Taksilərə taksometr quraşdırmaq məcburi oldu: Bundan sonra nə olacaq? -Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Taksilərə taksometr quraşdırmaq məcburi oldu: Bundan sonra nə olacaq? -Ekspertdən AÇIQLAMA

151397

“Son vaxtlar Azərbaycanda taksi fəaliyyəti ilə bağlı ciddi problemlər özünü göstərməkdədir. Bununla bağlı araşdırmalar zamanı ortaya çıxan mənzərə ciddi narahatçılıq yaratdı və qanunvericilikdə ciddi boşluqların olduğu müəyyən olundu”.

Bu sözləri Bizim.Media-ya açıqlayan nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, bunları da aradan qaldırılması üçün müəyyən dövr lazımdı və artıq bu dövr bitib:
 

MÖVZU İLƏ BAĞLI:

Bu hallarda gediş haqqı elektron qaydada ÖDƏNİLƏCƏK 


“Bir neçə il əvvəl Azərbaycana axın edən taksi şirkətləri qanunvericilikdə mövcud olan boşluqlardan “səmərəli” şəkildə istifadə etməyə başladılar. Bu baxımdan da tənzimlənmə aparmaq lazım idi, ancaq mümkün olmurdu”.

Ekspert bildirdi ki, dövlət başçısının qəbul etdiyi dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək və bundan sonra müəyyən qaydalar tətbiq olunacaq: 

“Qanuna əsasən, taksi fəaliyyəti ilə məşğul olan sürücülər 7 il ərzində qüvvədə olacaq buraxılış vərəqəsi alacaq ki, bu da onlara 125 manata başa gələcək. Eyni zamanda, hər bir nəqliyyat vasitəsi üçün bir illik buraxılış kartını əldə edəcək və buna görə, 75 manat rüsum ödəyəcək. Həmçinin, hər ay 18 manat rüsum ödəməklə, fərqlənmə nişanı almalıdır”. 

Müsahibimizin sözlərinə görə, taksi sürücülərinin təlimlərə cəlb olunması məsələsi də diqqət mərkəzindədir:

“Onlar təlimlərdən keçəcəklər ki, bu da taksi sürücüsü kimi hansı səviyyədə hazırlı olub-olmadıqlarını müəyyən edəcək. Çoxu keçdikləri yolları və getdikləri ünvanları tanımır və sərnişinlərdən soruşurlar. Bu yaxınlarda bir vətəndaş bizə müraciət edərək bildirdi ki, Badamdara taksi sifariş verib, amma taksi Şəhidlər Xiyabanının yanından üzüaşağı düşüb və 20-ci sahə - Badamdar ərazisindən keçdikdən sonra olduğu ünvana çatıb. Sürücü özünə bəraət qazanmaq üçün yolları tanımadığını və buna görə naviqatordan istifadə etdiyini bildirib”.   

Onun dediyinə görə, müəyyən olunmuş təlim qaydalarına əsasən, sürücülər əvvəlcə ünvanlarla bağlı sorğu-sual olunacaqlar:

“O cümlədən onların vətəndaşlarla davranış qaydaları nəzərdən keçiriləcək. İşə başlayandan sonra isə sağlamlıq arayışı təqdim edəcəklər. Xüsusilə də narkotik vasitələrlə bağlı vəziyyət araşdırılacaq. Onların sağlamlığı ilə bağlı vəziyyət çox ciddidir. Bu gün narkotik vasitələrin təsiri altında olan xeyli sayda sürücüyə hələ də rast gəlinir və bu vətəndaşlar arasında ciddi narahatçılıq, həm də inamsızlıq yaradır. Bir xidmət sahəsi olaraq, keyfiyyəti artırılmalıdır. Axı nə vaxta qədər onlara düşmən gözü ilə, ya da qorxaraq baxmalıyıq? Bu sahə heç vaxt belə olmayıb. Çünki, bu sahədə ömrünü-gününü həsr etmiş insanlar olub və yaşayışlarını təmin ediblər.

Ancaq bu gün taksi xidmətinin bu vəziyyətə düşməsinin əsl səbəbkarları xarici şirkətlərdir. Bu baxımdan da düşünürəm ki, onların fəaliyyətinin qarşısı alınmasının vaxtı çatmışdı və yaxşı ki, alındı. İş orasındadır ki, qanunvericilikdə dəyişiklik olunandan sonra yanlış təbliğat işlərinə başlayıblar. Elə fikirlər səsləndirirlər ki, guya dövlət tərəfindən edilən bu müdaxilə və qanunvericiliyin dəyişdirilməsi taksi fəaliyyətinə çətinlik yaradacaq. Xarici şirkət dövlətlə dövlətçilik etməyə çalışır. Bununla da demək istəyirlər ki, ölkədə qanunlar işləməsin, sürücüləri istismar edək, onlar əziyyət çəksinlər və biz də pul qazanaq”. 

Qiymətlərlə bağlı bir müddət əvvəl Nazirlər Kabineti tərəfindən qərar qəbul olunduğunu xatırladan müsahibimiz vurğuladı ki, buna ciddi nəzarət olunmalıdır:

“Qərara əsasən 2.50 mantlıq minimum qiymət müəyyən olunub. Ancaq şirkətlərin bəzisi hələ də köhnə qayda ilə işləyirlər. Taksi üçün müəyyən olunmuş məsafəyə qədər 2.50 manatı yazır, amma sonrakı kilometrajın qiymətini isə ya hesablamır, ya da 20 qəpiklə hesablayır. Bu da 1 kilometr üçün düzgün deyil və bununla öz sürücüsünü istismar edir”. 

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yeni qanuna əsasən, Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırmaq məcburi olub.

Minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin