Reinteqrasiyanın Ermənistan tərəfindən əngəllənməsi ilə bağlı BƏYANAT 

Hazırda oxunan: Reinteqrasiyanın Ermənistan tərəfindən əngəllənməsi ilə bağlı BƏYANAT 

149022

Vətəndaş cəmiyyəti təşkilatları Azərbaycan Respublikasının Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyasının Ermənistan Respublikası tərəfindən əngəllənməsi haqqında bəyanat yayıb.  

Bizim.Media bəyanatı təqdim edir: 

Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin və qeyri-qanuni rejimin qalıqlarının öz siyasi məqsədlərinə çatmaq üçün yaratdıqları süni maneələrə cəlb etmək məqsədilə müştərək bəyanat yayırıq. 
Çoxmillətli ölkə olan Azərbaycan ərazisində yaşayan ermənilərin və digər etnik azlıqların bərabər hüquqlar çərçivəsində, dinc şəkildə yaşaya və işləyə bilməsi üçün əlverişli mühit yaradır.

Azərbaycan Respublikasının Konstitusiyası etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquqlar şamil edir. Azərbaycan öz Konstitusiyasına, qanunvericiliyinə uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyini də təmin edəcəkdir. 

Ermənistanın bir sıra məmurları tibbi evakuasiya üçün funksional olan Laçın yolu haqqında siyasi manipulyasiya və spekulyasiya yaratmağa çalışırlar. Bu iddialar tamamilə əsassızdır və təkzib edirik. 

Əvvəla, Laçın yolu Azərbaycanın suveren əraziləri daxilində yerləşir. Azərbaycan öz suveren hüququndan istifadə edərək, dövlət sərhədində “Laçın” buraxılış məntəqəsi yaradıb ki, bu da Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlıları tərəfindən də istifadə edilir.

Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul tarixli qərarı ilə Ermənistanın tələbini rədd etməklə yanaşı, Azərbaycanın sərhəddə keçid məntəqəsinin yaradılması ilə bağlı addımının suveren və qanuni qərar olduğunu bir daha təsdiqləyib. 

Azərbaycan tərəfinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarını ödəmək üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də bu yaxınlarda Ağdam-Xankəndi yolunun istifadəsini dəstəklədi. Beynəlxalq Qızıl Xaç Komitəsi də humanitar yardım üçün çox əlverişli və işlək olan bu yoldan istifadə etməyə hazırdır. Ağdam-Xankəndi yolu hər növ yüklərin daşınması üçün tam işlək vəziyyətdədir.

Amma qanunsuz rejimin qalıqları Qarabağda sadə erməniləri girov götürür və bu yoldan istifadə etməkdən imtina edirlər. 

“Humanitar böhran” iddiaları, Ermənistanın və qanunsuz rejimin qalıqlarının provokasiyaları yalnız siyasi tamaşadan ibarətdir. Ermənistan Qarabağdakı ermənilərin gündəlik ehtiyaclarının Azərbaycan hökuməti vasitəsilə asanlıqla həllinə mane olmaqla reinteqrasiya prosesini əngəlləyir. 

Beynəlxalq ictimaiyyət bilməlidir ki, Azərbaycan blokada yaratmır, əksinə, yardım təklif edir. Lakin qeyri-qanuni rejimin qalıqlarının təxribatları humanitar yardımdan imtina deməkdir.

Bu, həmin Ermənistan tərəfidir ki, 30 ildən artıqdır Naxçıvan Muxtar Respublikasını blokadada saxlayır. Bu blokada Naxçıvanın Azərbaycanın digər hissəsi ilə quru əlaqəsinə mane olur, insanların gediş-gəlişini və malların daşınmasını əngəlləyir. Davam edən blokada Naxçıvan əhalisinə, onların iqtisadi fəaliyyətlərinə, zəruri xidmətlərə çıxışına və öz ölkəsi daxilində hərəkət azadlığına ciddi təsir göstərir. 

Ermənistan rəhbərliyi və qanunsuz rejimin qalıqları Qarabağ bölgəsinin erməni sakinlərinə təzyiq göstərir, öz siyasi məqsədlərinə çatmaq və reinteqrasiyaya qəsdən mane olmaq üçün yerli sakinləri girov kimi istismar edirlər. Reinteqrasiya məqsədilə Azərbaycan yerli ermənilərlə fəal şəkildə əlaqə yaradır.

Bu məqsədlə Azərbaycandan təmsilçi qismində məsul şəxs təyin edilib. Lakin Ermənistan tərəfi danışıqlarda irəliləyişə mane olub və ilk görüşdən sonra aidiyyəti olmayan ilkin şərtlər irəli sürərək təmasları davam etdirmək üçün Bakıya gəlməkdən imtina edib. 
Azərbaycan Qarabağda su və elektrik təchizatı, nəqliyyat ilə bağlı problemləri həll etmək üçün ixtisaslı şirkətləri cəlb etməklə uğurlu layihələr həyata keçirib.

2020-ci il müharibəsinin ardınca Azərbaycan yerli ermənilərin də istifadə etdiyi yeni, müasir tələblərə cavab verən Laçın yolunu inşa etdi. Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası, eyni zamanda, onların yaşayış standartlarını da yüksəldəcək. 

Qeyd edək ki, azərbaycanlılar Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən, məsələn, Xocalıdan, Xankəndidən, Şuşanın kəndlərindən 30 il əvvəl qovulublar.

Azərbaycanlı keçmiş məcburi köçkünlərin Qarabağa qayıtmaları ermənilərin tez-tez istinad etdiyi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 7-ci maddəsində açıq şəkildə göstərilib.

Azərbaycan öz keçmiş məcburi köçkünlərinin doğma yurd yerlərinə dinc, ləyaqətli və təhlükəsiz şəkildə qayıtmalarını təmin edəcəkdir. 

Biz Ermənistan hökumətini təxribatları dayandırmağa çağırırıq. Çünki onlar Qarabağın erməni sakinlərinin Azərbaycana reinteqrasiyasına mane olur, regionda sülhə və təhlükəsizliyə nail olmaq üçün süni maneələr yaradırlar. 
Biz beynəlxalq təşkilatlara müraciət edirik ki, adekvat reaksiya versinlər və Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası prosesini dəstəkləsinlər. 

İmzalar: 

1. Erlina Burhan, Professional Koalisiya Təşkilatı, İndoneziya 

2. Ridivani Sadiki, Kənd Yerlərinin İnkişafı Naminə Vətəndaş Şəbəkəsi, Keniya 

3. Pərvanə Vəliyeva, Miqrasiya və Sağlamlıq üzrə Regional Ekspert qrupu, Azərbaycan 

4. Violet Vasonga, Nyando Sosial Ədalət təşkilatı, Keniya 

5. Patsi Stillo, “Partners in Health” təşkilatı, Amerika Birləşmiş Ştatları 

6. Çarlz Qvist, “Carepal” Fondu, Qana 

7. Peter Oviti, “Vot” Gəncliyin İnkişafı Layihələri Təşkilatı, Keniya 

8. Mahmud Husain, Beynəlxalq İnsan Hüquqları Komissiyasının fəalı, Hindistan 

9. Eliud Emeri, Turkana Bio Aloe Təşkilatı (TUBAE), Keniya 

10. Zişan Əhməd, ictimai fəal, Pakistan 

11. Haşim Əbdül Halim, Qərbi Benqal Hökumətinin Səhiyyə və Ailə Rifahı Departamenti, Hindistan 

12. Piter Musyoka, “Twene Mbee” Şəbəkəsi və İnkişaf Qrupu, Keniya 

13. Məryəm Daneş, ictimai fəal, Amerika Birləşmiş Ştatları 

14. Elyud İdoket, “Grassroots” Təşkilatları Konsorsiumu, Keniya 

15. Fred Vanyonyi, REDO təşkilatı, Keniya. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin