Separatçı rejimin “payızı”: SƏBƏB VƏ NƏTİCƏLƏR

Hazırda oxunan: Separatçı rejimin “payızı”: SƏBƏB VƏ NƏTİCƏLƏR

153478

Sentyabr ayı Qarabağdakı separatçı rejim üçün əlamətdar hadisə ilə başlayıb. Qondarma qurumun rəhbəri Arayik Arutyunyan “istefa” verib. 

Bizim.Media xəbər verir ki, bu fikirlər Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin təhlilində yer alıb.

Mənbə yazır ki, Arutyunyanla birlikdə “dövlət naziri” Qurgen Nersisyan və “müşaviri” Artak Beqlaryan da “vəzifə”lərindən uzaqlaşıblar.

Mümkün səbəblər 

Arayikin gedişi onun mövcud vəziyyətdəki acizliyi ilə bağlıdır. İrəvan və Moskvadan əli üzülən Arutyunyan çıxış yolunu yalnız “istefa” verməkdə görüb.

Bu, həm də separatçı qurum daxilində hakimiyyət çəkişməsinin daha da kəskinləşməsi və Qarabağ klanını təcəssüm etdirən “köhnələr”in təzyiqinin qanunauyğun nəticəsidir. Hakimiyyət dəyişikliyi prosesi avqustun əvvəlində qondarma rejimin qanunsuz “parlament”i rəhbərliyinə daşnak David İşxanyanın gətirilməsilə başlayıb.

Separatçıların yeni “dövlət naziri”, yerli “təhlükəsizlik strukturları”ndakı fəaliyyətilə tanınan Samvel Şahramanyanın da vaxtilə qondarma rejimə rəhbərlik edən və ölkəmizə qarşı ən qatı mövqeyilə seçilən Bako Saakyana yaxın olduğu bildirilir. 
Baş verənlərdə Paşinyanın uğursuz siyasəti də mühüm rol oynayıb. Belə ki, baş nazirin uzaqgörənlikdən yoxsul, səriştəsiz davranışı, təsirli addımlar əvəzinə boş səs-küyə üstünlük verməsi qondarma qurum daxilində halimiyyət dəyişikliyinə şərait yaradıb.

İlkin nəticələr

Arutyunyanın öz ətrafı ilə birlikdə separatçı rejimin rəhbərliyindən uzaqlaşdırılması Qarabağ klanı və daşnak tandeminin 2018-ci ildən bəri ilk qələbəsidir. Bu qrup Azərbaycana münasibətdə ən radikal mövqe nümayiş etdirir. Bölgədə radikalların aktivləşməsinə paralel olaraq, Livan, Fransa və ABŞ-da da daşnaklar xeyli fəallaşıblar. 

Hakimiyyət dəyişikliyi Paşinyanla Qarabağ erməniləri rəhbərliyinin münasibətlərini daha da mürəkkəbləşdirəcək. Çünki bu qrup artıq baş nazir üzərində, kişik də olsa, qələbənin dadını hiss edib və daha artığına nail olmağa çalışacaq. 

Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması ilə bağlı Paşinyana qarşı irəli sürülən ittihamlar daha da şiddətlənəcək. Bunun qarşılığında isə Nikolun öz rəqibləri olan Qarabağdakı hərbi diktaturanı necə maliyyələşdirməkdə davam etməsi maraqlı olacaq.
Əgər Arayık Ermənistanda siyasi nüfuza malik deyildisə və bir növ Paşinyanın Qarabağdakı ardıcılı kimi çıxış edirdisə, Qarabağ klanı ilə daşnaklar Ermənistanda siyasi gücə malikdirlər və öz nailiyyətlərini inkişaf etdirmək istəyirlər. Üstəlik, İrəvanda yerli seçkilərə az qalıb və bu, Qarabağ klanı üçün Ermənistanda hakimiyyəti geri qaytarmaq yolunda son şans ola bilər.

Hazırda Paşinyan üçün əsas məsələ Qarabağ ermənilərinin İrəvanda peyda olmamasıdır. Təbii ki, burada bir çox məsələ qarşıdakı mitinqlərin miqyasından, Ermənistanın özünün təhlükəsizliyi mövzusunun aktuallaşmasından, güc aparatının konsolidasiyasından asılı olacaq.

Bölgədəki hərbi eskalasiya məhz erməni cəmiyyətinin diqqətini daxili mövzulardan yayındırmaq və ictimaiyyəti ümumi təhlükə qarşısında mövcud lider ətrafında birləşdirməyə xidmət edir.

Paşinyan paytaxtı itirə və burada rusiyapərəst qüvvələrin təsiri arta bilər. Rusiya ilə sıçrayışla artan ticarət dövriyyəsi fonunda reeksport və sanksiyalardan yan keçməyin bəhrəsini görən sahibkarlar öz maraqları naminə Paşinyandan asanlıqla imtina edə bilərlər.

Moskvaya gəlincə, şimal qonşumuzun belə vəziyyətdə istədiyinə nail olması - Qərblə Azərbaycan arasında münasibətlərin korlanması, sülh müqaviləsinin imzalanmaması və Ermənistanda rusiyayönlü qüvvələrin güclənməsi mümkündür.

Zaman azalır, məkan daralır

Azərbaycan aykido prinsipini tətbiq edir - zərbədən qaçır və hücum edənin enerjisindən yararlanır. Ermənilərin bütün fəaliyyəti sonda Azərbaycan üçün öz gündəmini həyata keçirmək yolunda əlavə fürsətə çevrilir. Lakin artıq indiki ssenaridə Ermənistanla razılığa gəlmək üçün getdikcə zaman azalır və məkan daralır.

Paşinyan Araiki “Qarabaq ermənilərinin legitim təmsilçisi kimi” Azərbaycanla danışıqlara cəlb etməyə çalışsa da, bizim üçün qazdığı quyuya özü düşdü. Beləliklə də, “legitimlik” puç oldu və separatçı rejimin hərbi xunta mahiyyəti bir daha təsdiqini tapdı. Bu reallıq artıq Qərb üçün də aydın olmalıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin