“Tikiş sexi açan məktəb direktorları var” – Deputatdan SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Tikiş sexi açan məktəb direktorları var” – Deputatdan SENSASİON AÇIQLAMA

149430

Yeni tədris ilinə sayılı günlər qalıb. Bu ilki tədris ili ərəfəsində valideynlərin qayğılarına yeni biri də əlavə olunub. Bu da yeni məktəbli formasıdır. Bildiyimiz kimi bu ilki tədris ilində məktəblilər vahid forma ilə dərslərə qatılacaqlar. Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni məktəbli formasının 4 nümunəsi hazırlanıb. Və məktəblər həmin nümunələrdən birini seçib valideynlərə təklif etməlidir. 

Hazırda məktəblərdə bununla bağlı vəziyyətin nə yerdə olduğunu tam öyrənə bilməsək də yeni formaların seçiminin məktəblərin üzərinə qoyulmasının yardacağı problemlər qaçılmazdır. Çünki, hər məktəb rəhbərliyi bir forma tələb edəcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Köhnə məktəbli formalarından İSTİFADƏ OLUNMAYACAQ – Nazirlikdən TAPŞIRIQ  


Lazım idi ki, ötən tədris ilin sonunda məktəb rəhbərliyi seçdiyi forma ilə bağlı valideynləri məlumatlandırsın. 

Apardığımız araşdırmalar nəticəsində hansısa məktəbdə bu istiqamətdə hansısa profilaktik iş aparılmadığını öyrəndik. Dərslərin açılmasına 1 ay qalmış valideynlərin bəziləri məktəb direktorlarından hansı nümunənin seçildiyini soruşsa da əksər valideynlər ticarət şəbəkələrində rastlaşdıqları formaları almaqla kifayətlənirlər. Təbii ki, bu cür nizamlanmamış fəaliyyət sentyabrda valideynlərlə məktəb rəhbərləri arasında ciddi narazılığa səbəb olacaq.

Məsələ ilə bağlı mllət vəkili Etibar Əliyevin fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, onda olan məlumata görə, bəzi məktəb direktorları işbazlarla birləşərək tikiş sexi yaradıblar:

“Orda özbaşına məktəbli forması tikirlər. Bəzi direktorlar isə bu sahədə təcrübəsi olmayan kiçik sexlərlə iş birliyinə gedirlər. Belə faktları eşitməyin özü belə məyusedicidir. Təhsillə bağlı istənilən məsələyə diqqətlə yanaşılmalıdır. Burda özfəaliyyət olmaz. Halbuki, indiki reallıq onu göstərir ki, bəzi adamlar məktəbli forması ilə məsələdə özfəaliyyətlə məşğuldur. 

Nazirliyin də bu məsələyə barmaqarası yanaşması da başadüşülən deyil. Baxmayaraq ki, təhsillə bağlı atılan istənilən addım zamanı qabaqlamalıdır. Əgər biz bir məktəbli forması problemini 10 ildir həll edə bilmiriksə hansı inkişafdan danışa bilərik?!”

Millət vəkili qeyd edib ki, məktəbli formasının tətbiqi məsələsi ortaya atılandan müxtəlif mübahisələr yaranıb:

“Baxmayaraq ki, ortada bir ideya var ki, məktəblilər vahid forma ilə təmin edilməlidir. Amma bu nəcib ideyanın ətrafında bu qədər manipulyasiyanın, bu qədər alverin, bu qədər söz-söhbətin olması sadəcə təəssüf doğurur. Yeni tədris ilinin başlanmasına 2 ay qalmış bu problem həll olunmalıydı. Keyfiyyətli xam mal, keyfiyyətli istehsal məsələsi öz həllini tapmalı idi. Və son nəticədə də valideynlər yeni tədris ilində öz uşaqlarını rahatlıqla məktəbli forması ilə təmin etməlidirlər. Amma görünən odur ki, ortada çox ciddi problemlər var. Hamı danışır. Lakin iş görən yoxdur. Təxminən 1 ay vaxt qalıb. Gəlin görək 1.5 milyon məktəbli forması hazırdırmı? Əminliklə deyə bilərəm ki, yox”.

Etibar Əliyev onu da əlavə edib ki, məktəbli forması təhsilin probleminə çevrilməməlidir:

“Bu gün təhsilin məzmununda, dərsliklərdə, müəllim hazırlığında, məktəb mühitində, valideyn- direktor münasibətlərində və digər məsələlərdə çox ciddi problemlər var. Bu problemlərin üstünə məktəbli formasını da yükləmək doğru deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin