BİZİM TƏQVİM: “Qisas” əməliyyatından bir il ÖTÜR

Hazırda oxunan: BİZİM TƏQVİM: “Qisas” əməliyyatından bir il ÖTÜR

149171

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 2022-ci ilin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusu bölmələrinin mövqelərini intensiv atəşə tutmağa başladı. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid oldu. 

Avqustun 3-də Azərbaycan Müdafiə Nazirliyi rəsmi olaraq "Qisas" antiterror əməliyyatı keçirdiyini bəyan etdi. Əməliyyat nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərməsinin qarşısı alınıb. 

Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan bölmələri tərəfindən nəzarətə götürülüb. Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Bəs, avqustun 3-də dünyada daha hansı hadisələr baş verib?

1. Kristofor Kolumb Hindistana getmək üçün 1492-ci ilin 3 avqustundan İspaniyadan 3 gəmi ilə çıxaraq qərbə doğru hərəkət etdi. Amma 63 gün sonra Amerika qitəsinə ayaq basan Kolumb bu torpaqların yeni qitə deyil, qərbi hind adaları olduğunu sandı.

2. 3 avqust 1527-ci ildə İngiltərə Krallığının Şimali Amerika ekspedisiyasının rəhbəri, dənizçi Con Rutun Kral Henriyə məktubu Şimali Amerikadan göndərilən ilk məktub hesab olunur.

3. 3 avqust 1778-ci ildə İtaliyanın Milan şəhərində məşhur La-Skala Teatrı açıldı. Həmin gün bəstəkar Antonio Salyerinin “Tanınmış Avropa” operasının ilk tamaşası oldu. Azərbaycanın tanınmış müğənniləri Şöfkət Məmmədova, Bülbül və Müslüm Maqomayev bu böyük sənət ocağında opera ifaçılığı sənətinin sirrlərini öyrəniblər. 

4. 1894-cü il avqustun 3-də ingilis alimləri Uilyam Ramzay və Con Uilyam Strett laboratoriya şəraitində ilk dəfə olaraq hava atmosferindən o vaxta qədər məlum olmayan qazı ayıraraq ona arqon adını verdilər. Yunanca arqon sözünün mənası “fəaliyyətsiz” deməkdir. Alimlərin kəşf etdikləri qaz digər kimyəvi elementlərlə qətiyyən reaksiyaya girmirdi. 1904-cü ildə həmin kəşfə görə Ramzaya kimya, Stretə isə fizika üzrə Nobel mükafatları verildi. 

5. 3 avqust 1907-ci ildə həftənin bazar günü Portuqaliyada istirahət günü elan olunub.

6. 3 avqust 1914-cü ildə Almaniya imperatorluğu Fransaya müharibə elan etdi. Eyni gündə İngiltərənin Osmanlı imperatorluğunun sifariş verdiyi “Sultan Osman” və “Reşadiye” adlı zirehli döyüş gəmilərinə əl qoyması məlum oldu.

7. 1940-cı ilin bu günündə Ribbentrop-Molotov paktının məxfi protokoluna müvafiq olaraq müstəqil Litva 3 avqustda SSRİ-nin tərkibinə daxil edildi. Avqustun 4-də Latviya, 6-da isə Estoniya SSRİ-yə ilhaq olundu.

8. 3 avqust 1946-cı ildə dünyada ilk əyləncə parkı ABŞ-ın İndiana ştatının Santa Klaus şəhərində açılıb.

9. 3 avqust Niger xalqının müstəqillik bayramıdır. Afrikanın şimal-qərbində yerləşən bu ölkə 1960-cı ilin bu günü istiqlaliyyətini elan edib. Həmin vaxta qədər isə Fransanın müstəmləkəsi idi. 

10. Sovet İttifaqı hava müdafiə sistemini aşaraq “Cessna” tipli təyyarəsiylə Moskvadakı Qırmızı Meydana enən alman pilotu Matias Rust 437 günlük həbsdən sonra 1988-ci ilin 3 avqustunda azad edildi.     

11. 3 avqust 1993-cü ildə Bakıda ilk beynəlxalq peyk rabitə sisteminin açılışı olub. ABŞ-nin “IDB” şirkətinin quraşdırdığı kompleks Azərbaycanı beynəlxalq telekommunikasiya sisteminə qoşub. Mərasimdə Ali Sovetin sədri, Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev iştirak edib.

12. 1999-cu ilin bu günündə Azərbaycanla Myanma arasında diplomatik əlaqələr qurulub.

3 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanın orta əsr görkəmli siyasi xadimlərindən olan Pərican xanım 1548-ci ilin bu günü dünyaya gəlib. Şah Təhmasibin qızı olan Pərican xanım güclü iradəyə malik qadınlardan və Səfəvilər sülaləsinin bilikli şəxsiyyətlərindən idi. Atasının vəfatından sonra bir müddət şahlığı öz əlində saxlayıb. Qardaşı Heydər Mirzə öləndən sonra yenə dövlət işlərini idarə edib. Sultan Məhəmməd Xudabəndə hakimiyyətə yiyələndikdən sonra Pərican xanım onun əmri ilə edam olunub (1548-1596).

2. 3 avqust 1865-ci ildə polşalı tanınmış memar, “Qafqazın Rastrellisi” adlandırılan Yuzef Qoslavski anadan olub (1865-1904). XIX əsrin sonu-XX əsrin əvvəllərində Y.Qoslavskinin layihəsi ilə bu gün Bakının memarlıq incilərindən hesab edilən bir neçə bina inşa olunub. Bakıda Tarix Muzeyinin, Əlyazmalar İnstitutunun binaları və s. Y.Qoslavskinin layihəsi əsasında tikilib.

3. 3 avqust 1933-cü ildə Əməkdar incəsənət xadimi, dirijor Ləman Həsən qızı Atakişiyeva (1933-2015) Bakıda anadan olub.

4. Azərbaycanlı hərbçi, Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Ələkbərov 1944-ci ilin 3 avqustunda vəfat edib.

5. Tanınmış Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fuad Qasımzadə 3 avqust 2010-cu ildə dünyasını dəyişib(22.10.1929-3.8.2010).

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin