Son vaxtlar Azərbaycanda istehsal olunan bir çox ərzaq məhsulları ilə bağlı narazılıqlar artıb. Apardığımız araşdırmalar sübut edir ki, bəzi məhsullar həqiqətən də istehlaka yararsız və insan orqanizmi üçün təhlükəlidirlər.
Oxşar problemlə bağlı Bizim.Media-ya müraciət edən şikayətçilərdən biri “Oba Market” şəbəkəsinin Kənd Əhmədli qəsəbəsində yerləşən mağazasından aldığı klassik “Qrill sosisləri”adı altında istehsal olunan məhsuldan şikayət etdiyini bildirib.
O, qeyd edib ki, axşam aldığı sosiskanı səhər bişirmək istəyərkən xoşagəlməz mənzərə ilə qarşılaşıb:
“Səhər sosiskanı yumurta ilə bişirmək istədim, amma yarasız hala düşdü və yemək mümkün olmadı. Buna görə də birini götürüb, həm keyfiyyətinə, həm də dadına baxmaq üçün bıçaqla kəsdim və bir dilim ağzıma qoydum. Dadı çox acıdır, sanki ət məhsulu deyil, bişmiş kağız yeyirdim. Bir neçə dəqiqə sonra boğazımda acılıq və yanğı hiss etdim.
Bişirdiyim yeməyi və kəsdiyim parçanı zibil qabına ataraq işə getdim. Axşam qayıtdıqdan sonra yenidən yoxlamaq qərarına gəldim və sizə göndərdiyim videoda olduğu kimi, əlimlə əzməyə başladım. Sanki əti deyil, palçığı əzirəm, yaxud əlimlə xəmir yoğururam. Videoda hər şey açıq görünür”.
Qeyd edək ki, sözügedən məhsul fiziki şəxs olan Vüqar Məmmədova (VÖEN - 1604408182) məxsus müəssisədə istehsal olunub. İlk baxışdan məhsulun qablaşdırılmasında da hər hansı problem yoxdur.
Amma...
Qablaşdırmanın üzərində, məhsulun tərkibində toyuq əti, bitki yağı, nişasta, içməli su, xörək duzu, natrium-nitril, ətirli istiot, sarımsaq, eləcə də stabilizator, emilqatorlar, turşuluq tənzimləyiciləri kimi qida əlavələrinin qatıldığı qeyd olunub. Hətta 100 qr məhsulda qida və enerji dəyərlərinin tərkibi də göstərilib. Bunlarla məhsulun keyfiyyətli olduğu mənzərəsi yaradılsa da, edilən şikayət və çəkilən foto-video görüntülər əksini sübut edir.
Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ilə müraciət etdik.
Qurumdan sorğumuza verilən cavabda, AQTA tərəfindən sözügedən istehsalçı müəssisədə bu ilin iyun ayında yoxlama aparıldığı və inzibati və qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlərin görüldüyü bildirilib:
Qeyd olunur ki, yaxın tarixlərdə yoxlama nəticəsində aşkar edilmiş pozuntuların müəyyən edilmiş müddət ərzində aradan qaldırılıb-qaldırılmaması üzrə təkrar yoxlama keçirilməsi nəzərdə tutulub.
“Yoxlamanın nəticəsi barədə məlumat veriləcək. Əlavə olaraq, istehlakçılar qida məhsulları ilə bağlı sualları yarandığı təqdirdə Agentliyin 1003 - Çağrı Mərkəzinə zəng vuraraq müraciət edə bilərlər. Müraciət daxil olduqdan sonra müvafiq araşdırmalar aparılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək” – deyə cavabda vurğulanıb.
Məqalədə adı çəkilən tərəflərin də mövqeyini işıqlandırmağa hazırıq.
Rövşən Ziya, Bizim.Media