“Şahdəniz”in yubiley hasilatı, neft qiymətlərində bahalaşma... – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: “Şahdəniz”in yubiley hasilatı, neft qiymətlərində bahalaşma... – İlham Şabanın ŞƏRHİ

153308

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Artıq təqvim yayı arxada qaldı. Ümumən, istər qış mövsümü olsun, istərsə də yay, cari il Azərbaycan üçün kifayət qədər qənaətbəxş keçdi. Mülayim qışdan sonra erkən yazın ətri duyuldu, bol günəş kənd təsərrüfatı məhsullarının bazara daha tez çıxması üçün şərait yaratdı və hələ payızın nəfəsi duyulmamış Azərbaycan istehlakçısı müxtəlif çeşidli məhsulların bolluğunu hiss edir.

Faktiki olaraq iyun-iyul ayları Azərbaycan üçün ənənəvi olan yay havasından sərin keçdi. Bundan əlavə, məncə, hələ indiyə qədər bizim hətta Aran zonası yayda bu qədər yağışlı günlərlə qarşılaşmamışdı. Niyə ötən dövrün havası üzərində bu qədər dayandım.

Çünki enerji sərfiyyatı birbaşa klimatik faktorlara bağlıdır. Məhz daxili bazardakı münbit şərait Azərbaycana imkan verdi ki, 2023-cü ildə həm qaz ixracı coğrafiyasını genişləndirsin, həm də elektrik enerjisi ixracı ölkənin qeyri-neft sektoru üzrə əldə edilən qazanca görə liderlik səviyyəsinə yüksəlsin. Bütün bunlar ölkəmiz üçün pozitiv haldır.

Elə yola saldığımız həftə ərzində də ölkəmizin enerji həyatında bir sıra pozitiv hadisələr baş verib. Amma onlara keçməzdən öncə dünyanın neft-qaz bazarlarındakı hadisələrdən də Sizləri agah etmək istərdim, çünki bizim enerji daşıyıcılarımızın ölkəmizə gətirdiyi qazanc birbaşa dünya bazarlarındakı qiymətlərdən asılıdır.

Qlobal bazarlar.

Neft qiymətləri həftəni hiss ediləcək artımla başa vurdu. Londonun “ICE Futures” əmtəə birjasında “Brent” markalı neftin qiyməti hər barel üçün 88 dolları aşa bildi. Həftənin əvvəli isə “qara qızıl” hərraclarda 84 dollardan bir qədər baha satılırdı.

Nyu-York əmtəə birjasında (NYMEX) hərraclar zamanı WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti bu vaxta qədər 1,38 dollar (1,65%) artaraq 1 barelə görə 85,01 dollar təşkil edib. Fyuçerslər keçən ilin noyabrından bəri ilk dəfə bir barel üçün 85 dollardan yuxarı satılır.
Bazarda quymət artımı Çin iqtisadiyyatının vəziyyətini əks etdirən müsbət statistik məlumatlar, eləcə də qlobal neft tədarükünün məhdudlaşdırılması (Səudiyyə və Rusiyanın sentyabrda neft ixracı həcmlərini OPEC+ kvotasından əlavə müvafiq olaraq gündəlik 1 milyon və 300 min barel azaltmaq bəyanatları) yönümündə gələn siqnallardan qaynaqlanırdı.

Bir məsələni də xatırladım ki, qlobal bazarlarda yüngül (bahalı) neft markalarının qiyməti 80 dollardan yuxarı iyulun 10-dan etibarən ticarət edilir. Onu deyim ki, hələ mayın əvvəllərindən başlayaraq “ilin ikinci yarısında neft qiymətləri bahalaşacaq” kimi mötəbər qurumların verdikləri proqnozlar özünü doğruldur.

Qaz qiymətlərinə gəlincə isə...

Həftə ərzində Avropada mavi yanacağın qiymətlərində kəskin eniş və artım müşayət edilib, qaz 389-435 dollar arasında ticarət edilib.

Qiymətin qeyri-stabilliyi isə Avstraliyada maye qaz istehsal edən 3 zavodun işçilərinin əmək haqlarının artımı ilə bağlı sentyabrın 7-dən tətilə başlaması tələblərinə bağlıdır. Həftə ərzində zavod rəhbərliyinin həmkarlar ittifaqları ilə ortaq məxrəcə gələ bilməməsi ucbatından bazarda vəziyyət qeyri-stabil olaraq qalıb.
 

MÖVZU İLƏ BAĞLI:

Macarıstandan sonra Slovakiyaya da qazımız nəql olunacaq? – İlham Şabanın ŞƏRHİ


Çünki tətil baş verdiyi halda dünya bazarına çıxarılan maye qaz həcmləri 10%-dək azala bilər. İstər neft qiymətlərinin, istərsə də qaz qiymətlərinin bu səviyyədə ticarət edilməsi Azərbaycan üçün neft-qaz ixracından əldə etdiyi qazancı proqnoz göstəricilərindən xeyli artımla başa vurmasına şərait yaradır.Amma ölkəmizdə əsas diqqət yola saldığımız həftə qaz amili üzərində cəmləşmişdi.

“Şahdəniz”in 200 milyardlıq qazı.

Həftənin ilk günü Azərbaycanın enerji həyatı üçün xoş xəbərlə başladı. BP və tərəfdaşları “Şahdəniz” yatağından hasilatın başlanğıcından (2006-cı ilin 15 dekabrından) ümumilikdə 200 milyard kubmetr qaz əldə etdiklərini ictimaiyyətə çatdırdılar.

“Avqustun 26-da “Şahdəniz” yatağından hasilatın başlanğıcından 200 milyardıncı kubmetr qaz əldə olunub”, - deyə “bp-Azerbaijan” şirkətinin məlumatında deyilirdi.

Məlumata görə, hazırda yataqda qaz hasilatı 25 quyudan (“Şahdəniz Alfa” platfosmaında - 11 quyu və “Şahdəniz Bravo” platfomasında - 14 quyu) həyata keçirilir. Bu quyulardan ümumilikdə gündəlik olaraq orta hesabla 72,6 milyon kubmetr qaz hasil edilir.
Bu da son deyil. “Şahdəniz” yatağının işlənməsi üzrə bu il daha bir əlamətdar hadisə gözlənilir. Dördüncü rübdə yatağın şərq-şimal cinahının istismara verilməsi planlaşdırılır ki, bununla da yataqda əlavə iki hasilat quyusu işə salınacaq.Yəni “Şahdəniz” yatağı üzrə illik stabil olaraq 26 milyard kubmetr əmtəəlik qazın çıxarılmasına nail olunacaq.

İndi bu yatağın Azərbaycana nə verdiyinə diqqətinizi çəkmək istərdim: 2007-ci ilə qədər, yəni “Şahdəniz” yatağının istismara verilməsinə qədər Azərbaycanda qaz hasilatı 6 milyard kubmetrdən aşağı səviyyədə idi, bundan əlavə 2000-ci ildən başlayaraq Azərbaycan qaz idxalçısı idi (ildə orta hesabla Rusiyadan 4 milyard kubmetr qaz alırdı).

“Şahdəniz” yatağı Azərbaycanı təkcə qaza olan daxili tələbatını ödəmək məsələsini həll etməyə kömək etmədi, həmçinin ölkəmizin adını qaz ixracatçıları sırasına da yazdı.

Biz əvvəlcə qazımızı regional bazarda satmağa nail olduq, 2020-ci ildən isə qlobal bazarlara – Avropa İttifaqı ölkələrinə qaz ixracına başladıq. Ötən il ilk dəfə Avropada qaz ixracı həcmlərimizi 11 milyard kubmetr həddini aşdı, bu il isə 11,5 həddini keçmək niyyətimiz var.

Bütün bunlar isə “Şahdəniz” qaz yatağının işlənməsi hesabına əldə edilib və Azərbaycanın enerji bazarında neftdən mavi yanacağa tranformasiyasının başlanğıcını qoyub.

 “Abşeron” yatağı: siyasət və iqtisadiyyat arasındakı yol.

Avqustun son günü Azərbaycan Prezidenti İlham Əliyev Fransanın neft-qaz nəhəngi sayılan “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyannenı qəbul edib. Rəsmi açıqlanan məlumata əsasən, görüşdə “Abşeron” qaz-kondensat yatağında hasilatın başlanılması vurğulanıb və dövlət başçısına məlumat verilib ki, iyulun 10-da istismara verilən hasilat quyusunun məhsuldarlığı çox yüksəkdir və ən aşağı karbon tullantılarına malik quyudur.

Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir. Tərəflər həmçinin “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparıblar.

Dövlət başçısı ilə görüşdən sonra Fransa şirkətinin nümayəndə heyətini Azərbaycan energetika naziri Pərviz Şahbazov, İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov qəbul edib. Daha sonra isə SOCAR-ın baş ofisində “TotalEnergies” şirkəti nümayəndə heyəti ilə görüş olub.
Xaricdən avqustun 31-də Bakıda yaşananları seyr etmək və bunlardan nəsə anlamaq heç də asan olmayıb. Çünki həmin gün rəsmi Bakının Fransaya etiraz notası ilə açılmışdı. Açıqlanan məlumata görə, Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq Paris şəhərinin meri Ann İdalqo daxil olmaqla Fransanın bir neçə şəhərinin rəhbər şəxslərinin müşayiəti ilə “humanitar yük” adı altında Laçın sərhəd buraxılış məntəqəsi istiqamətinə nəqliyyat vasitələrinin göndərilməsi və həmin şəxslər tərəfindən Azərbaycana qarşı təxribatçı bəyanatlar səsləndirilməsi ilə bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Və belə bir ab-havadan sonra Fransanın enerji nəhənginin Azərbaycanın ehtiyatına görə ikinci qaz yatağının növbəti mərhələsinin işlənməsi üzrə rəsmi Bakıdan “xeyir-dua” alması xəbəri təbii ki, məsələnin mahiyyətindən xəbəri olmayan auditoriya üçün şok effekti yaradan bir hadisə idi.

Çünki rəsmi Bakı “TotalEnergies” şirkətini Xəzərin Azərbaycan sektorunda qaz kəşfiyyatı layihəsinə də dəvət edir. Söhbət “Babək” strukturu üzrə əməkdaşlıqdan gedir. Bu, o sahədir ki, 2010-cu ildə Azərbaycanın öz gücü və imkanları hesabına açdığı “Ümid” qaz yatağının yaxınlığında yerləşir və geoloji baxımdan ümidverici bir layihədir. Həmçinin Azərbaycan Fransa şirkəti ilə təkcə ənənəvi enerji layihələrində uzunmüddətli tərəfdaş olmaq istəmədiyini ortaya qoyub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikası ərazisində bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edilib.

Qeyd edim ki, Azərbaycan Energetika nazirliyinin artıq Fransa şirkəti ilə 250 MVt gücündə quruda külək, 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair razılaşması mövcuddur.
Bu layihələrin Naxçıvanda və Şərqi Zəngəzurda reallaşdırılması planlaşdırılır. Bütün bu hadisələri təhlil edərək bu il Fransa enerji nəhənginin rəhbər şəxslərinin üç dəfə Azərbaycan rəhbərliyi ilə görüşməsini də nəzərə alaraq o nəticəyə gəlmək olar ki, “TotalEnergies” şirkəti istər “Abşeron” layihəsinin inkişafı, istərsə də Azərbaycandakı gələcək fəaliyyəti ilə bağlı rəsmi Bakı ilə razılaşma əldə edib.

Bununla da Azərbaycan rəhbərliyi Qərbə maraq doğuracaq bir-neçə messaj vermiş oldu. Əvvəla, Azərbaycan Prezidenti onu göstərir ki, rəsmi Bakı enerji resursları məsələsinə kommersiya nöqteyi nəzərindən yanaşır və xarici şirkətlərlə indiyə qədər imzaladığı 37 neft-qaz sazişinin qarşılıqlı maraqlar çərçivəsində, nə nöqtəsinə, nə də vergülünə qədər dəyişmədən həyata keçirilməsində maraqlıdır. İkincisi, Azərbaycan özünün enerji resurslarını müəyyən qisim ölkələr kimi siyasiləşdirmir.

Dövlət başçısı İlham Əliyev beynəlxalq tədbirlərdə dəfələrlə vurğulayıb ki, Azərbaycan özünün enerji resurslarından hansısa təzyiq vasitəsi və siyasi alət kimi istifadə etmək fikrində olmayıb.

Bu baxımdan da hazırda rəsmi Azərbaycanla Fransa arasında siyasi məsələlərə baxışlarda diametral fərqlər mövcud olsa da, rəsmi Bakı buna kommersiya layihələrinin gerçəkləşdirilməsi yolunda bir maneə kimi görmür. Yəni hadisələrin indiki məcrada inkişafı İlham Əliyevin “sözümüz imzamız qədər keçərlidir” fikrinin bir daha təsdiqi deməkdir.

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin