Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstititu Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşən tarixi abidədə fundamental qazıntı işlərinə başlayıb.
Bu barədə Bizim.Media-ya özəl olaraq Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji xidmət və yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri, Qusar ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev açıqlama verib.
Onun sözlərinə görə, fundamental arxeoloji qazıntı işlərinin hazırlığına bu il avqust ayının 3-dən start verilib və 1 ay ərzində burada əsaslı qazıntı işləri aparılacaq:
"Qazıntı yeri Qusar-Xudat yolunun Bədirqala kəndindən keçən hissəsində-yoldan 200 metr aralı, sağ tərəfdə yerləşir. Qazıntı işləri Qızılgül təpələri adlanan tarixi abidənin ərazisində aparılır. Şərti olaraq ərazini “Qızılgül təpələri-1” və “Qızılgül təpələri-2” adlandırmışıq".
Qusar ekspediyasının rəhbəri Qəhrəman Ağayev məlumat verib ki, bu tarixi abidəni bir neçə il əvvəl qızılaxtaran məsuliyyətsiz şəxslər vəhşicəsinə dağıdıb, abidənin mərkəzi hissəsini qazaraq bərbad hala salıblar.
Bu abidədə 2021-ci ilin yay ayında kəşfiyyat xarakterli arxeoloji araşdırma apardıqlarını deyən Arxeologiya, Etnoqrafiya və Antropoligiya İnstitutunun şöbə müdiri tariximizə belə kortəbii və qazanc məqsədi ilə yanaşan cahil şəxsləri bu cür hərəkətlərdən əl çəkməyə çağırıb:
"Və tariximizə belə qara əl uzadanlar məsuliyyətə cəlb olunmalıdırlar".
Qaldı ki, Qızılgül təpələrinin hansı dövrə aid olmasına...
Qəhrəman Ağayev bildirdib ki, ötən əsrin 70-ci illərində Elmlər Akademiyasının əməkdaşları burada qazıntı işləri apararkən Qızılgül təpələrinin ilkin orta əsrlər dövrünə aid olması qənaətinə gəliblər:
“Biz də 2021-ci ildə kəşfiyyat xarakterli qazıntı işləri zamanı bu faktı təsdiqlədik. Amma araşdırma və müşahidələrimiz göstərir ki, Qızılgül təpələrinin tarixi lap qədim dövrlərə gedib çıxır. Bu barədə qazıntı işlərinin sonunda ətraflı açıqlama verəcəyik”.
Qəhrəman Ağayev onu da açıqlayıb ki, Qızılgül təpələrində kəşfiyyat qazıntısı zamanı 10 kvadratmetr sahədə araşdırma aparılıb. O zaman həmin yerdən təsərrüfat quyuları, ocaq, təndir yerləri aşkar edilmişdi.
Onun sözlərinə görə, bu il qazıntı sahəsi də genişlənib. Qarşıdakı bir ay ərzində 100 kvadratmetr sahədə fundamental arxeoloji qazıntı işləri aparılacaq. Qazıntı işləri barədə əlavə məlumat veriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu