Çindən Avropaya uzanan YOLLAR – Türk dünyasının inteqrasiyasında TARİXİ ADDIM

Hazırda oxunan: Çindən Avropaya uzanan YOLLAR – Türk dünyasının inteqrasiyasında TARİXİ ADDIM

152650

“Azərbaycan uzun illərdir ki, bölgənin ən böyük nəqliyyat habına çevrilmək istəyir. Yəni, həm Şimal-Cənub, həm də Şərq-Qərd dəhlizinin mərkəzində yer alaraq tranzit gəlirlərini artırmağa, həm də öz geosiyasi və coğrafi mövqeyini gücləndirməyə çalışır. Bunun üçün də heç bir ciddi xarici dəstək olmadan Bakı-Tbilisi-Qars dəmir yolunu inşa etdi və son illərin ən böyük layihəsinə çevirdi. O cümlədən Bakı Limanını yenidən qurdu və böyük investisiyalar yatırdı”.

Bu sözləri Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, hazırda Qazaxıstan və Türkmənistanla qaşılıqlı şəkildə yeni liman layihələri həyata keçirilir:  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-Gürcüstan sərhədində inşa edilən yolun GÖRÜNTÜLƏRİ - FOTO/VİDEO


“Hazırda Aktau və Tükmənbaşı limanlarında genişləndirilmə işləri aparılır ki, tranzit yüklərinin daşınması daha tez və effektiv təmin olunsun”. 

Onun sözlərinə görə, hazırda müzakirəsi davam edən yeni Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi yaxın gələcəkdə Qazaxıstan və Türkmənistan dəmir yollarına da bağlanacaq:

“Bu da o deməkdir ki, Çindən və uzaq Şərq ölkələrindən dəmir yolları vasitəsilə gələn yüklərin böyük hissəsi Qazaxıstan və ya Türkmənistandan keçməklə, Azərbaycan üzərindən Avropaya daşınacaq. Yaxın vaxtlarda Zəngəzur yolunun da açılması artıq labüdləşib ki, bu da yolun daha da qısaldılması daha tez və effektiv daşınmalara səbəb olacaq. Əgər Azərbaycan bütün hallarda nəqliyyat və logistika mərkəzinə çerilmək istəyirsə və bu istiqamətdə həm investisiya layihələri, həm də siyasi iradə ortaya qoyursa, o zaman gələcəkdə ölkəmiz üzərindən yükdaşımalarının güciləndirilməsi vacibdir”.

Uzaq Şərq ölkələri uzun müddət öz yüklərini Rusiya və Belarus üzərindən Avropaya daşıdıqlarını deyən ekspert, hazırda hər iki ölkə ilə Avropa arasında münasibətlərin çox gərgin olduğunu vurğulayıb:

“Hətta Rusiyaya qarşı ağır sanksiyalar tətbiq olunur. Buna görə də hər iki ölkə ərazisindən keçən tranzit yüklərin təhlükəsizliyi və sığortası ilə bağlı problemlər yaşanmaqdadır. Çinlə Avropa Birliyinin ticarət dövriyyəsinə Böyük Britaniya da qoşulsa, bu dövriyyənin 1.2 trilyon dollara qədər nəzərə alsaq, bunun ən azından 10-15 faizini belə, Şərq-Qərb dəhlizi vasitəsi ilə daşımağa nail olsaq, bu, ölkəmiz üçün böyük tranzit gəlirləri olacaq və iqtisadiyatımıza yeni nəfəs gətirəcək. Bu baxımdan da adı çəkilən layihənin inkişafı vacibdir, Azərbaycanın bu layihələrdə iştirakı doğru qərardır və getdikcə daha çox layihələrin həyata keçirilməsinə və işlərin sürətləndirilməsinə ehtiyac var”. 

Müsahibimiz, bu sahədə yeganə və həll olunması vacib olan problemin tranzit xərcləri ilə bağlı olduğunu söyləyib:

“Hər ölkənin öz tranzit tarifləri var ki, bu mal alanlar və göndərənlər üçün sərfəli deyil. Hazırda bu istiqamətdə danışıqlar gedir. Ötən həftə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində də bu məsələ diqqətdə saxlanıldı. Əgər Orta Asiya respublikaları, o cümlədən Azərbaycan və Türkiyə vahid tranzit tariflərinə keçsələr, daha effektli olacaq. Bu həm də yük göndərənlər və alanlar üçün daha çevik müqavilələrin bağlanmasına səbəb ola bilər. 

Bu layihə türk dünyası baxımından böyük əhəmiyyət malikdir. Ona görə ki, bu, 200 milyonluq yeni bir bazarın yaranması deməkdir. Bu bazarın bir-birinə sıx inteqrasiya olunması bütün ölkələrə ciddi iqtisadi dividendlər gətirə bilər”.

Yeni layihənin bəzi ölkələr, o cümlədən Rusiya tərəfindən hansısa maneələrlə və ya təhlükələrlə üzləşə biləcəyi ehtimalına gəlincə, N.Cəfərli, bu yolun hazırda həm Çinə, həm Avropaya, həm də Hindistana sərf etdiyini bildirib:

“Buna görə də onlar tərəfindən hansısa maneələrin olacağını düşünmürəm, əksinə, bəzi maliyyə qurumları tərəfindən bu ləyihənin müəyyən hissələrinin maliyyələşdirilməsi və ya kreditləşdirilməsi ilə bağlı bəzi qərarlar alınıb. Rusiya tərəfdən bəzi maneələr ola bilər. Ancaq hazırda elə bir vəziyyətdədir ki, Moskva bu layihələrə böyük ölçüdə mane olması mümkünsüz görünür. Hətta Moskvanın diqqətini bura cəlb etmək də olar. Ona görə ki, alternativ yollara, əsasən də Cənub-Şimal dəhlizinə ciddi ehtiyacı var”. 

Qeyd edək ki, avqustun 22-də Özbəkistan prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri və prezident İlham Əliyevlə görüşləri çərçivəsində Xəzərə çıxışı olan və Avropa-Asiya daşımaları üzrə marşrutu təxminən 1000 km-ə qədər qısaldacaq Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi ilə bağlı da müzakirələr aparılıb. 

Diqqətə çatdıraq ki, bu marşrut həm Qırğızıstana, həm də Türkmənistan-Azərbaycan vasitəsilə digər Orta Asiya ölkələri, eləcə də Avropaya yükdaşımaların təşkilinə böyük töhfə verəcək.

Yeni dəmir yolu eyni zamanda Orta Asiya üzərindən keçməklə Çinin qərb əyalətlərindən Azərbaycan və Türkiyəyə yükdaşımaları həyata keçirməyə imkan verəcək. 


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin