Fransa getdikcə təklənir və küncə sıxılır. Bu təkcə Avropada baş verən proseslərdə deyil, həm də Cənubi Qafqazda cərəyan edən hadisələrdə özünü göstərir. Rəsmi Parisin birtərəfli mövqeyi erməni diasporunu məmnun etsə də bütövlükdə Fransanın maraqlarına ağır zərbə vurur.
Qəribə burasıdır ki, Fransanın ermənipərəst siyasəti davamlı olaraq uğursuzluğa düçar olsa da Yelisey Sarayında oturanlar bu siyasəti dəyişmək fikrindən çox uzaqdır. Elə ötən gün 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsinin Fransa hökumətinə müraciət edərək Qarabağdakı qondarma rejimə dəstək verilməsini tələb etməsi bunun əyani sübutudur.
MÖVZU İLƏ BAĞLI:
Öz ayıbına kor olan Fransadan NÖVBƏTİ TƏXRİBAT – Parisin bitmək bilməyən ERMƏNİ SEVDASI
Baxmayaraq ki, son bir həftədə Fransanın həm “humanitar dəhliz”, həm də insanlıq qatili Vaqif Xaçatryanın saxlanılması ilə bağlı apardığı kampaniya uğursuzluqla yekunlaşdı. Rəsmi Bakı Fransa və digər dövlətlərə bir daha sübut etdi ki, Azərbaycanla güc dilində danışmağın zamanı çoxdan keçib. Bununla belə erməni diasporunun pulları ilə yallanan Fransanın “siyasi elitası” dayanmaq fikrində deyil. Onlar yeni təxribatların sorağındadır.
Bəs, Fransa Azərbaycana qarşı hansı təxribatları törədə bilər?
Suala politoloq Tural İsmayılov aydınlıq gətirdi. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bir qayda olaraq Fransadan Azərbaycana qarşı hər zaman təzyiqlər və təxribatlar görmüşük:
“Son 30 ildə Fransa höküməti beynəlxalq hüququ heçə sayaraq Ermənistanın işğalçılıq siyasətini müdafiə edib. Və rəsmi Paris öz bədnam əməllərini bu gün də davam etdirir. Ona görə də Fransa ilə Azərbaycan arasında münasibətlər heç də arzuolunan səviyyədə deyil. Nə yazıq ki, Fransa Ermənistandan Azərbaycana qarşı bir təsir vasitəsi kimi istifadə edir.
Güclənən Azərbaycan və Türkiyə faktorunu özünə qarşı təhdid sayan Fransa hər iki ölkənin inkişafını əngəlləmək üçün əlindən gələni edir. Və bunun üçün Ermənistan kartından da yararlanmağa çalışır. Gözləmək olar ki, Laçın yolu ilə bağlı Milli Assambleyada hansısa qərar qəbul edilsin. Və yaxud Fransa Qarabağla bağlı hansısa təxribatçı addım atsın. Ona görə də bu iki məsələyə qarşı daim diqqətli olmalıyıq”.
Surxay Atakişiyev, Bizim.Media