Lalə Dadaşova: “Elçini narkotik verib öldürən qardaşı idi” – VİDEO 

Hazırda oxunan: Lalə Dadaşova: “Elçini narkotik verib öldürən qardaşı idi” – VİDEO 

152272

“Narkotikə alüdə olanların nəyi olur ki? Heç nəyi olmur. Nə ailəsi olur... Elçin Cəlilovun çox sayda avtomobili vardı. Alüdəçiliyi səbəbindən avtomobilləri olmadı. Evi də getdi əlindən. Çünki biz ayrıldıq. O cəmiyyətdə reputasiyasını və hörmətini, ona mahnı yazan bəstəkarları itirdi. Elçin gedirdi məclislərə...

Biri üzünə gülürdüsə, digərləri onun arxasınca danışırdı. Bunlar hamısı mənə xəbər kimi gəlib çatırdı. Qız müğənnilər gəlib mənə söyləyirdilər ki, məndən borc pul aldı, amma qaytarmadı. Deyirdim ki, özünüz də bilirsiniz ki, Elçin xəstədir. Özünüz verirsiniz. Narkotik heç kimə baş ucalığı gətirməyib, heç zaman da gətirməyəcək”. 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum xanəndə Elçin Cəlilovun həyat yoldaşı müğənni Lalə Dadaşova “YouTube”da yayımlanan “AStar” layihəsinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, Elçin gənc yaşlarında ondan əvvəl ailəli olub. O, anasının istəyi ilə qohumu Mənfürə xanımla evlənir. Onun bu evlilikdən isə bir qızı və bir oğlu dünyaya gəlir.

Daha sonra isə Elçinin oğlu kiçik yaşlarında dünyasını dəyişir. Mənfürə xanımla evliliyi uzun çəkməyən Cəlilov sonraki illərdə həmkarı Lalə ilə ailə qurur: 

“Mən ona ərə gələndə o artıq sərbəst, azad insan idi. Ailəsindən boşanmış idi. Çoxları bunu bilmir, amma mən istəyirəm ki, bunu insanlar bilsinlər. Mən də erkən ailə qurdum, düzgün insan seçmədiyim üçün bu evliliyim dağılmışdı. Məclislərdə və konsertlərdə Elçinlə birlikdə olurduq. Sən demə, elə o zamandan bəri Elçin məni “göz altı” etmişdi (gülür). Bizim dostluğumuz sevgiyə çevrildi. Biz əvvəllər dost idik. Mən onu və ailəsini musiqiçi tandemində görürdüm.

Əlbəttə ki, sevgi sonradan gəldi. Sonradan bir-birimizi sevdik və ailə qurduq. Amma bizim ortaq övladlarımız olmadı. Yəgin ki, bu taledir. Məsuliyyətli ailəsi vardı. O mənə sevgisini və məhəbbətini əsirgəmirdi. Əlimi nəyə uzadırdım, mütləq onu alıb mənə verirdi. Ürəyim nə istəyirdisə onu mənə Elçin alırdı. Ailədə heç zaman davalarımız olmayıb. Bizim mübahisələrimiz yalnız sənət üstündə olurdu”. 

L.Dadaşovanın sözlərinə görə, narkotikdən əziyyət çəkən əri Elçinlə məclislərdə bir yerdə oturmaq belə istəməyib: 

“Elçini elədiyi hərəkətlərə görə müdafiə etmirəm. O elə “kruq”lara (əhatə) düşdü ki, artıq orada sənət deyilən şey yox idi. Məclislərdə olurduq, gəlirdi otururdu yanımda. Amma onun yanımda oturmasını istəmirdim. Təsəvvür edin ki, ailəmdən və uşaqlarımdan sonra sevdiyim insanın gəlib yanımda oturmasını istəmirdim. Eşitdiyimə görə, biz ayrılandan sonra da o, yenidən ailə qurdu. Anası rəhmətlik mənə zəng vurub şikayət etdi.

Dedi ki, “Lalə Elçin batır. O, bataqlıqdadır”. Cavab verdim ki, “Sona xanım, axı mən nə edə bilərəm?” Mən Elçinlə ayrılmamışdan əvvəl onun anasına “Ana” deyə müraciət edirdim. Anasına dedim ki, “Mən heçnə edə bilmərəm. Çünki əlimdən gələni etdim. Başqa çıxış yolu da tapa bilmirəm. Mənimlə artıq onunku tutmaz”. Elçin gedirdi ondan-bundan pul götürüb narkotik maddələr alırdı”. 
Lalə vurğulayıb ki, Elçinin ölümündə günah onun qardaşı Yusif olub. Beləki o, Elçinə narkotik verib. Hətta Yusif qardaşının ölümündən sonra Dadaşovaya bunu etiraf edib: 

“Mən toyda idim. Axşam saat səkkiz idi, mərhum oğlum mənimlə birlikdə çalışırdı. O isə operator idi. Dedi ki, ürəyim sıxılır. Elçin əmiyə gedib, dəymək istəyirəm. Onunla hər zaman nərd oynayırdı, başını qatırdı. Gedib evinə, görüb ki, qapı aralıdır. Qapını açmağa cəhd göstərsə də, alınmayıb. Sən demə, Elçin qapının ağzında dünyasını dəyişmişdi. Elçinin evinə gələndə gördüm ki, artıq qapıda polislər, təcili tibbi yardım və qohum-qonşu vardı. Bacımın oğlu dedi ki, Elçinin qardaşı gəlmişdi. Qardaşı ona narkotik vermişdi. Sonra da tibbi ekspertizadan rəy gəldi ki, təmiz bədənə narkotik vurulub. Ona görə də o keçinib. Elçini belə itirdik.

Elçin mənə deyirdi ki, qardaşımın əməllərindən utanıram və insanların üzünə çıxa bilmirəm. Gedirəm qazanıram, onu müalicə edirəm, amma o sağalmaq istəmir. Sonradan qardaşı mənə etiraf etdi ki, Elçini mən öldürmüşəm. Ona narkotiki mən verdim. Mən də yaşamaq istəmirəm və özümü öldürəcəyəm. O da qardaşından sonra özünü narkotiklə məhv etdi və öldü”. 

Lalə Dadaşova mərhum ərinin dəfnində iştirak etmədiyini açıqlayıb:

“Elçinin dəfnində iştirak etmədim. Çünki biz ayrılmışdıq. Onun “üç” mərasiminə getdim. Mənim üçün çox çətin idi. Dəfnində iştirak edə bilməzdim. Onu görmək istəmirdim (ağlayır). İstəyirdim ki, o, yadımda necə varsa, elə də qalsın”. 
Qeyd edək ki, 2005-ci il mayın 10-da səhər vaxtı Elçin Cəlilov mənzilində ölü tapılmışdı. 37 yaşında vəfat edən müğənninin ölümünə səbəb kimi narkotikdən istifadə etməsi göstərilmişdi. Xanəndə Mehdiabad qəbiristanlığında dəfn olunub. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin