Dünyada TAXIL BÖHRANI – Azərbaycanda qiymətlər BAHALAŞACAQ? – ARAŞDIRMA 

Hazırda oxunan: Dünyada TAXIL BÖHRANI – Azərbaycanda qiymətlər BAHALAŞACAQ? – ARAŞDIRMA 

153549

Rusiyanın iyul ayında “Taxıl sazişi”ndə çıxmasından sonra dünya bazarında taxılın, əsasən də əmtəəlik buğdanın qiymətində artımların olması ehtimalı yüksəlməkdədir. Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Pyer-Olivier Qurinşas iyulun 26-da yaydığı açıqlamasında, Rusiyanın bu addımının taxılın qiymətinin 10-15% artmasına səbəb ola biləcəyini bildirib. 

Son proseslər də göstərir ki, onun 1 ay yarım əvvəl söylədikləri özünü doğruldur və üzü payıza doğru bu sahədə ciddi artımlar baş verəcək.

Bəs, statistika nə deyir?

Qeyd edək ki, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi son açıqlamasında, ölkənin buğdaya ümumi tələbatı ildə 3,2-3,3 milyon ton təşkil etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, 2023-cü ildə sahələrdən 2 milyon 975 min 3 yüz ton məhsul toplanılıb və məhsuldarlıq 32 sentnerə bərabər olub. Məhsulun 62,7 faizini, yəni təqribən 1 milyon 854 min tonunu və ya 62,7 faizini buğda, 1064,1 min tonunu və 36,5 faizini arpa, 22,6 min tonunu və ya 0,8 faizini isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya “Taxıl sazişi”ni dayandırdı – Azərbaycanda ÇÖRƏK BAHALAŞACAQ?


Dövlət Gömrük Komitəsinin təqdim etdiyi son hesabatda isə göstərilir ki, yanvar-iyul aylarında 578 003.70 ton buğda idxal olunub ki, bunun da statistik dəyəri 164 milyon 684.85 min ABŞ dolları təşkil edir. 2022-ci ildə isə ümumilikdə 1 milyon 300 min ton buğda idxal edilib ki, statistik dəyəri 436 milyon 551,2 min ABŞ dolları həcmində olub. Cari ildə isə bunun bir qədər artacağı gözlənilir. 

Bundan əlavə, 2022-ci ildə ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 341 dollar (579 manat), 2021-ci ilin eyni dövründə isə orta qiymət 282 dollar (480 manat) olub.

Cari ilin sonuna qədər bu rəqəmin 360-370 dollar arasında dəyərləndiriləcəyi proqnozlaşdırılır.
Ümumi tələbatımızın 3,2-3,3 milyon ton olduğunu və 7 aylıq idxal göstəricisini də nəzərə alsaq, aydın olar ki, ölkəmizin bundan sonra təxminən 2 milyon 700 min tondan çox buğda idxal etməsi lazımdır. Əgər cari ilin sonuna qədər bu həcmdə idxala nail olsaq, o zaman daxili tələbatı tam ödəyə və qiymət artımlarını müəyyən qədər əngəlləyə bilərik. 

Rusiya-Ukrayna müharibəsinin təsirləri

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Rusiya – Ukrayna müharibəsi başlayandan sonra dünya taxıl bazarında kəskin qiymət artımları baş verdi.

Artımın cari ilin yay aylarına qədər təqribən 40 faizə qalxdığını deyən N.Cəfərli qeyd edib ki, bununla əlaqədar, dünya bazarlarında ciddi təhlükə və ajiotaj yaranmışdı:

“Belə düşünülürdü ki, Ukraynaya məxsus 40-45 milyon tona qədər buğda məhsulu bazara çıxa bilməyəcək. Bununla yanaşı, Rusiyanın bu bazarda taxıl satmasına mane olmaq üçün sanksiyalar səbəbindən maneələr yaradılmışdı. Rusiyanın “Selxozbank” Bankının satış birjalarından ayırdıqları üçün satınalmalar zamanı pul köçürmələrində ləngimələr yaranırdı.

Sonra Türkiyənin bilavasitə iştirakı ilə “Taxıl sazişi” imzalandı və bu ilin iyul ayına qdər qüvvədə oldu. Bu bir il ərzində taxıl qiymətlərində enmələr baş verdi. Ancaq Kreml bu sazişi dayandırdıqdan sonra Ukrayna böyük çətinliklərlə üz-üzə qalıb. Çünki, öz taxılını çox çətinliklə Rumıniya vasitəsilə dünya bazarına çıxara bilir. Artıq Rusiya da böyük problemlə qarşılaşıb. Belə ki, gəmilərinin Qara dəniz höfzəsində rahat şəkildə üzə bilməməsi  və digər hallar istehsal etdiyi taxıl məhsullarının bahalaşmasına səbəb oldu”.

Bu problemlərin Azərbaycanın taxıl bazarına təsirlərinə gəldikdə isə ekspert qeyd edib ki, ölkəmiz ərzaqlıq buğdaya olan tələbatının cəmi 25-26 faizini daxili istehsal hesabına ödəyə bilir:

“Yerdə qalan 74-75 faizini xarici ölkələrdən alır. Uzun illərdir ki, Azərbaycanın buğda idxal etdiyi ölkə əsasən Rusiyadır. Ancaq ötən il Rusiya ilə bağlı yaşanan problemlərdən sonra Qazaxıstan üzərindən də taxılın alınması birdən-birə 30 faiz artdı. Amma bu taxılın qiyməti Rusiya taxılından  təxminən 5-8 faiz baha olub ki, bu da logistika və daşınma xərclərinin artması ilə bağlıdır”. 

Onun sözlərinə görə, son 1-1,5 ay ərzində buğda qiymətlərində dalğalanmalar baş verir və bu da qiymət artımları ilə müşayiət olunur:

“Təəssüf ki, bu artımlar idxal olunan məhsulun qiymətinə təsir göstərəcək. Hazırda qiymətlər 2022-ci ildəki pik nöqtədən xeyil aşağı olsa da, cüzi artımlar müşahidə olunur. Bununla belə qlobal bahalaşma ölkəmizə idxal olunan buğdanın da qiymətlərinə tədsir edəcək və cari ayın ortalarından etibarən biz də bunu hiss edəcəyik. 

Daxildə istehsal olunan taxılın keyfiyyəti xaricdən idxalın azalmasına imkan vermir. Bir üstün cəhətimiz ondan ibarətdir ki, hökumət qlobal bahalaşmanın qarşısını almaq üçün cəld tərpəndi və doğru qərarlar verdi. Rusiya-Ukrayna müharibəsindən sonra taxıl ehtiyatlarımızın həcmi xeyli artıb və hazırda təxminən 300 min tona yaxındır. Əgər kəskin qiymət artımı baş verərsə, bundan istifadə edə bilərik ki, bu da ölkədə artım tempini xeyli aşağı sala bilər. Bununla belə, payız aylarında un və un məmulatlarının qiymətində növbəti artım baş verə bilər”. 

Azərbaycanın əmtəəlik buğdaya olan illik tələbatının 2 milyon tona yaxın olduğunu söyləyən ekspert, bunun ən yaxşı halda 25-28 faizinin daxili istehsal hesabına ödənildiyini vurğuladı:

“Əmtəəlik buğdanın keyfiyyəti yüksək olmalıdır ki, üyüdülən zaman verimliliyi də yüksək olsun. Daxili istehsal olan buğdanın keyfiyyət göstəriciləri az olduğu üçün Rusiya, Ukrayna və Qazaxıstandan buğda almağa məcbur oluruq. Həmin məhsulu öz məhsulumuzla qarışdırmalıyıq ki, keyfiyyət göstəriciləri yüksəlsin”. 

Azərbaycanın əsas probleminin məhsuldarlıqla bağlı olmadığını deyən N.Cəfərlinin dediyinə görə, bu sahədə xeyli irəliləyiş var:

“Bu, Kənd Təsərrüfatı Nazirliyinin son açıqlamalarından da görünür. Təxminən 7-8 il əvvəl məhsuldarlıq 18 sentner idi. Amma hazırda 30 sentneri keçib ki, bu da müsbət göstəricidir. Əsas problem keyfiyyətlə bağlıdır. Əgər bu problem də həll olunsa, xarici idxalı xeyli azaltmaq mümkün olacaq”.

Əgər daxili taxıl ehtiyatı artırılarsa, qiymət artımının qarşısını almaq mümkün olacaq, yoxsa, bu, qlobal tendensiya olduğu üçün bahalaşma ölkəmizə də sıçrayacaq?

Bahalaşmanın qaçınılmaz olacağını söyləyən müsahibimiz düşünür ki, daxili resurslardan istifadə etsək, qiymət artımı cüzi olacaq:

“Əgər ehtiyata toxunmasaq və Rusiya və Qazaxıstandan yeni qiymətlərlə taxılın alınması davam etsə, o zaman un və un məmulatlarında ciddi artımlar müşahidə edə bilərik”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin