Kiyevdəki “Kiy” restoranındakı qətl – Avropa Məhkəməsinin qərarı - Rövşən Əkbərovun həbsinin GİZLİNLƏRİ

Hazırda oxunan: Kiyevdəki “Kiy” restoranındakı qətl – Avropa Məhkəməsinin qərarı - Rövşən Əkbərovun həbsinin GİZLİNLƏRİ

14915

Xəbər verdiyimiz kimi, General Rövşən Əkbərov dünən hüquq mühafizə orqanları tərəfindən həbs edilib. General Azərbaycanlı iş adamı Elçin Əliyevin Kiyev şəhərindəki qətli ilə bağlı həbs olunduğu bildirilir. 

Düz 20 illik tarixi olan cinayət hadisəsinin indiyə qədər açılmaması və həbsin də məhz Azərbaycanda aparılan islahatların fonunda baş verməsi bu qətl hadisəsi haqda şübhələrin müxtəlif istiqamətlərdə haçalanmasına səbəb olub. 

Rövşən Əkbərov cinayət dosyesinin detalları haqda məlumatlar əvvələr də dərc edilib. Bu haqda həqiqətə uyğun olan və olmayan xeyli mülahizələr irəli sürülüb. Ona görə də hadisələrin təfərrüatına bir də varaq. 

Eldənizin restoranındakı mübahisə

Hadisə şahidlərinin deməsinə görə, mübahisə 1 iyun 2001-ci il tarixində Ukraynada məşhur restorator kimi tanınan Eldənizin işlətdiyi Kiyev şəhəri Mexaniztor küçəsində yerləşən “Kiy” restoranında baş verib.
 

4 nəfərlik ziyafətin sonunda general Rövşən Əkbərovla azərbaycanlı iş adamı Məzahir Şıxəliyev arasında mübahisə başlayır. General Məzahirə hücum edərək ona yağlı bir sillə də vurur.
 

MÖVZU İLƏ BAĞLI:

General Rövşən Əkbərovun həbs edilmə SƏBƏBİ


Mübahisəyə qatılan Elçin Əliyevlə generalın da sözü çəp gəlir. Bu zaman Rövşən bıçaqla Elçinin ürək nahiyyəsinə zərbə endirir. Elçin yaralansa da buna ciddi əhəmiyyət vermir, onlar birlikdə restoranı tərk edərək küçəyə çıxırlar. Elçinin vəziyyəti evinin qarşısına çatan vaxtı ağırlaşır və oradaca həyatını itirir. 

Hadisəylə bağlı uzun müddət istintaq işi aparılsa da hadisənin əsas səbəbi və cinayətkar aşkar olunmur. Və bundan sonra mətbuatın gündəmində müxtəlif versiyalar dolaşmağa başlayır. 

Ardınca Rövşən Əkbərovun həmin vaxt Ukraynada olmasını, qətldə iştirakını təkzib edən informasiyalar yayılır. Amma xatırladaq ki, Rövşən Əkbərov 2002-ci ildə Ukrayna Hərbi Akademiyasının müdavimi olub. Elə həmin ildən də general-leytenant rütbəsinə yüksəlib.

İş adamı Elçin Əliyev kim idi?



Elçin Əliyev 2000-ci ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyevdə uğurlu azərbaycanlı iş adamlarından biri kimi tanınıb. Onun həm Ukraynanın siyasi dairələri, həm də yerli azərbaycanlılar arasında böyük nüfuzu olub. Şöhrəti və vəzifəli əhatəsi o qədər artmışdi ki, mərhum iş adamının Azərbaycanda nazir olacağı barədə söz-söhbət də gəzirdi.

Lakin 2001-ci ildə onun Kiyevdəki “Kiy” restoranında qətlə yetirilməsi və qatil kimi Rövşən Əkbərovun adının hallanması gündəmi 180 dərəcə dəyişdi. 


Qətlə yetirilən Elçinin anası Səmayə Əliyeva isə cinayətin üstünün açılmasını istəyib və ittihamlarını Rövşən Əkbərova ünvanlayıb.



Mərhum iş adamının anasının müxtəlif qurum və mətbu orqanlara o zamankı məktubunda deyilir ki, “cinayət işinin istintaqı hələ Ukraynada aparılarkən qəsdən adam öldürmənin məhz Rövşən Əkbərov tərəfindən törədilməsinə dair sübutların mövcudluğu barədə məlumatlıydıq”.

Həmin faktlar arasında Elçin Əliyevin anası 2001-ci ildə Nazim İbrahimova (eks Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri) və digərlərinə telefon zəngi zamanı cinayəti Rövşən Əkbərovun törətdiyini deyir. Hadisə iştirakçısı mərhum Məzahir Şıxəliyev ( Məzahir Şıxəliyev bir neçə il öncə xərçəng xəstəliyindən vəfat edib) isə Rövşən Əkbərovun qorxusundan qaçıb gizlənir, öldüyü günə qədər bir daha Azərbaycana gəlmir. 

Həmçinin tibb ekspertin xəsarət barədə rəyi (6 iyun 2001) var ki, Rövşən Əkbərov Məzahiri də döyüb.

Ukraynadakı istintaq Elçinin adi soyuq silah yox, sırf süngü bıçaqla öldürüldüyünü müəyyənləşdirib. Həmin hərbi bıçaq isə dostlardan yalnız Rövşən Əkbərovun üzərində olurdu.
 

Araşdırmaların üzə çıxardığı digər maraqlı məqam həmin vaxt Rövşən Əkbərova saxta diplomatik toxunulmazlıq sənədinin verilməsi və şübhəlinin elə cinayət törədilən gün Ukraynanı tərk etməsidir.

 
Bütün bu dəlillərə rəğmən Rövşən Əkbərovun 20 ilə yaxın idi ki, həbs olunmaması mərhum iş adamının doğmalarını və hüquqi dövlətdə yaşayan çox insanı narahat edirdi. 

Hadisə ilə bağlı Avropa Şurasının qərarı 

Səmayə Əliyeva məktublarında yazıb ki, “cinayət işinin istintaqının uzun müddət aparılması (bunun hüquqi yardım göstərilməsi ilə əlaqədar bəhanələrlə əsaslandırılması), sübutların mövcudluğu vəziyyətində Əkbərovun məsuliyyətə cəlb olunmaması, cinayət təqibi orqanının və ona rəhbərlik edən şəxslərin astagəl davranışı müstəqilliyin deyil, asılılığın göstəricisidir.

Yeganə oğlunu itirən valideynlər kimi hesab edirik ki, şəxs yalnız poqona (rütbə) görə general olmur. Şəxs həm də düşüncəsinə, hərəkətlərinə, davranışına və əxlaqına görə general olmalıdır. Hörmətli məhkəmə isə cinayəti törədən şəxsin general, zərərçəkənin isə mülki şəxs olmasını əsas götürməlidir. Bizim son tələbimiz odur ki, bütün sübutlar ola-ola, nəyə görə Rövşən Əkbərov həbs edilmir?”

İllərlə ədalətli hökm gözləyən Səmayə Əliyeva cinayətlə bağlı Avropa Şurasına da müraciət (müraciət nömrəsi 35587/08) edib.

Avropa Şurasına müraciətdə Elçin Əliyevin 1 iyun 2001-ci ildə öldürüldüyü Ukraynada cinayət işinin qaldırıldığı haqqında məlumatlar var.

Qətldə iki əsas şübhəli var idi ki, onlardan biri Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı, digəri də general göstərilib. Avropa Şurasının rəsmi çıxarışında qeyd olunub ki, sonradan Ukrayna hökuməti cinayət işini Azərbaycan rəsmilərinə ötürüb.
 

2003-cü ilin fevral ayında generalın bıçaqlanma hadisəsini törətdiyi nəticəsinə gəlinib. Həmin ilin aprelində Rövşən Əkbərova qarşı cinayət işi açılıb. 


Avropa Şurasının bölüşdüyü məlumatda qeyd edilib ki, 2003-cü ilin sentyabrında kifayət qədər sübut olmadığından cinayət işi təxirə salınıb. Bu barədə zərərçəkən ailəyə məlumat verilməyib və onlarn davamlı şikayət məktublarından sonra 2007-ci ildə ildə cinayət işi ali məhkəməyə göndərilib. 

2010-cu ilin dekabr ayında məhkəmə ölüm hadisəsinin kim tərəfindən törədildiyini təyin etməyin çətin olduğunu əsas gətirib və proses 2013-cü ilin may ayına qədər bu şəkildə davam edib. 

Mərhum iş adamının yaxınlarının Avropa Şurasına ünvanladığı ərizələrdə Avropa İnsan Haqları Konvensiyasının 2-ci maddəsinə (yaşamaq hüququ) istinad edərək Azərbaycandakı məhkəmənin cinayət işinə qərəzli yanaşdığı göstərilir. Şikayətdə generalın məhkəmədə dindirlmədiyi və heç iştirak etmədiyi yer alıb. 

AŞ-nın rəsmi sənədində yazılıb ki, müvafiq konvensiyanın 43 və 44-cü maddələrinə əsasən cinayət işi barədə son qərar verilməyib. Məhkəmə qərarı qəti qüvvəyə mindikdən sonra icrasına nəzarət üçün Avropa Şurasının Nazirlər Komitəsinə göndəriləcək.

Məlum həbs, naməlum söhbətlər

Artıq general Rövşən Əkbərov hadisədə şübhəli kimi həbs olunub. Elçin Əliyevin yaxınları isə bu illər ərzində cinayət barədə müvafiq qurumların ölkə başçısına yanlış məlumat verdiyini iddia edərək deyirlər ki, “generalı müdafiə edənlər Prezidenti aldadıblar”.
 

Uzun müddət mətbuatın gündəmindən çıxmış hadisə generalın həbsindən sonra yenidən dövriyyədədir. Yenidən müxtəlif versiyalar və ilginc məlumatlar yayılmağa başlayıb.


Ən ilginc məqam isə iş adamı qətlə yetirilən zaman hadisə yerində kimlərin olması və dördüncü şəxsin kimliyidir. Əsas iddialardan biri isə cinayət hadisəsini 20 illik bir tarix ərzində hakimiyyətdə olanlardan kimlərin tərəfindən üstnün ört-basır edilməsidir. 

Hazırda isə istintaq davam edir. Həqiqət isə gec-tez öz yerini tutur, cinayət cəzasız qalmır!

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin