Pensiyaçıların sayı niyə AZALIB? 

Hazırda oxunan: Pensiyaçıların sayı niyə AZALIB? 

152900

"Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul tarixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni, ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır".

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Pensiya və sosial müavinət alanların sayı AÇIQLANDI 


Deputat qeyd edib ki, ötən ilin iyulun 1-i ilə müqayisədə qeydiyyatda olan pensiyaçıların sayı 5,4 faiz azalıb.

Bu məlumatı şərh edən millət vəkili, ötən ilin iyul ayında Azərbaycanda pensiya alanların sayının daha çox olduğunu söyləyib:

"Pensiyaçıların sayının azalmasının əsas səbəblərindən biri, əlilliyə görə pensiya alanların sayında qeydə alınan iki rəqəmli enmədir. Belə ki, əlilliyə görə pensiya alanların sayı 16,4 faiz azalıb. Buna səbəb əlilliyin yenidən qiymətləndirilməsi zamanı imtinaların sayının əvvəlki dövrlər ilə müqayisədə artması və meyarların dəyişdirilməsidir. Bu kateqoriya üzrə azalmalar ümumi pensiyaçıların sayına birbaşa təsir göstərib. 

Digər tərəfdən, ailə başçısını itirməyə görə pensiya alanların sayında da azalma qeydə alınıb ki, bu da 9,7 faizdir. Bütün bunlarla yanaşı, DSMF-in məlumatına görə, həmin dövrdə yaşa görə pensiya alanların sayı isə 0,4 faiz artıb".

Onun dediyinə görə, bu fakt yaşa görə pensiya alanların sayında kiçik də olsa artımın qeydə alınması anlamına gəlir:

"Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib". 

V.Bayramov, bəzi məsələlərlə bağlı təkliflər hazırladığını və aidiyyəti sahə üzrə təqdim etdiyini də diqqətə çatdırıb:

"Bunlar, pensiya islahatları çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə, minimum kapital yığımı ilə yanaşı orta həddin müəyyənləşdirilərək kaptialın həcmindən asılı olaraq daha erkən pensiyaya çıxmaq hüququnun verilməsidir. Eyni zamanda, pensiya kapitalının bir hissəsinin vərəsəyə transfer olunması hallarının müəyyənləşdirilməsi, qadın pensiyaçıların pensiya kapitalının xüsusi əmsala vurularaq artırılması kimi hallarla bağlı da təkliflər təqdim edilib".

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin