Bakıda ildırım vurması təhlükəsi VARMI?

Hazırda oxunan: Bakıda ildırım vurması təhlükəsi VARMI?

152829

Dünən axşam paytaxtda ildırım çaxması bir çox insanların narahatlığına səbəb olub. Xüsusilə də, ildırım vurma ehtimalı daha çox qorxu yaradıb. Bölgələrdə bu halların tez-tez baş verməsi Bakı da da oxşar vəziyyətin yaşanması məsələsini gündəmə gətirib.

Bəs, Bakı şəhərində də ildırım vurma təhlükəsi varmı? 

Ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, çox hündür binaların üzərində ildırım ötürücülər, qüllələr var ki, bu şəraitdə də insanları ildırım vurmaq şansı sıfıra bərabərdir:

“Regionlarda Bakıdan fərqli olaraq yağıntılar daha çox düşür. Həmçinin yağıntılar regionlarda daha çoxdur. Bakıda isə binaların sıxlığı təhlükənin qarşısını alır. Digər tərəfdən, Bakı şəhərində ildırım çaxması az müşahidə olunur. Daha çox dənizin üstündə, ya da şəhər kənarında Qobustan, Xızı tərəfdə ildırım çaxır. Ona görə də Bakı ərazisində demək olar o qədər də qorxulu məqam yoxdur”

Ekoloq həmçinin bildirir ki, ildırım əsasən uca yerlərə düşür. Bundan qorunmaq üçün isə ildırım hadisəsi zamanı diqqət etməli olduğumuz məqamlar var:

“Əksər hallarda ildırım uca ağaclara, dəmiryollarında olan transformator qurğularına, müxtəlif çoxmərtəbəli bina və obyektlərə düşərək yanğınlara səbəb olur. İldırım meşələrdə ağacsız yerlər, yəni talalar istisna olmaqla heç vaxt torpağı vurmur, çünki ağaclar təbii ildırımötürücü rolunu oynayır. Belə ki, ildırımın düşməsi konkret olaraq ağacların hündürlüyü ilə düz mütənasibdir. Əgər ağacın hündürlüyü 4 metr olarsa, onda həmin ağacdan 4 metr aralı dayanmaq lazımdır. 

Ümumiyyətlə ildırımdan kimlər və hansı formada qorunmalıdır?

Hər il dünyada minlərlə ildırım vurması halları baş verdiyindən mütəxəssislər ildırım hadisələrinə biganə yanaşmamağı və mümkün qədər ehtiyyat tədbirlərini görməyi tövsiyyə edir. Bildirilir ki, bayraq, telefon, işıq və bunabənzər digər metal dirəklərdən uzaq dayanın. Çünki dirəklərə ildırımın düşmə riski daha çoxdur. Güclü yağışlı şimşəkli havada açıq sahələrdə qalanlar üçün isə ən təhlükəsiz yer avtomobilin içi və ya digər bağlı metal konstruksiyalardır.

Təhlükə zamanı avtomobili saxlayın, şüşələri qaldırın, radioantenanı endirin və avtomobildə oturarkən onun metal hissələrinə toxunmayın. Avtomobili ağac altında saxlamayın. İslanmış bədən və paltarlar ildırımvurma təhlükəsini artırır. Şimşəkli-ildırımlı havada yaş paltar və yaş ayaqqabı ilə gəzməyin. Təhlükə vaxtı üstüaçıq nəqliyyat vasitələrini tərk edin. Açıq ərazilərdə çətir açmayın, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir. Yağışlı-ildırımlı havada bayırda və evdə telefonla danışmayın.Təhlükə vaxtı dəmiryolunun yaxınlığında dayanmayın. Qrup halındasınızsa, toplu halda qalmayın, bir-birinizdən ən azı 1,5 metr məsafədə dayanın.

İldırım vurması nəticəsində bədəndə hansı proses baş verir?

İldırımvurma nəticəsində insan bədənində patoloji dəyişikliklər baş verir. İlk növbədə tənəffüs və ürək-qan - damar sisteminin fəaliyyəti pozulur. Eşitmə, görmə qabiliyyəti, şüuru və yaddaşı itə bilər. Bədəndə yanıqlar ola bilər. İldırımın vurması nəticəsində zərərçəkmişin bədənində ildırımın izi giriş və çıxış nöqtələri görünür. 

İldırımvurma zamanı ürək və tənəffüs fəaliyyəti pozulduğu üçün ilk növbədə zərərçəkmişə həkim gələnə qədər ürəyi masaj edin və süni tənəffüs verin. Zərərçəkmişlər həkim nəzarətində saxlanılmalıdır. Nəzərə alın ki, ildırımvurma zamanı ölümün səbəbi ürək qan-damar sisteminin və tənəffüs mərkəzinin fəaliyyətinin dayanmasıdır.

Röyanə Oğuz, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin