“Bildiyimiz kimi Ermənistan toplumu formal olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Lakin praktiki olaraq, onlar bu suverenliyi Azərbaycanın öz konstitutsiyası əsasında idarə etməsini istəmirlər. Onlar istəyir ki, bu suverenlik beynəlxalq güclər tərəfindən idarə olunsun. Buna görə də, Paşinyan hazırda bu məsələlərə görə Rusiyanı Fransa ilə əvəzləmək istəyir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib.
MÖVZU İLƏ BAĞLI:
3-cü Qarabağ müharibəsi başlaya bilər - Sergey Markov
Son zamanlar Qarabağ ətrafındakı gərginliklə bağlı Rusiyanın səssizliyini, Xankəndidə yaşayan erməni əsilli şəxslərin İrəvana kütləvi köçünü şərh edən Markov, Ermənistanın sülhdən yayınmaq üçün soyqırımı iddiaları qaldırdığına diqqət çəkib.
Analitiklə müsahibəni təqdim edirik:
- Cənab Markov, son günlər biz gərginliyinin artdığına şahidik. Bir çox ölkələr gərginliklə bağlı açıqlamalar verərək, sülh üçün addımların atıldığı bir məqamda Qarabağda təxribatların yolverilməz olduğunu deyir. Lakin biz Rusiyadan ciddi bir açıqlamanı hələ də eşitməmişik. Buna səbə nədir?
- Azərbaycanın ərazi bütövlüyünü tanıyan ermənilər Qarabağın beynəlxalq hüquqla idarəedilməsini istəyirlər. Təbii ki, bu, Azərbaycanı qane etmir. Yəni Azərbaycan bu fikirlərlə razı deyil. Buradan belə anlaşılır ki, əgər Azərbaycan bunu qəbul edərsə, demək Qarabağ suveren olacaq və beynəlxalq təşkilatlar tərəfindən idarə olunacaq. Yəni Azərbaycan qanunları ilə idarə olunmayacaq.
- Azərbaycan nəyə görə onların şərtləri ilə razılaşmalıdır?
- Bəli, Azərbaycan niyə razı olmalıdır? Buna görə də, mən hesab edirəm ki, Ermənilərin bu təşəbbüsünün heç bir şansı yoxdur. Ermənilərsə bu işin üzərində işləyirlər, hətta bunu soyqırımı kimi də qələmə vermək istəyirlər. İkinci seçim isə ondan ibarətdir ki, sülh müqaviləsi imzalansın. Hansı ki, əgər bu da baş tutmazsa, yenidən döyüşlər baş verə bilər.
Qeyd edim ki, döyüşlər beynəlxalq birləşmələr tərəfindən müsbət qarşılanmır. Əgər toqquşmalar baş verərsə, bu, nə Ermənistan, nə də Azərbaycan üçün əlverişli deyil. Azərbaycana sərf etmir ki, əgər müharibə baş verərsə, Qarabağda olan ermənilərin əksəriyyəti oradan qaçıb gedəcək. Yox əgər Qarabağ Ermənilərinin əksəriyyəti Qarabağda qalarsa, bu, təbii ki, Azərbaycan üçün müsbət olar. Çünki beynəlxalq arenada Azərbaycan Ermənistana nəinki hərb yolu ilə, hətta sülh yolu ilə də qalib gələ biləcəyini təsdiqləyəcək.
- Sülh üçün təkliflər Ermənistana təqdim edilib. Lakin düşünürük ki, bu proses çox uzanır. Alternativlər nələr ola bilər?
- Sülh müqaviləsinə gəldikdə isə bu, bir neçə növdə ola bilər. Demək, birinci növ müqavilə Azərbaycanın təqdim etdiyi kimi. Bu mənəcə çox rahat bir sülh müqaviləsi təklifidir. Burada heç bir muxtariyyət ola bilməz. Çünki Azərbaycan multikultural dövlət kimi çox güclü bir dövlətdir. Çünki Azərbaycan orada yaşayan bütün xalqlardan olan millətlərin təhlükəsizliyini yüksək səviyyədə təmin edir və bunun üçün muxtariyyət lazım deyil. Təbii ki, bu, birinci çıxış yoludur.
Bir zamanlar - Sovet dövründə Azərbaycan ermənilər üçün Qarabağda bir sıra təşəbbüslər irəli sürmüşdü. Lakin erməni milləti bundan istifadə edərək həmin zamanlar mitinqlər həyata keçirdi, azərbaycanlıları Qarabağdan qovdu. Ermənistan silahlılarını Qarabağa dəvət etdi, hansı ki, bunun sonunda ağır müharibə oldu, günahsız insanlar qətlə yetirildi. Həmçinin milyondan çox insan öz obalarından qaçqın düşdü, ərazilərin 20 faizi itirildi. Bütün bunları görən Azərbaycan olanların təkrarlanmaması üçün erməni cəmiyyətinin irəli sürdükləri təkliflərlə razılaşmır.
- Lakin məğlub olan Ermənistan hazırda müxtlif yollarla prosesi uzadır. Azərbaycanın sülh əlini hələ ki, sıxmır.
- Bu danışıqlar masasında bir Azərbaycan modelidir. Bəli, Azərbaycanın bu təklifləri ilə Ermənistan razılaşmır. Çünki bu Ermənistan tərəfindən ağır məğlubiyyət kimi qəbul olunur. Burada Paşinyan cavabdeh olur. Buna görə də, Paşinyan qorxur ki, əgər bu baş verərsə, digər qüvvələr onu dərhal devirəcəklər. Ya da, onu bir zamanlar olduğu kimi silahla ölümə məhkum edəcəklər. Belə bir şey olsa, Paşinyan düşünür ki, Daşnaksütyun partiyası onu haradasa partladar. Buna görə də, Paşinyan çox qorxur.
İkinci məqam Ermənistanın təklif etdiyi sülh müqaviləsidir. Erməni tərəfinin təklifinə gəldikdə isə onlar təbii ki, formal olaraq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Amma faktik olaraq onlar istəyir ki, Qarabağ erməniləri tamamilə suveren olsunlar. Bunun üçün də, Paşinyan hazırda Rusiyanı Fransa ilə əvəzləmək istəyir. Avropa Şurasını və digər qüvvələri bura cəlb etmək niyyətindədir. Bu ermənilərin təklifidir. Nəyə görə Azərbaycan dəfələrlə ondan zəif olan Ermənistanın təklifi ilə razılaşmalıdır? Mən hesab edirəm ki, erməni tərəfinin təklifinin heçbir şansı yoxdur.
- Az əvvəl qeyd etdiniz ki, ermənilər bu dəfə də soyqırımı yalanlarına əl atmaq istəyirlər. Biz tarix boyu küncə sıxışan ermənilərin bu ifadədən istifadə etdiyinə şahid olmuşuq. Bu dəfə hansı yalan soyqırımıdan söhbət gedir?
- Soyqırım məsələsi nədir? - Ermənilər qətiyyətlə istəyir ki, bu məsələyə Avropa Şurası, Fransa nəzarət etsin. Əgər nəzarət etməsələr, onlar deyir ki, burada soyqırımı ola bilər. Çünki “erməni soyqırımı” hazırda qulaqlarda aktual olaraq qalmaqdadır. Bundan başqa ermənilər bilir ki, bir sıra Avropa siyasətçiləri üçün soyqırımı böyük bir məsələdir. Buna görə də, onlar, yəni dünyada olan erməni icmaları bu addan səmərəli olaraq istifadə edirlər.
- Təxribatların davam etməsi tutarlı hərbi əməliyyatları da labüd edir. Moskva Qarabağda növbəti hərbi əməliyyatların olacağını düşünürmü?
- Hər iki tərəfin hərbçiləri yerində durub. Onlar gələcəkdə baş verə biləcək toqquşmalara hazırlaşırlar. Hansı ki, bu, gələcəkdə baş verə bilər. Nə qədər ki, məsələ öz həllini tapmayacaq hərbi toqquşmalar da davam edəcək. Mən düşünürəm ki, Soçidə imzalanan razılaşma başa çatdıqda yeni hərbi toqquşmalar baş verə bilər.
- Regionda sülh yalnız Azərbaycana və ya Ermənistana lazım deyil. Axı biz Çindən Londona qədər uzanan ipək yolundan da danışırıq. Söhbət Rusiyanında maraqlarına cavab verən komunikasiyaların açılmasından gedir.
- Qeyd etdiyiniz kimi burada da bir sıra vacib məsələr var. Qarabağdakı ermənilərin suverenliyindən başqa burada bir sıra nəqliyyat dəhlizlərinin açılması da var. Buna misal olaraq Zəngəzur dəhlizini nümunə gətirmək olar. Vacib məsələlərdən biri də, əgər bu dəhliz açılarsa, buraya nəzarəti kim edəcək? Ermənistan tamamilə nəzarət edəcək yoxsa? Həmçinin sərhədlərin demarkarsiya və delimitasiyası məsələsi də gündəm olaraq qalmaqdadır. Hansı ki, bir sıra sərhədyanı bölgələr var ki, yanlız Azərbaycan ora nəzarət edir və yaxud bəzi ərazilər var ki, Ermənistan ora nəzarət edir. Söhbət bir sıra neytral zonalardan gedir.
Digər bir məsələ isə anklavlar məsələsidir. Bunlar Azərbaycan üçün çox vacibdir. Buna görə də, danışıqlar uzanmaqdadır. Ermənistan bir tərəfdən Qarabağı əldə saxlamaq istəyir, digər bir tərəfdən isə Zəngəzuru da itirməkdən qorxur. Nə qədər ki, bu məsələlər öz həllini tapmayıb, bu sahədə işlər biraz çətin olaraq qalacaq. Hazırda isə danışıqlar üçün üç sahə mövcuddur: Moskva, Vaşinqton, Brüssel. Bütün bu danışıqlar masalarının olduğu yerlərdə isə mən deyərdim ki, hələ ki, işlər nəticəsiz olaraq irəliləməkdədir.
- Cənab Markov, zaman ayırdığınız və suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm.
Tehran Orucoğlu, Bizim.Media