Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri bu gün Krımın Tarxankut burnunda xüsusi əməliyyat keçiriblər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı departamentin nümayəndəsi Andrey Yusov yayıb.
Onun sözlərinə görə, xüsusi əməliyyat Ukrayna donanması ilə əməkdaşlıq çərçivəsində keçirilib, kəşfiyyatçılar artıq bütün tapşırıqları yerinə yetiriblər və şəxsi heyət arasında itki yoxdur:
"Olenevka qəsəbəsində 3-cü radiotexnika alayının bazası, "Nebo-M" və "Kasta-2E2" radar stansiyaları yerləşir. Ötən gün orada Rusiyanın hava hücumundan müdafiə sistemi də məhv edilib".
Rusiya mənbələri bildirir ki, səhər saat 3:50-də Tarxankut burnu yaxınlığında qayıqlarda olan silahlı şəxslər ilkin olaraq tank əleyhinə əl qumbarasından atəş açıblar.
Səslər Olenevka qəsəbəsindəki düşərgənin qonaqları tərəfindən eşidilib. Onlar sahilə gediblər və sahildən bir qədər aralıda 10 nəfərin olduğu iki rezin qayıq görüblər.
İddia edilir ki, onlar düşərgəyə atəş açıblar, sonra isə qayıqlara minərək uzaqlaşıblar.
Rusiya resursları isə hərbi obyektlərə hücum barədə məlumat verməyib.
Bizim.Media