BİZİM TƏQVİM: 5 avqustda hansı tarixi hadisələr baş verib?

Hazırda oxunan: BİZİM TƏQVİM: 5 avqustda hansı tarixi hadisələr baş verib?

149468

Avqustun 5-i Hərbi Donanma Günüdür. Ümummilli lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Donanma Günü kimi qeyd olunur. 1992-ci il iyunun 26-da “Bakılı” keşikçi gəmisində Azərbaycan Respublikasının dövlət bayrağı qaldırılıb. 1996-cı ildə isə Ali Hərbi Dənizçilik Məktəbi əsasında Dəniz Akademiyası təşkil olunub.

Bəs, avqustun 5-də daha hansı hadisələr baş verib?

1. Yeni yaranan Türkiyə Böyük Millət Məclisi 5 avqust 1921-ci ildə Anadoluda yunan ordusunun irəliləməsinə qarşı Mustafa Kamal Paşanı "Baş komandan" elan etdi və ona 3 ay müddətinə fövqəladə səlahiyyətlər verdi.

2. 1876-cı ilin 5 avqust tarixində İsgəndəriyyə şəhərində əsli Livandan olan Səlim və Bişar Təklə qardaşları “Əl-Əhram”, yəni ehramlar, piramidalar qəzetinin ilk nömrəsini çapdan buraxdılar. Ərəbdilli dövri mətbuatın ən uzunömürlü və populyar qəzeti olan “Əl-Əhram”ın tirajı XX əsrin sonlarında 900 minə çatırdı. Hazırda həmin qəzetin redaksiyası Misirin paytaxtı Qahirədə yerləşir.

3. 5 avqust 1897–ci ildə Amerikalı iş adamı, ixtiraçı Tomas Alva Edison tərəfindən ilk reklam filmi istehsal edilib. 

4. İkinci Dünya Müharibəsinin gedişində - 1943-cü ilin 5 avqustunda uzun sürən ağır döyüşlərdən sonra Oryol şəhəri faşistlərdən azad olundu. Oryol üzərində qələbə bayrağını azərbaycanlı hərbçi, o vaxt yefreytor rütbəsində olan Hüseyn Əjdərov sancıb. Qeyd edək ki, Hüseyn Əsgərovun istifadə etdiyi silahlar hazırda Sankt-Peterburq hərbi muzeyində saxlanılır. 

5. 5 avqust 1944-cü ildə Rumıniyadan yola çıxan və faşistlərdən qaçan 383 yəhudini aparan "Mefkure" gəmisi Qaradənizdə naməlum sualtı qayıq tərəfindən batırıldı, 372 nəfər həyatını itirdi.

6. 5 avqust Burkina-Faso Respublikasının Müstəqillik Günüdür. Afrikanın qərbində yerləşən və Fransanın müstəmləkəsi olmuş bu ölkə 1960-cı ilin bu günü istiqlaliyyətini elan edib və 1984-cü ilə qədər Yuxarı Volta adlanıb.

7. Avqustun 5-i Beynəlxalq İşıqfor Günüdür. Bu tarix 1914–cü ildə ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində dünyada ilk işıqforların quraşdırılması ilə bağlıdır. Həmin işıqforların yalnız qırmızı və yaşıl işıqları var idi. Onlar xüsusi siqnalla təchiz olunmuşdular. Belə ki, işıqforun rənglərinin dəyişməsi xüsusi siqnallarla müşayiət olunurdu.

5 avqustda həm də bu adamlar xatırlanır:

1. Tanınmış rus rəssamı İlya Repin 1844-cü ilin bu günü anadan olub. İlya Repinin tarixi mövzuda işlədiyi “Çariça Sofiya”, “İvan Qroznı”, “Zaporojielilər türk sultanına məktub yazırlar” əsərləri dünya muzeylərini bəzəyir (1844-1939).

2. Böyük Fransa yazıçısı Qi de Mopassan 1850-ci ilin 5 avqustunda doğulub. “Gombul”, “Madmuazel Fifi”, “Pyer və Jan”, “Əziz dost”, “Mont Oriol” romanları ona dünya şöhrəti qazandırıb. Əsərləri bir çox dillərə tərcümə edilib, səhnələşdirilib və ekranlaşdırılıb (1850-1892).

3. Dünyaşöhrətli azərbaycanlı cərrah, akademik Mustafa Topçubaşov 1895-ci il 5 avqustda anadan olub. Orijinal diaqnostik və cərrahi metodlar haqqında təkliflər verən alimin tədqiqatalrı əsasən qarın cərrahiyəsi problemləri və ifrat patologiyaya aiddir (1895-1981).

4. 5 avqust 1962-ci ildə Amerikanın dünyaşöhrətli aktrisası Merilin Monro 36 yaşında həyatını itirdi. Hollivuddakı evində ölü tapılan məşhur ulduzun intihar etdiyi bildirildi (1926-1962).  

5. Minlərlə türkü Bolqarıstandan köçə məcbur edən və ölkəsini uzun illər diktatorluqla idarə edən Todor Jivkov 1998-ci ilin bu günü 87 yaşında öldü (1911-1998).

6. 5 avqust 1890-cı ildə opera müğənnisi, Xalq artisti Məmmədtağı Bağırov Bakıda doğulub. 1925-ci ildən Opera və Balet Teatrının solisti olub.

7. 5 avqust 1896-cı ildə  Xalq artisti, vokalçı Roman Maksimoviç Trifonov (1896-1966) Saratovda doğulub. 1948-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

8. 5 avqust 1937-cı ildə Xalq artisti, tanınmış skripka ifaçısı Sərvər Qəniyev (1937-2010) doğulub. Azərbaycan Dövlət Filarmoniyasının solisti, Qahirə Konservatoriyasında (Misir) kafedra müdiri (1971-1979), 1991-ci ildən Türkiyənin Bilkənd Universitetinin professoru, simfonik orkestrinin bədii rəhbəri olub.

9. 5 avqust 1950-ci ildə  teatr və televiziya rejissoru Eyvaz Vəliyev (1950-2002) Bakıda doğulub. Azərbaycan Dövlət Kukla Teatrında quruluşçu rejissor işləyib.

10.  5 avqust 1950-ci ildə Əməkdar mədəniyyət işçisi, teatrşünas Kəmalə Cəfərzadə (1950-2019) anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin