Axşam saatlarında Quba-Xınalıq yoluna güclü dolu düşüb və yol infrastrukturuna ciddi ziyan dəyib.
Bu barədə Bizim.Media-ya Qubadakı 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov məlumat verib.
Onun sözlərinə görə, güclü dolu və leysan yağış Quba-Xınalıq yolunun 36-cı km-dən 42-ci kilometrliyinədək ciddi fəsadlar törədib:
"Yolun 36-cı km-də 2 su ötürücüsünü sel suları tam dağıdıb, 39-cu km-də yolun çiyin hissəsi tam dağılıb. 42-ci km-də təpədən axıb gələn qaya parçaları və palçıq layı yolun hərəkət hissəsini bağlayıb”.
Bilal Sultanov məlumat verib ki, gecə saatlarında yolun açılması üçün operativ işlərə başlanılıb.
Hazırda yol qismən bərpa edilsə də, fəsadlar tam aradan qaldırılmayıb. Bu gün ərzində Quba-Xınalıq yolunun selin zərər çəkmiş hissələrinin bərpası davam edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu