Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 90 m² olan fərdi yaşayış evində ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində evin 2 otağının yanar konstruksiyaları 50 m² sahədə, ümumi girişin tavan və dam örtüyü 30 m² sahədə yanıb. Partlayışın təsirindən otağın arakəsmə divarı isə uçub.
Müxtəlif dərəcəli yanıq xəsarətləri alan iki nəfər təcili yardım briqadasına təhvil verilib.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hazırda aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Bizim.Media