500 ailənin yaşadığı kənddə nə SU, nə də QAZ var – Aidiyyəti qurumlar SÖZ VERDİ 

Hazırda oxunan: 500 ailənin yaşadığı kənddə nə SU, nə də QAZ var – Aidiyyəti qurumlar SÖZ VERDİ 

153070

Ağcabədi rayonunun Sarıcalı kəndində yaşayan bir qrup sakin susuzluqdan şikayət edir.

Sakinlər Bizim.Media-nın yerli bürosuna bu barədə müraciət ediblər.  

Dediklərinə görə kəndin bir hissəsində yaşayan yüzdən artıq ailə məişət və suvarma suyunu kənardan gətirir.  

Sakinlər içməli su ilə yanaşı həyətdə əkdikləri ağacları belə, qablarla daşıdıqları suyla suladıqlarını deyirlər. Yaranan çətinliklər əlavə olaraq sakinlərə məişət problemləri yaşadır. Ümumilikdə 500 dən artıq ailənin yaşadığı Sarıcalı kəndində su problemi ilə yanaşı üstəlik mavi yanacağın olmaması da insanları özündən çıxarıb.   

Sakinlər əvvəllər kənddə iki artezian quyusundan gələn xətlə krantlaşma işlərinin aparıldığını bildirirlər. Lakin bir müddət istifadə edildikdən sonra həmin quyuların quruması sözügedən problemi ortaya çıxarıb.  

Sarıcalılar məsələnin həlli yolunu köhnə quyuların dərinləşdirilməsində və ya əlavə artezian vurulmasında görür.  

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sarıcalı kəndinin onların balansında olmadığını bildirib.  

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəis müavini Kənan Köçəriyev isə sorğumuzu belə cavablandırıb: 

“Vətəndaşlar iki subartezian quyusu ilə bağlı müraciət edib. 11-915 reper nömrəli subartezian quyusu hal-hazırda işlək vəziyyətdədir. Digəri 11-09 reper nömrəli subartezian quyusu isə qurumuşdu. Suyunun sərfi azaldığına görə bərpa olunmalı idi və bu il bərpa olunub. Lakin köçürmə işləri aparılmayıb. Yeni transformator yeri dəyişiləcək və daha sonra dərinlik nasosu quraşdırılıb istifadəyə veriləcək”, - deyə qurum rəsmisi əlavə edib. 

Sarıcalı kəndinin qazlaşdırılması məsələsinə gəlincə, sakinlərin sözlərinə görə, durum 30 ilə yaxındır ki, davam edir. Onlar məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. "Azəriqaz" İstehsalat Birliyi isə həmin kəndin 2023-cü ildə qazla təmin olunacağını vəd edib.  
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Bizim.Media-ya bildirib ki, Sarıcalı kəndinin qazlaşdırılması növbəti mərhələdə nəzərdə tutulub:

“Ağcabədi rayonunun 46 məntəqəsi var və 41-i indiyədək qazlaşıb. Yəni məntəqə üzrə 81, 9 faiz qazlaşdırma baş verib. Ümumilikdə abonent sayına görə Ağcabədi rayonunun qazlaşdırma faiz dərəcəsi 94, 3 faiz təşkil edir. O ki, qaldı Sarıcalı kəndinin qazlaşdırılmasına, bu, növbəti mərhələdə həyata keçiriləcək.

Bilirsiz ki, “Azəriqaz” İstehsalat Birliyi qazlaşma proseslərini öz resursları və maddi vəsaiti hesabına həyata keçirir. Ona görə də qazlaşma prosesi mərhələli şəkildə icra olunur. Kəndin qazlaşdırılmasının növbəti ilin planına daxil olub-olmamasını biz gələn ilin ilk rübündə biləcəyik”.

Biz də, ümid edirik ki, sakinlərin səsini eşidib, qazı olmayan kəndin heç olmasa suyu təmin edilər... 

Elgün Gəncimsoy, Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin