Ölkəmizdə fəaliyyət göstərən teatrlar pandemiyaya görə tamaşa vermədikləri üçün çox çətin və gərgin günlər yaşayırlar. Artıq düz bir ildir ki, teatrların qapısı sənətsevərlərin üzünə bağlı qalıb.
Azərbaycandan fərqli olaraq, pandemiya dövründə teatrı qapalı saxlamayan ölkələr də az deyil. Qonşu Rusiyada, ölkənin ən vacib teatrı olan Moskva Böyük Teatrı mövsümü bazar günü Verdinin Don Karlos operası ilə açdı.
MÖVZU İLƏ BAĞLI:
Aktrisadan teatrların bağlanmasına ETİRAZ - Səhnədə soyundu - FOTO
Bir qədər götür-qoy edəndən sonra, İtaliyada müəyyən qaydalarla teatrlar işə başladı. İraq, Çin, Albaniya, Bəhreyn, Misir, Kipr, Şimali Makedoniya, Norveç kimi ölkələrdə teatr və kino mərkəzləri fəaliyyət göstərir.
Ölkəmizdə isə bəzi sahələrdə yumşalmalar olsa da belə qərarlar teatrlarımızdan yan keçib. Mövcud vəziyyətlə bağlı teatr ictimaiyyəti çox narahatdır.
Bakı Uşaq və Gənclər Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan söyləyir ki, teatra daha çox qadağa Azərbaycanda qoyulub:
“Koronavirusdan gündəlik ölənlərin sayı mini keçən ölkələrdə heç belə qadağa yoxdur. Pandemiya bitəndən sonra teatrların qapısı içəridən bağlı olacaq. Çünki 2-3 saatlıq tamaşanın hazırlanması üçün ən azı 3-4 ay zaman lazım olur.
Vaxt lazımdır ki, bir kəlmə sözün üstündə saatlarla işləyəsən, o kəlmə tamaşaçıya eyni məna ilə çatsın. Mənim oynadığım sevgini həkimə, müəllimə kəndliyə, uşağa eyni məna ilə başa salmalıyam. Bunun üçün aktyora zaman lazımdır”.
Bədii rəhbər deyir ki, pandemiya dövründə teatrların qapısı içəridən bağlı olmalıydı:
“Elə iş bölgüsü aparılmalıydı ki, az - az qruplarla maskada da olsa aktyorlar teatrlara gəlsinlər. Belə olardısa, aktyor formadan düşməyəcəkdi. Ölkədə teatrı tanıyan, bilən məmur çox azdır.
TƏBİB, Səhiyyə Nazirliyi və qərar verən qurumlar teatra uyğun qaydalar tətbiq etməli idi. Deməli idilər ki, oturun içəridə, işlərinizi görün. Sabah qapı açılanda tamaşaçı hazır məhsula baxmağa gəlməlidir. Teatrın ölmə təhlükəsi varsa, bu, teatrı tanımayan məmurların günahıdır. Pandemiya qaydalarına riayət edərək teatrı öz nəbzində saxlamaq lazım idi”.
Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə isə söyləyir ki, çıxış yolu olaraq işlərimizi online qurmağa məcbur olduq:
“Biz repertuarı da yeniləmişik. Kiçik tamaşalar da hazırlamışıq. Kollektivimiz teatr üçün çox darıxıb. Desələr ki, teatr bu gün açılacaq, biz qısa zamanda öz işimizin başında olacağıq. Bu bir il ərzində boş dayanmamışıq. Təbii ki, teatr əvvəlki kimi fəaliyyət göstərmir. Lakin biz öz işlərimizi davam etdirmişik. Teatrda cari təmir işləri aparmışıq.
Əgər pandemiya bitməsə, zala 25-30 faiz tamaşaçı qəbul etməklə fəaliyyətimizi davam edə bilərik. Müvəqqəti olaraq belə qaydanı da tətbiq etmək olar. Pandemiya dövründə teatrın xərclərini isə öz büdcəmizdən həll etmişik”.
Yuğ Dövlət Teatrının direktoru İslam Həsənov teatr canlı sənət növü olduğu üçün online tamaşa və məşqlərin özünü doğrultmadığını söyləyir:
“Teatr tamaşaçı ilə nəfəs-nəfəsə olmalıdır. Aktyor bir ildir ki, səhnəyə çıxmır. Bu da onların psixoloji durumuna pis təsir edir.
Çox istərdik ki, tamaşaçıların məsafəli əyləşməsi ilə tamaşalarımız bərpa olunsun. Teatr ictimaiyyəti çətin durumlar yaşayır. Bizim teatrın baş rejissoru Mehriban Ələkbərzadənin imzası ilə ara məsafəsi və ya iki-üç nəfərlik tamaşaların olması ilə bağlı təkliflər vermişik”.
Gülşanə Mustafayeva, Bizim.Media