“Azərbaycan Coca‑Cola bottlers LTD” MMC tərəfindən 01 iyun 2023 - 24 avqust 2023-cü il tarixləri arasında təşkil etdiyi lotereya oyunun 10-cu turu keçirilib. Avqustın 10-da baş tutan lotereyada 600-dən çox uduş olub.
Lakin, bu dəfəki oyunun nəticələri sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. Beləki, sonu 953-lə bitən telefon sahibi 50-dən artıq uduşa sahib çıxıb.
Və təbii ki, ən qiymətli hədiyyələri qazananlar arasında bu nömrəyə dəfələrlə rast gəlinir. Təsadüfi deyil ki, məhz bu məqama görə sosial şəbəkə istifadəçiləri “Azərbaycan Coca‑Cola bottlers LTD”-ni karusel çevirməkdə günahlandırıblar.
MÖVZU İLƏ BAĞLI:
“Coca-Cola” xərçəngə səbəb olur - ÜST-dən XƏBƏRDARLIQ
Məsələ ilə bağlı ilkin olaraq Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, satışı stimullaşdıran lotereya oyunlarında hər zaman ciddi pozuntular olur:
“Bir zamanlar məni də belə lotereya oyunlarına sədr kimi dəvət ediblər. Mən biləndə ki, bu lotereyalar qeyri-şəfvaf keçirilir, o komissiyalarda iştirakdan imtina etdim. Çünki, komissiya üzvlərinin heç bir səlahiyyəti, nəyəsə müdaxilə etmək hüququ yoxdur. Ümumiyyətlə, satışı stimullaşdıran lotereya oyunlarına ictimai nəzarəti həyata keçirən komissiyanın fəaliyyətini tənzimləyən heç bir hüquqi baza yoxdur”.
Eyyub Hüseynov konkret fakta da münasibət bildirib:
“Coco-cola” şirkətinin keçirdiyi lotereya barədə heç bir məlumatım yoxdur. Orda uduşa necə nəzarət edildiyi barədə nəsə deməyə çətinlik çəkirəm. Lakin, uduşların təxminən 1/10-nin eyni şəxsin qazanması təbii ki, ciddi şübhələr doğurur. Bu bütün hallarda loterayanın qeyri-şəfvaf keçirilməsinin sübutudur”.
Məsələ ilə bağlı “Azərbaycan Coca‑Cola bottlers LTD” MMC-nin möqeyini öyrənmək istədik. Lakin, şirkətin mətbuat katibi telefonlarımıza və sorğumuza cavab vermədi. Bununla belə şirkətin mövqeyini dərc etməyə hazırıq.
Ona görə də mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media