Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsini məhv ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Məlumatda dağıdılan mədəni irsimiz arasında Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcərdə Gəncəsar və Xudavənd məbədləri, Ağdamdakı Xaçın Türbətli kəndində məqbərə, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu, Füzulidə dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarasının da adı var.
Bildirilir ki, Xocalı, Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar məhv edilib.
İşğalı əbədiləşdirmək və ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Azərbaycan xalqına məxsus tarixi mədəniyyət nümunələri talan edilərək Ermənistan Respublikasına qanunsuz olaraq aparılıb.
Qeyd olunan faktlarla bağlı Baş Prokurorluq tərəfindən cinayət işinın araşdırılmasına başlanılıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə istintaq-əməliyyat qrupu yaradılıb.
Bizim.Media