsində qəzalar  baş verir.

Təəssüf ki, şəhərin müxtəlif yerlərində hələ də hərəkət zolağından fərqlənməyən piyada keçidləri kimi tanınan yerlər var. Belə yerlərdə isə ən çox axşamlar olmaqla çoxsaylı qəzalar baş verir.

İşin əsas tərəfi odur ki, silinən piyada zolaqlarında qəza olduqda əsl günahkarı ayırd etmək biraz qəliz olur. İlk baxışdan sürücü yaxud piyada günahkar görünsə də heç kim belə vəziyyətdə olan keçidlərə görə məsuliyyət daşıyanı axtarmır. Sözügedən səbəbdən baş verən bədbəxt hadisələr davam etdiyinə görə məsələ ciddi narahatlıq doğurur.

Bəs, görəsən silinmiş piyada zolaqları niyə tez bir zamanda bərpa olunmur?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov Bizim.Media-ya açıqlamasında bildirib ki, silinən nişanlanma xətlərinin yenilənməsi  mərhələli qaydada həyata keçirilir:
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bu yolda piyada zolağı var, ancaq istifadə etmək olmur - VİDEO


“Yol nişanlanma xətlərinin boyalarının silinməsi müxtəlif səbəblərdən baş verir. Silinən piyada zolaqlarında boyaların rənginin solmasını yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır”.

Maraqlıdır, silinmiş piyada zolaqlarındakı qəzalara görə məsuliyyəti kim daşıyır?

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, zolaqların silinməsinə əsas səbəb keyfiyyətsiz boyalardan istifadə olunmasıdır ki, istənilən halda bunu tənzimləmək mümkündür:

“Piyada keçidləri ilə bağlı çox ciddi problemlər var. Bəzən keçidlər çəkildikdən 2 ay sonra yoxa çıxır. Nə qədər keyfiyyətlidir desələr də, real mənzərə onu göstərir ki, bu keyfiyyətli deyil. Əgər yerli boyalar effekt vermirsə, bunu xaricdən də almaq olar. Yaxud yerli şirkətlərə sifariş verərkən tələblər qoymaq olar. Yəni əvvəlcədən deyilməlidir ki, “lazım olan keyfiyyətdə hazırlaya bilmirsinizsə, ehtiyac yoxdur”. Başqa ölkələrdən daha keyfiyyətlisini almaq olar”

Ekspert qeyd edib ki, dünyada artıq “3D, “4D” və müxtəlif formatlı diqqətçəkən piyada keçidləri olduğu halda bizdə silinən piyada zolaqlarının olması sözün əsl mənasında biabırçılıqdır:

“Çünki yol çizgi xətləri, piyada keçidləri bunlar hamısı diqqət yetirilməli işlərdir. Həmçinin sürücüləri xəbərdar edən və insanlara yol göstərən yerdir. Bunlar görünməz vəziyyətdədirsə, o zaman təhlükə qaçılmazdır, hər an risk var. Xüsusilə piyada keçidlərində mövcud vəziyyət acınacaqlıdır. Dünya ölkələri ən müasir texnologiyalı piyada  zolaqlarına keçirlər. Azərbaycanda isə hələ sovet dövründən qalan sadə boyanı vurub normal insanların istifadəsinə verə bilmirlər”.

Elməddin Muradlı silinən piyada zolaqlarındakı qəzalara günahkar kimi aidiyyəti qurumların səhlənkarlığını görüb:

“Bununla bağlı ciddi ölçü götürülməli, tapşırıqlar verilməlidir ki, aidiyyəti qurumlar məsələyə ciddi yanaşsınlar. Yəni, piyada xətləri görünmürsə, burda sürücüdən qayda-qanun tələb eləmək düzgün deyil. Həmçinin piyadadan da bunu tələb edə bilmərik. Çünki qayda tələb eləmək üçün gərək ilk növbədə qaydanı bərqərar edəsən. Qaydanın işlək olması üçün birinci növbədə şərait yaradılmalıdır”.

Yekun olaraq belə qənaətə gəlmək olar ki, piyada zolaqlarının diqqətdən kənarda qalması hamımız üçün olduqca narahatedici haldır. Ümidvarıq ki, aidiyyəti qurumlar məsələni tez bir zamanda diqqətə alıb, lazım olan işləri görərlər. 
Əks halda, insan tələfatı ilə nəticələnən qəzaların baş verməsi qaçılmazdır.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin