Valideyn övladından, övlad isə valideynindən hansı hallarda İMTİNA EDİR? – Qanundakı BOŞLUQLAR

Hazırda oxunan: Valideyn övladından, övlad isə valideynindən hansı hallarda İMTİNA EDİR? – Qanundakı BOŞLUQLAR

150276

“Övladına qarşı zorakılıq və ya cinayət törədən ata, yaxud ana valideynlik hüququndan məhrum edilməlidir. Bu gün Azərbaycanda bu təcrübəyə çox az rast gəlinir. Halbuki Ailə Məcəlləsinin 12-ci fəslində bu barədə çox aydın müddəalar əks olunub”.

Bu fikirlərlə Bizim.Media-ya Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev çıxış edib. Onun sözlərinə görə Ailə Məcəlləsində valideynlərlə uşaqların bir-birinə qarşı hüquq və vəzifələrindən bəhs olunur. 

Bu fəsildə olan 64-cü maddənin valideynlərdən birinin, ya hər iksinin valideynlik hüququndan məhrum olunması təsbit olunub. Hansı hallarda məhrum edilə bilər, o da həmin fəsildə qeyd olunur:

“Uşağa lazımi qaydada baxmamaq, ona aliment ödəməmək bir haldır. Uşağa qaşı valideyni tərəfindən cinayət əməli olduqda bu da əsasdır ki, valideynlik hüququndan məhrum olunsun. Bu qanunun geniş aspekti yoxdur və əsası da azdır. 

Qanunda bəzi izahlara əslində aydınlıq gətirilməlidir. Məsələn, orada qeyd olunur ki, valideyn öz vəzifələrini yerinə yetirmirsə, valideynlik hüququndan məhrum edilə bilər. Bu məsələni dəqiqləşdirməyə ehtiyac var. Tutaq ki, uşaq kinoya getmək istəyir, ata, yaxud ana aparmırsa, bu, valideynin öz vəzifəsini yerinə yetirməməsi hesab olunur, ya yox?

Yaxud uşaq pis oxuyur, dəcəldi. Buna görə valideynə demək olarmı ki, o öz vəzifələrini yerinə yetirməyib? Bu, çox ciddi məsələdir və izahını açmaq lazımdır. 

Məsələn, alimenti qəsdlə ödəmədikdə valideyn hüququndan məhrum edilmə konkretdir. Söhbət qərəzli olma məsələsindən gedir. Yaxud ana doğum evində dünyaya uşaq gətirir və onu götürməkdən imtina edir. Bununla da o, öz valideynlik hüquqlarından məhrum olunur. Bu da konkret məsələdir”. 

Hüquqşünas deyib ki, bir şəxsin valideynlik hüququndan məhrum edilməsi, onu vəzifələrindən  azad etmir. Valideynlik hüququndan məhrum edilmə ilə bağlı qərar olsa da, həmin şəxs aliment ödəməlidir: 

“Valideynlik hüququndan məhrum olma cəza alan şəxsin övladı üzərində hüquqlarından məhrum edilmədir. Belə olan halda o övladı ilə münasibətdə hansısa hüquqdan istifadə edə bilmir. Lakin valideyn həyat tərzini dəyişdikdə, alimentlə bağlı öhdəliklərini və digər vəzifələrini vaxtında icra etdikdə, bu zaman onun valideynlik hüququ bərpa olunur. Həmin şəxs məhkəməyə müraciət etdikdən sonra onun işinə baxılır. 

Yerli icra hakimiyyətlərinin qəyyumçuluq, himayəçilik orqanları da bu işə cəlb olunur. Burada bir məqam da var: Uşaq 10 yaşa çatıbsa, valideynlik hüququndan məhrum edilən şəxsin valideynliyinin bərpası həmin uşağın razılığı ilə ola bilər”. 

Valideynlik hüququnun məhdudlaşdırılmasına gəlincə, hüquqşünas qeyd edib ki, valideyn psixi pozğunluq, xroniki xəstəliklərdən əziyyət çəkdiyi halda bu baş verə bilər:

“Valideyn alkoqol və narkotik istifadəçisidirsə, belə bir valideyn ailə üzvləri üçün təhlükədir. Ona görə də belə valideynlərin valideynlik hüququndan məhrum olunması çox vacibdir. Çünki belə olan halda, uşaqla ünsiyyətdə problemlər yarana bilər. Məcəllədə qeyri-müəyyən hal yaradan bir məqam var. Bu, valideynlik hüququndan sui-istifadədir. 

Sui-istifadəyə nə saymaq olar? Tutaq ki, valideyn uşağa dərsi pis oxuduğuna görə şillə vurub. Bu sui-istifadədirmi? Fikrimcə, bu boşluqlara ətraflı aydınlıq gətirilməlidir. Onu da deyim ki, təkcə valideynlik hüququndan məhrumetmə deyil, həm də valideynlik hüququnun məhdudlaşdırılması ilə bağlı müddəa var”.

Əsabəli Mustafayev onu da əlavə edib ki, valideynlərlə uşaqların bir-birlərinə münasibətdə hüquq və vəzifələri 18 yaşa qədərdir:

“18 yaşına çatan şəxs müstəqil insandır və qanunla bu şəxslərlə onun valideynlərinin bir-birinin qarşısında nə vəzifələri, nə də hüquqları var. Ona görə də 18 yaşdan sonra valideynlik hüququndan məhrum edilmə iddiası ilə məhkəməyə müraciət edilməsinin hüquqi əsası yoxdur. 18 yaşından sonra valideynin uşağa aliment ödəmək kimi bir vəzifəsi də yoxdur. 

Əgər uşaq xəstədirsə və qəyyumluğa ehtiyacı varsa, valideyn bunu etmirsə, uşaq məhkəməyə müraciət də bilər. Yəni uşağın 18 yaşı olandan sonra valideynin onun üzərində heç bir hüququ yoxdur. O hüququnun dayandırlması üçün də ehtiyac yoxdur. Uşaq azyaşlıdırsa, burada müraciət etmək üçün əsaslar var. 
14 yaşına qədər olduqda valideynlərindən biri, yaxud müvafiq qəyyumluq orqanları valideynlik hüququndan məhrum olunması üçün müraciət edə bilər. 14 yaşından sonra isə bunu uşaq özü də edə bilər. Yəni uşağın məhkəməyə müraciət hüququ yaranır. Amma məhkəmədə mütləq uşağın qəyyumu iştirak etməlidir”. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin